Zəfərimiz mənəviyyatımızı dirçəltdi

565

2020-ci ilin sentyabrında Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etmək üçün başladığı “Dəmir Yumruq” əməliyyatında misilsiz bir qəhrəmanlıq nümayiş etdirdi. İlk saatlardan cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı – hər gün irəliləyən Azərbaycan əsgəri kəndləri, şəhərləri, qəsəbələri bir-bir düşməndən təmizləyərək qələbə yolunda irəlilədi. Bu 44 gün ərzində xalqımızın böyük hədəfi – ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təmin olunması üçün silahlı qüvvələrimiz sona qədər mübarizə apardı.
Əks-hücum əməliyyatının ilk mərhələsində müzəffər ordumuz cəmi bir neçə həftə ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa kimi strateji əhəmiyyətə malik şəhərləri azad edərək düşmənin müharibə gücünü zəiflətməyi bacardı. 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu. Cəbrayıl və rayonun 90 kəndi, Füzuli və 53 kəndi, Zəngilanın Mincivan, Ağbənd və Bartaz qəsəbələri, Hadrut və ətraf 35 kənd, Qubadlı və onunla birlikdə 41 kənd, Tərtər, Xocalı və Laçın rayonlarında yerləşən kəndlər bir-bir düşməndən azad olundu. Murovdağ, Ağdərə, Bartaz kimi strateji yüksəkliklərdə qazanılan üstünlük isə ordumuzun gücünü və qətiyyətini bir daha sübut etdi.
Vətən müharibəsinin hər günü həm şərəfli, həm də unudulmaz xatirələrlə doludur. Azərbaycan əsgəri torpaqlarını işğaldan azad etməklə yanaşı, eyni zamanda bütün dünyaya xalqımızın iradəsini, qətiyyətini və torpaqlarına olan sarsılmaz bağlılığını nümayiş etdirdi. Bu qələbə tariximizə şanlı bir səhifə olaraq həkk olundu və xalqımızın milli ruhunu gücləndirən, gələcək nəsillərə qürurla ötürüləcək bir mirasa çevrildi.
Müharibə dövründə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı informasiya mübarizəsi beynəlxalq ictimaiyyətə ölkəmizin haqlı mövqeyini çatdırmaqda mühüm rol oynadı. Ölkə başçısı dünyanın ən nüfuzlu media qurumlarına 30-dan çox müsahibə verərək, münaqişə ilə bağlı həqiqətləri və Azərbaycanın mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırdı. Müzəffər Ali Baş Komandanın bu müsahibələri XXI əsr diplomatiyasının ən uğurlu çıxışları kimi yadda qaldı və ölkəmizi informasiya savaşında önə çıxardı.
Prezident İlham Əliyevin müharibə dövründə xalqa müraciətlərində “Dəmir Yumruq” ifadəsi Azərbaycanın güc və birliyini simvollaşdırırdı. Bu həm də ölkə daxilində milli həmrəyliyi və sarsılmaz birliyi ifadə edirdi. Müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımız, dünya azərbaycanlıları və haqq işimizi dəstəkləyən digər millətlərin nümayəndələri “Dəmir Yumruq” şüarı ətrafında birləşərək düşmənə qarşı mübarizə apardılar. Bu birlik və həmrəylik xalqımızın müharibədəki qətiyyətli mövqeyini və qalibiyyətini təmin etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” açıqlaması İkinci Qarabağ müharibəsi zamanı dövlətimizin gücünü və həmrəylik ruhunu daha da möhkəmləndirdi. Müharibə sonrası imzalanan Şuşa Bəyannaməsi ilə bu qardaşlıq və strateji müttəfiqlik zirvə nöqtəsinə çatdı. Türkiyə və Azərbaycan arasında olan müttəfiqlik yalnız hərbi sahədə deyil, iqtisadi, mədəni, təhsil və enerji sahələrində də əhəmiyyətli layihələrin həyata keçirilməsinə yol açdı.
Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbəni əbədiləşdirmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də digər orden və medallar şəhidlərin və müharibə iştirakçılarının şərəfinə təsis olunmuşdur. Eyni zamanda, Bakıda inşa edilən Vətən Müharibəsi memorial kompleksi və Zəfər Muzeyi Azərbaycanın qazandığı tarixi zəfəri xatırladır. Bu, xalqın birliyini və müharibədə göstərdiyi şücaəti gələcək nəsillərə ötürən abidələr olaraq əbədi bir məna daşıyır.
Bu orden və medallar təkcə hərbi uğurları deyil, xalqın birlik və həmrəyliyini də simvollaşdırır. Qazilər və şəhid ailələrinə göstərilən qayğı isə Azərbaycan dövlətinin və cəmiyyətinin bu qəhrəmanlara olan ehtiramını əks etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhid ailələrinə və qazilərə hər zaman dəstəklər göstərilir. Bu yardımların həyata keçirilməsi üçün yaradılan “YAŞAT” Fondu isə vətəndaşların təşəbbüsü ilə toplanan vəsaitlərdən istifadə edərək qazilər və şəhid ailələrinə dayanıqlı dəstək verir.
Müharibədə iradəmizi, əzmimizi təcəssüm etdirən şəhidlər və qazilər daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. İkinci Qarabağ müharibəsində öz canlarını Vətən uğrunda fəda etmiş qəhrəmanların ailə üzvləri evlərlə təmin olunur, qazilərə isə dövlətin dəstəyi sayəsində sosial müdafiə şəraiti yaradılır. İndiyədək 13 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin olunmuş, eyni zamanda minik avtomaşınları da qazilərin istifadəsinə verilmişdir. Bu, dövlətin öz qəhrəmanlarına göstərdiyi qayğının bariz nümunəsidir.
Bəli, gələcək üçün strateji hədəflərimiz sülh, inkişaf və regionda sabitlik üzərində qurulub. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz müstəqil xarici siyasət həyata keçirərək beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır. İndi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısı olaraq fəaliyyət göstərir və bu istiqamətdə həm iqtisadi, həm də diplomatik səylərini davam etdirir.
Xüsusilə qeyd edim ki, Böyük Qayıdış strategiyası işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və həmin ərazilərin modern infrastruktura çevrilməsini əhatə edən uzunmüddətli inkişaf planıdır. Prezident İlham Əliyev Böyük Qayıdış strategiyasını həyata keçirməklə Qarabağ bölgəsini ölkənin və regionun iqtisadi inkişaf mərkəzlərindən birinə çevirmək niyyətindədir. İnfrastruktur yenidən qurulur, yeni yollar çəkilir, elektrik enerjisi və su təminatı sistemləri modernləşdirilir. Azad edilmiş ərazilərdə müasir sənaye və kənd təsərrüfatı obyektlərinin, turizm məkanlarının yaradılması regiona iqtisadi cəhətdən yeni nəfəs gətirir. Azərbaycan bu ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr vasitəsilə həm daxili, həm də xarici investorların cəlb olunmasına şərait yaradır.
Bir sözlə, son illərdə əldə etdiyimiz hərbi və diplomatik uğurlarımız xalqımızın milli birliyini və əzmini bir daha təsdiqlədi. Vətən müharibəsinin şərəfli tarixi isə yaddaşımızda əbədi yaşayacaqdır. Azərbaycanın dövlət və cəmiyyət olaraq şəhidlərinə və qazilərinə göstərdiyi diqqət isə ölkənin mənəvi dəyərlərinə olan bağlılığının ən gözəl nümunəsidir desək, yanılmarıq.

Hacı Rauf Sərdarov,
Sumqayıt şəhəri “Cümə” məscidinin axundu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər