Zəlzələdə həlak olan tələbənin atasından ürəkdağlayan sözlər

1400

Ötən gün Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin meyitləri tapılıb. Cansız bədənləri dağıntı altından çıxarılan gənclərdən biri Gündüz Nəzərzadədir.

Modern.az xəbər verir ki, Gündüz Sumqayıt şəhərində anadan olub, 9-cu mikrorayon ərazisində yaşayıb. Ailədə iki qardaş olub. Yaxınlarının bildirdiyinə görə, Gündüz Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirib, sonra təhsilini qardaş ölkədə davam etdirmək qərarına gəlib.

“Gündüzün Arzuman adlı bir qardaşı var. O da Türkiyədə oxuyur. Gündüz Azərbaycan Tibb Universitetini bitirib, daha sonra Türkiyəyə gedib. Eskişəhər və Malatyada tibb üzrə uzmanlıq təhsili almağı planlaşdırırdı. Qardaşı Arzuman isə Türkiyənin Antalya şəhərində Akdeniz Universitetində turizm fakültəsində təhsil alırdı. Anaları evdar qadındır. Ataları isə əlinin zəhməti, qabarı ilə onları böyüdüb. Ataları Mübariz çalışırdı ki, hər iki övladı təhsilli olsun. Halal, zəhmətkeş ailədə böyüyüblər.

Atası onun ölümünü qəbul edə bilmir. Deyir ki, “mənim oğlum ölməyib, onu torpağa qoymayana qədər öldüyünə inanmayacam”. Gündüzün anası da şəkər xəstəsidir. Türkiyəyə gedəndən xəstəxanadır. Hazırda onlar hadisənin şokunu yaşayırlar. Qardaşı da pərişandır. Çox böyük faciədir, Allah səbr versin”, – deyə ailənin yaxınları bildiriblər.

 

1216436

Gündüzün Azərbaycan Tibb Universitetindəki müəllimi Aidə Bəndəliyeva da onunla bağlı xatirələrini bölüşüb.

“Ağıllı, tərbiyəli, savadlı, intizamlı, yaraşıqlı və çox da mehriban bir tələbə idi. Çox danışmağı sevməzdi, dərs zamanı hər dəfə mənalı suallar verərdi. Oxumaq, öyrənmək həvəsi böyük idi. Tələbələrdən soruşanda ki, gələcək planınız nədir, Gündüz deyirdi ki, “mən təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Ona görə də çalışıram ki, qiymət ballarım yüksək olsun”. Bu arzusuna çatdı Gündüz, amma nə yazıq ki, gələcək digər arzuları yarıda qaldı..”, – deyə müəllim qeyd edib.

Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalıblar. Onların cənazələri fevralın 16-da ölkəyə gətiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər