20 Yanvar faciəsi heç vaxt unudulmayacaq

519

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin nadir hallar olur ki, bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqını müstəqilliyə aparan yolda məşəl olan Qanlı Yanvar da məhz bu səhifələrdən idi. Hansı ki, bu tarix həm bir faciə, həm də qəhrəmanlıq və şərəf tarixi kimi xatırlanır.
33 il bundan əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Sovet İttifaqı “Azərbaycanı cəzalandırmaq” üçün birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif çaplı silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
Heç bir xəbərdarlıq və ya fövqəladə vəziyyət elan edilməməsi isə bu faciənin miqyasını daha da artırmışdır. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin xüsusi qəddarlıqla törətdiyi Yanvar qırğınında Bakı, Neftçala və Lənkəran da daxil olmaqla, Azərbaycanın bir neçə rayonunda 146 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdur.
SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə — Bakıya hərbi müdaxilə edirdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə ilə nəticələndi. Doğrudur, Sovet İttifaqının qoşun hissələri cəmi bir neçə saat ərzində Bakı və ətraf rayonlarda vəziyyəti tam nəzarətə ala bildi və Moskvanın hakimiyyətini bərpa etdi. Lakin Kreml bu qırğını törətməklə həm Azərbaycanı itirdi, həm də öz süqutunu daha da yaxınlaşdırdı.
Belə ki, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı və Kommunist Partiyasının minlərlə üzvü öz partbiletlərini yandırdı. Azərbaycanın müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Bu faciə həm də ümumxalq mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açdı. Əvvəlcə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu və hakimiyyətdə olduğu müddət ərzində faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi.
Təəccüblü deyil ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” – Ulu öndər Heydər Əliyev.
Ulu öndər Heydər Əliyev faciənin səhəri günü həyatını risk altında qoyaraq, oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və Bakıda baş verən qanlı qırğının günahkarlarını, Mixail Qorbaçovu və SSRİ hökumətini qətiyyətlə ittiham etdi: “Bakıda Sovet qoşunları tərəfindən Azərbaycan xalqına qarşı törədilən qanlı hadisə hüquqa, əxlaqa, mənəviyyata ziddir, xalqa qarşı tarixi cinayətdir”.
Moskvada – bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verməklə sübut etdi ki, bu ağır günlərdə Azərbaycanda – öz xalqı ilə birlikdə olmasa da, bu ağrını xalqla birgə yaşayır. Moskvada xüsusi nəzarət altında olduğunu, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyduğunu bilə-bilə Ümummilli liderimiz Azərbaycan xalqına qarşı Sovet ordusunun təcavüzünü pislədi, faciəni törədənləri, M.Qorbaçovu kəskin ittiham etdi, Sovet İttifaqı qoşunlarının dərhal Bakıdan çıxarılması tələbini irəli sürdü. Məhz Ulu öndərin bu addımı həmin çətin günlərdə xalqımıza dayaq və təsəlli oldu.
Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə də hər zaman böyük diqqətlə yanaşdı – Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.
Bu siyasəti davam etdirən ölkə başçısı, cənab İlham Əliyev də daima 20 Yanvar əlilləri və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir. Belə ki, ötən dövr ərzində məhz cənab prezidentin müvafiq göstəriş və tapşırıqlarına əsasən, əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradıldı, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edildi.
20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Bu qətliama ən doğru qiyməti də elə tarix özü verdi. Şəhidlərin qanı yerdə qalmadı, şər imperiyası dağıldı, Azərbaycan öz müstəqilliyinə qovuşdu, milli birlik və azadlıq arzusu qalıb gəldi.
İlk illərdə xalqımız üzləşdiyi bu müsibətlərin dəhşətindən 20 Yanvar qırğınına sırf faciə kimi yanaşırdısa, həmin günü ancaq hüzn günü kimi qeyd edirdisə, bugün həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda aparılan milli azadlıq hərəkatının zirvəsi kimi xatırlayır. Bəli, 20 Yanvar şəhidləri şücaət, mərdlik, qeyrət rəmzinə çevrilərək müstəqilliyimizə gedən yolun ilk addımını atdı, düşmənin xofunu məhv etdi və mənəvi zəfəri təmin etdi.
İllər ötsə də bu hadisələr qəhrəmanlıq və şərəf tarixi kimi Azərbaycan xalqının yaddaşında hər zaman qalacaq, xalqımız Azərbaycanın müstəqilliyi uğrunda ilk addımı atan qəhrəmanlarımızı heç vaxt unutmayacaq.

Həsən Həsənli
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin
Gənclərlə iş sektorunun baş məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər