20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir

344

20 Yanva faciəsinin 33-cü ildönümü ilə əlaqədar

Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin bununla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına 1990-cı il yanvarın 20-də sovet hərbi hissələri yeridildi və qanlı faciə törədildi.
1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 2400-da “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə qoşunlardan istifadə etmək niyyəti, aman verilməyəcəyi, fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi. Xalqa məlumat verilməsin deyə, yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdır.
Fövqəladə vəziyyətin yanvarın 20-də saat 2400 – da başlanmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən Türkan-Qala tərəfdən şəhərə yeridildi. ”Bakı əməliyyatı”na SSRİ müdafiə naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi.
Görunməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı heç bir günahı olmayan 147 nəfər dinc sakin öldürüldü. 744 nəfər yaralandı. 841 nəfər qanunsuz həbs edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da var idi.
Fövqəladə vəziyyət haqqında fərman artıq iş-işdən keçəndən sonra, yanvarın 20-də saat 7-də elan olunmuşdu.
Dinc əhaliyə qarşı həyata keçirilən 20 Yanvar qırğını zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları kobudcasına pozulmuşdur.
Xalqımıza və insanlığa qarşı törədilən cinayət nəinki keçmiş Sovet ittifaqında, o cümlədən bir çox ölkələrdə geniş əks-səda doğursa da, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçdilər. Çünki xalqımıza qarşı törədilənlərə laqeyid münasibətlərini ortaya qoyaraq sovet rəhbərliyinin qəzəbinə tuş gəlmək istəmirdilər
Həmin dövürdə xalqımıza ən böyük mənəvi dəstəyi Moskvada yaşayan və M.Qorbaçovun təqib və təzyiqləri ilə üzləşən ümummilli lider Heydər Əliyev verdi.
Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gəldi və törədilmiş faciə ilə bağlı bəyanat verdi.
20 Yanvar faciəsində əli olan Azərbaycan və sovet rəhbərliyini ifşa etdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir.
20 Yanvar faciəsinin xalqımızın tarixindəki yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.
Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyət sükanının arxasına keçən Ulu Öndər 20 Yanvar faciəsinin günahkarlarının araşdırılmasına xüsusi diqqət ayırdı.
Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərakatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
2000-ci il yanvarın 17-də Ulu Öndərin imzaladığı Fərmanla 1990-cı il Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əkili qoyur.
Prezident cənab İlham Əliyev 1990-ci ilin yanvarında şəhid olan oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verib.
Dövlət başçısının 19 yanvar 2006-ci il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikasının təqaüdünün təsis edilməsi haqqında “fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Prezident İlham Əliyev “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında “19 yanvar 2011-ci il tarixli fərmanı ilə isə bu hadisədə əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Prezident cənab İlham Əliyevin fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdir.
1990-cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir, ləyaqətini qorumaq üçün mübarizə aparmağa, bu yolda qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
30 ildən artıqdır ki, xiyaban insan selinə darlıq edir. Amma iki ildir bu müqəddəs ziyarətgaha qədəm basanlar qürurlu görünür, çünki “Qarabağ Azərbaycandır!”.

Dilbər Kərimova, Sumqayıt şəhər MKS-in Yaşıldərə yaşayış massivi Kitabxana filialın müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər