Azərbaycan qadınının cəmiyyət həyatının hər sahəsində rolu güclənib

615

XX əsrin ilk illərindən etibarən ailə və qadın mövzusu ziyalılar tərəfindən geniş şəkildə müzakirə edilən ən aktual məsələlərdən olmuşdur. Bu problem fərqli əqidə sahibləri tərəfindən ən müxtəlif kontekstlərdə dəyərləndirilmişdir.
Tarixə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişdir. Bununla belə, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almış oldu.
Hələ 1918-ci il qurultayında M.Ə.Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. M.Ə.Rəsulzadə deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Müsəlman dünyasında ilk dəfə olaraq  kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu. Bu Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.
Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Lakin, təəssüflər olsun ki, parlamentdə qadınlar təmsil olunmamışdı, çünki onlar rəhbər vəzifələrə öz  namizədlərini irəli sürməkdən imtina etmişdilər.
Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında  Əsasnamədə  təsbiti  oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı. Əsasnamənin 1-ci  fəslində deyilirdi: “Müəssislər Məclisi əhali tərəfindən cinsindən asılı olmayaraq və bərabər seçki hüququ əsasında, birbaşa və gizli səsvermə vasitəsilə, mütənasib nümayəndəlik əsasları təmin edilərək seçilən üzvlərdən ibarətdir”. 2-ci fəsildə qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər”. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara aktiv seçki hüququ vermək niyyətini bir daha təsdiqlədi.
Dövlət müstəqilliyinin bərpasının 30 ilini möhtəşəm uğurları ilə arxada qoyan Azərbaycan digər sahələrdə olduğu kimi, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sahəsində də əldə etdiyi təcrübə ilə nümunədir.
Ölkəmizdə qadınlara diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsidir və bu sahədə təkmil qanunvericilik bazası mövcuddur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev qadınların ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində irəli çəkilmələrinə xüsusi diqqət yetirirdi. Ümummilli Liderin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da Azərbaycanda qadın siyasətinin prioritetliyini təsdiqləyən amillərdəndir. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, qəbul olunan qanunlarda təkmilləşmə, hədəflərin uğurlu icrasına xidmət edən Dövlət proqramları, Fəaliyyət planları, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan təşəbbüsləri, həyata keçirdiyi layihələr dövlət qadın siyasətində yeni bir mərhələnin təməlini qoyub. Bu sırada dövlət başçısı İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını xüsusi qeyd etməliyik. Təbii ki, atılan hər bir addım Azərbaycanın bu gününə və gələcəyinə, kiçik dövlət kimi dəyərləndirilən ailə institutunun təkmilləşdirilməsinə, qadınların cəmiyyətdə rolunun artmasına və dövrün, zamanın çağırışlarının düzgün cavablandırılmasına öz töhfələrini vermələrinə yönəlib.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra – 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda qadınların kişilərlə bərabər hüquqlarının olması ayrıca müddəa ilə təsbit olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində yazılır ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır.
Azərbaycan Respublikasının milli qanunvericiliyində qadınların hüquqları aşağıdakı qaydada tənzimlənir:
Qadınların konstitusion-hüquqi statusu ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının “bərabərlik hüququ” adlı 25-ci maddəsi ilə müəyyən olunur. Həmin maddəyə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir; kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Qadınların konstitusion-hüquqi statusu 10 oktyabr 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə daha da konkretləşdirilir və dəqiqləşdirilir. Bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi kimi təsbit olunur.
Bundan əlavə qadinların siyasi hüquqları,əmək hüquqları və cinayət hüquqları və qadın hüquqları vardır.
2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINA uyğun olaraq
Son illər Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur.Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilmişdir. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılmış və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etmişdir.Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi “Minilliyin İnkişaf Məqsədləri”ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək qərara alınmışdır.

Lalə Ağayeva,
Nizami Gəncəvi adına Kitabxana Klubun multimedia mütəxəssisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər