Azərbaycan – Serbiya əlaqələri daha da genişlənir

415

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizlə dünya ölkələri arasında əlaqələr daha da genişlənir və güclənir. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycan ilə Serbiya arasında da münasibətlər yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının görüşləri mühüm əhəmiyyət kəsb edir. Dekabrın 21-də ölkəmizdə səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiçin Prezident İlham Əliyevlə görüşü və aparılan müzakirələr bu baxımdan xüsusi vurğulanmalıdır.Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmlidir.

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşdən sonra mətbuata açıqlamasında ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə sürətlə dərinləşdiyini qeyd edib. O bildirib ki, həm Serbiya, həm də Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət yürüdən və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir: “İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır”.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır: “Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir”.

Hazırda ölkələr arasında inkişaf edən əsas istiqamətlərdən biri də nəqliyyat və logistika sahəsidir. Dövlətimizin başçısı O, bu məsələyə diqqət yetirərək, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan və Serbiya ərazilərindən keçdiyini, bu sahədə kommunikasiyanın yaradılması istiqamətində hər iki ölkənin müvafiq qurumlarının fəal işləməli olduğunu xüsusi vurğuladı. Həmçinin enerji sahəsində əməkdaşlıq potensialının olduğunu xüsusi qeyd etdi: “Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək”.

Ölkə başçısı mətbuata bəyanatında iki ölkə arasında müdafiə sənayesi sahəsində də əlaqələrin inkişaf etdiriləcəyi mesajını verdi. “Serbiyada səfərdə olarkən biz, eyni zamanda, müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər verdik. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir”.

Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulub: “Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar”.

Mətanət Pirquliyeva, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər