Azərbaycanda idman bundan sonra da sürətlə inkişaf edəcək

357

Ölkəmizdə idman siyasətinin düzgün müəyyən olunması nəticəsində bütün sahələrdə olduğu kimi bu istiqamətdə də uğurlarımız hər il davamlı olaraq artır. Sevindirici haldır ki, idmana və idmançılara göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük nailiyyətlərə imza atır, Azərbaycanın bir idman ölkəsi olduğunu bütün dünyada təsdiq edirlər.
Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursla bağlıdır. Bugün isə ölkəmizin idman sahəsində inkişafı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildiyimiz kimi, dövlət başçısı cənab İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə müraciətində 2022-ci ilin uğurları fonunda 2023-cü ildə qarşıda duran vəzifələri açıqladı.
Yanvarın 9-da isə cənab prezidentin də iştirakı ilə Azərbaycanda hər il olduğu kimi idman yekunlarına həsr olunmuş mərasim təşkil edildi. Prezident İlham Əliyevin, Milli Olimpiya Komitəsinin (MOK) rəhbər şəxslərinin, idmançıların iştirakı ilə keçirilən tədbirdə idman uğurlarımız müzakirə edildi, yerli və beynəlxalq arenalarda böyük nailiyyətlərə imza atmış idmançılarımız mükafatlandırıldı. Həmçinin 2023-cü ildə görüləcək işlər, perspektiv və planlarla bağlı cənab prezident tərəfindən geniş məlumat verildi.
Tədbirdə çıxış edən ölkə başçısı cənab İlham Əliyev ötən ildə idman sahəsində görülmüş işləri yüksək qiymətləndirdi:
“Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”
Həmçinin, idmançılarımızın beynəlxalq yarışlarda 800-dən çox medal qazandıqlarını qeyd edən ölkə başçısı, onlardan 300-ə yaxınının qızıl medal olduğunu da xüsusi vurğulamışdır: “Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.”
Sirr deyil ki, Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınması, idmançılarımızın beynəlxalq arenalarda böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Məhz dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqəti respublikamızda idmanın davamlı inkişafı üçün zəmin yaradır. O da təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial və həyat səviyyəsinin yüksəldilməsi, daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyatmışdır. Bugün idmançılarımızın xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir.
Paytaxtla yanaşı, regionlarda da bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Bugün elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq arenalarda idmançılarımızın qələbələri, qazandıqları böyük nailiyyətlər birbaşa mədəniyyətimizin təbliğinə və gənclər arasında vətənpərvərlik ruhununun yüksəldilməsinə xidmət edir.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə tarixi sahibinə qovuşmuş torpaqlarımızda görülən işlərdən, həyata keçirilən sosial layihələrdən də ətraflı bəhs etdi: “Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq.” Dövlət başçısı bu məqamlara da diqqəti yönltdi ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur.”
Qeyd etmək yerinə düşər ki, indiyədək görülən işlər, reallaşdırılan çoxsaylı tədbirlər ölkəmizdə müxtəlif idman növlərinin populyarlığının artmasına, daha çox sayda gəncin öz həyatını idmanla bağlamasına da müsbət təsir göstərir. Son illərdə respublikamızda, nüfuzlu beynəlxalq yarışların, Avropa və dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. Qürurverici haldır ki, Azərbaycan ev sahibliyini üzərinə götürdüyü beynəlxalq səviyyəli turnirlərin təşkilində bir qayda olaraq özünün yüksək standartlarını müəyyən edir. Belə tədbirlər həmçinin cəmiyyətimizdə yüksək əhval-ruhiyyə yaradır, insanlara xoş ovqat bəxş edir.
Gənclərimiz də belə mötəbər yarışların təşkilində könüllü kimi iştirak etməyə böyük həvəs göstərirlər və təbii ki, onların idmana marağı da artır. Qazanılan uğurlar isə bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir: “Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir – yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır” – deyə, Prezident bildirib.
Onu da qeyd etmək lazımdır ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birlikləri də öz işlərini birmənalı olaraq Azərbaycan Respublikasında idmanın inkişafına sərf etmişdir. Onlar dövlətimizin dəstəyini daima hiss edərək öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəslin sağlamlığının qorunması və fiziki inkişafına nail olmaq, vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək prinsipi üzərində qurmuşlar. Bu idman təşkilatlarının yetirmələri vahid komanda şəklində fəaliyyət göstərərək beynəlxalq arenalarda yüksək zirvələr fəth etmiş, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla hər zaman sevindirmişlər.
Bütün bunlar ölkə idmanının əvəzolunmaz sərvətidir. Azərbaycan müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı, cənab Prezident ilham Əliyevin idmana və idmançılara göstərdiyi böyük diqqətin təzahürüdür.
Biz də, dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyir və əminlik duyuruq ki, Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və şanlı bayrağımız mötəbər arenalarda daim dalğalanacaqdır.

Pərviz Cəmilov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər