Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır

652

Azərbaycan Vətən Müharibəsində əldə etdiyi misilsiz qələbə ilə yeni reallıqlar yaratdı. Ölkəmiz regionda yaratdığı yeni reallıqlarla yanaşı iqtisadi və siyasi qüdrəti, beynəlxalq qurumlarda artan nüfuzu ilə də dünyada xüsusi diqqət mərkəzindədir. Dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışı və Ona göstərilən xüsusi diqqət ölkəmizə yüksək münasibətin daha bir təzahürü oldu.

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu fakt dostluğun və qardaşlığın əlamətidir. Azərbaycanın sammitdə iştirakı ölkələrimiz arasında birliyə dəlalət edur.

Dövlətimizin başçısı İlham Əliyevin işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və münaqişədən sonrakı dövr haqqında beynəlxalq ictimaiyyətə təqdimatı bir daha sülhə, əməkdaşlığa, birlik və həmrəyliyə çağırış oldu.

Dövlətimizin başçısı İlham Əliyevin təşkilatın tribunasından həm işğal, həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaqla bir daha sülhə, əməkdaşlığa, birlik və həmrəyliyə çağırışı etmiş oldu. Tədbirdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini qeyd edən Prezident İlham Əliyev bu dəvəti dostluq və qardaşlığın təzahürü kimi qiymətləndirdi. Vurğuladı ki, bu mötəbər Zirvə toplantısında iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir.

Prezident İlham Əliyev öz çıxışında Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılıq, kütləvi qəddarlıq barədə danışarkən bildirdi ki, dünya heç zaman bu hadisələri unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Cənab Prezidentin belə bir mötəbər tədbirdə Fransanın Əlcəzair xalqına qarşı törətdiyi cinayətləri bütün dünyanın nəzərinə çatdırması Fransanın daima Azərbaycana qarşı apardığı riyakar siyasətin fonunda Fransanın prezidentinə tutarlı cavabdır.

Prezident İlham Əliyev Sammitdəki çıxışında 30 illik işğal zamanı dünyada aparılan ikili standartlar siyasətinə diqqət çəkərək bildirdi ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma Azərbaycana gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.

Zirvə toplantısında Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini bəyan etdi və ölkəmizin bu istiqamətdə fəaliyyətindən danışdı.

Ölkə başçısı bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və ölkəmiz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilib. Bu isə Azərbaycanın mövqeyinə, eləcə də həyata keçirdiyi siyasətə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılıb. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu qeyd edən Azərbaycan Prezidenti bu əməkdaşlığın yaxın gələcəkdə genişlənəcəyinə, yeni xarakter və dinamika alacağına ümid etdiyini bildirdi.

Beləliklə, Prezident İlham Əliyev çıxışı ilə bir daha Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu. Eyni zamanda, dövlətimizin başçısının Əlcəzairə səfəri və səfər çərçivəsində Zirvə toplantısında iştirak etməsi Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafına töhfə verəcək. Əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcək.

Sevinc Qasımova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər