Azərbaycanın iqtisadi əməkdaşlıq əlaqələri durmadan artır

448

Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı və bu tədbir çərçivəsində keçirdiyi görüşlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın inkişafını və imkanlarını dünyaya təqdim etmək üçün mühüm platforma olan Davos Forumu çərçivəsində dövlətimizin başçısının bir sıra ölkələrin və dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər qarşılıqlı faydalı əməkdaşlıq baxımından çox vacibdir.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi xüsusi diqqət çəkirdi. Ölkə başçısı müsahibəsində bir sıra mühüm məqamlara toxundu, önəmli açıqlamalar verdi.

Azərbaycan-Çin münasibətlərinə toxunan Prezident İlham Əliyev möhkəm əməkdaşlıq platformasının yaradıldığını xatırladıb və 30 illik siyasi münasibətlər nəticəsində iki ölkə arasında tərəfdaşlıq və etibarlı dostluq münasibətlərinin qurulduğunu bildirib.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.

Xarici və yerli investisiyaların lazımınca qorunduğunu vurğulayan Prezident İlham Əliyev əlavə eidb ki, ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir;

Azərbaycanın Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyi ölkəmiz üçün çoxlu imkanlar yaratdığını qeyd edən dövlətimizin başçısı bildirdi ki, Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından biriniinşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.“Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı.

Dövlətimizin başçısı müsahibəsində Azərbaycan beynəlxalq tranzit imkanlarından söz açaraq bildirdi ki, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Avtomagistrallar və hava limanları kimi layihələrdə həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir.

Dövlətimizin başçısı müsahibədə eyni zamanda Azərbaycan-Çin əməkdaşlıq imkanlarının daha da genişləndiriılməsinin vacibliyini vurğulayıb: “Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir”.

Ölkə başçısı bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrildiyini qeyd edib. “Son bir neçə ay ərzində 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var”.

Pandemiya şəraitində öz vətəndaşlarının yanında olan Azərbaycan dövləti həmçinin beynəlxalq miqyasda özünü çox məsuliyyətli apardı. Prezident İlham Əliyev pandemiya dövrünə nəzər salaraq Azərbaycanın həmrəylik təşəbbüsləri ilə çıxış etdiyini bildirib: “1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Azərbaycan kasıblığın nə olduğunu yaxşı bildiyi üçün digər ölkələrə kömək əlini uzatdı. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik”.

 Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər