Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq sürətlə dərinləşməkdədir

374

Son illərdə Azərbaycanda iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, iqtisadi hədəflərin yeni mərhələyə qaldırılması, regionda və dünyada Azərbaycanın nüfuzunun və rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl işlər görülməkdədir. Xüsusilə, Böyük Qarabağ Zəfərindən sonra Azərbaycan dünyada daha iri siyasi və iqtisadi müstəvidə tanınmaqda, qəbul olunmaqda, həm də beynəlxalq təşkilatlarda qiymətləndirilməkdədir.

Belə ki, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi proseslərində görülən tədbirlər, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına başlanılması və regionda çoxsaylı beynəlxalq səviyyəli layihələrin, o cümlədən, 3 beynəlxalq hava limanının tikintisi və artıq ikisinin başa çatdırılması, dəmiryolu və avtomobil yolu xətlərinin istismara verilməsi, yaxın perspektivdə Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən tədbirlər Azərbaycanın regional müstəvidə gücünü və iqtisadi qüdrətini artırmaqdadır.

Lakin, hesab edirik ki, ən önəmli hadisələr enerji təhlükəsizliyi sayəsində baş verməkdədir. Azərbaycan Avropanın bir sıra ölkələri ilə həm ikitərəfli münasibətlər, həm də ümumilikdə Avropa Birliyi ilə enerji təhlükəsizliyinin təmin edilməsində önəmli funksiyaları yerinə yetirməyə başlamışdır. Azərbaycanın təbii qazı artıq Avropa bazarını fəth etməkdədir və bir neçə ölkələrlə yaxın illərdə uzunmüddətli qaz təminatı reallaşdırılacaqdır. Azərbaycan həm də Cənubi Qaz Dəhlizi boyunca özünün beynəlxalq nəql infrastrukturunu yaratmaqla, təbii qaz ixracatçısı kimi enerji layihələrinin həm təşəbbüskarı, həm də maliyyə donorudur. Son illərdə təbii qaz ixracının Avropaya artırılması təmin olunmuşdur, belə ki, 2021-ci ildə ixrac olunan 19 mlrd. kub. metr əvəzinə, 2023-cü ildə ixracın 24 mlrd. kub metrə çatdırılması nəzərdə tutulmuşdur.

Azərbaycan həm də Yaxın Şərq ölkələri ilə əlaqələrini genişləndirməkdədir. Dünyada bir çox qlobal tədbirlərin mərkəzi olan Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında iqtisadi əlaqələr artıq strateji münasibətlər müstəvisinə keçmişdir. Burada əsas etibarı ilə iqtisadi maraqların üst-üstə düşməsi və eyni zamanda, Azərbaycanın dünya bazarlarında xam neft məhsullarının, təbii qazın, neftkimya və elektrik enerjisi məhsullarının ixracı üzrə ixtisaslaşması boyük önəm kəsb etmişdir.

Digər tərəfdən, Azərbaycan yaxın perspektivdə dünyada baş verən qlobal hadisələrdən irəli gələrək, bərpa olan enerji mənbələrinin formalaşdırılması, enerji güclərinin yaradılmasında kifayət qədər fəallıq nümayiş etdirir və bu layihələrdə Yaxın Şərq ölkələri, o cümlədən, Birləşmiş Ərəb Əmirliklərindən olan investorların iştirakı kifayət qədər cəlbedici görünür.

Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq enerji imkanlarının mövcudluğu məlumdur və bunlardan səmərəli istifadə edilməsi, həm də ixrac təyinatlı infrastrukturun yaradılması xüsusi maraq kəsb edir və bununla bağlı olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” Şirkəti ilə bu istiqamətdə aparılan layihələr öz bəhrəsini verməkdədir və artıq bununla bağlı razılaşmalar imzalanmışdır. Belə ki, 4 qiqavatlıq külək və enerji stansiyalarının yaradılması nəzərdə tutulmuşdur və orta müddətli perspektivdə bu layihələrin gücünün 10 qiqavata çatdırılması gözlənilir.

Göründüyü kimi, yaşıl enerji sahəsində əməkdaşlıq baxımından Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha yüksək strateji səviyyədə genişləndirilməsinə yeni təkanverici imkanlar formalaşmışdır. Hesab edirik ki, həm də qeyri-neftqaz sektoru sahələrində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri arasında əlaqələr kifayət qədər səmərəli ola bilər.

Məlumdur ki, Dubay dünyanın ən önəmli ticarət mərkəzlərindən biridir və qeyri-neftqaz sektorunun inkişafı baxımından, burada toplanmış təcrübədən istifadə edilməsi daha çox fayda verə bilər. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinində dünyanın əksər investisiya şirkətlərinin və transmilli kompaniyalarının ofisləri və mərkəzləri vardır. Məhz belə bir şəraitdə Azərbaycandan olan şirkətlərin beynəlxalq səviyyədə təcrübə toplaması, daha fəal əməkdaşlıq etməsi, dövlət tərəfindən isə ölkəmizdə qeyri-neftqaz sahəsində investisiya mühitinin cəlbediciliyinin artırılması ilə bağlı yeni reallıqlar formalaşdırıla bilər. Bunlar isə öz növbəsində qeyri-neftqaz sektorunun müxtəlif sahələrinə xarici investisiyaların cəlb edilməsini intensivləşdirə bilər.

ŞƏFA ƏLİYEV,

Sumqayıt Dövlət Universitetinin professoru,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər