BDU-da Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

254

Bakı Dövlət Universitetində (BDU) Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev çıxış edib. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu elm və təhsil siyasəti, zəngin maarifçilik ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir. Ölkədə təhsilin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərinin müəyyənləşdirilib həyata keçirilməsi istiqamətində ali məktəblərin üzərinə şərəfli və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələrin həyata keçirilməsində SDU-nun da özünəməxsus yeri var. 1962-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunun tədris bazası kimi fəaliyyətə başlamış SDU 1992-ci ildə müstəqil Azərbaycan Sənaye İnstitutuna çevrilib. Bu təhsil müəssisəsinin yaradılması Sumqayıtın iqtisadiyyatı və sənayesinin inkişafına kömək edən texniki sahələr üzrə kadrların hazırlanması prosesinə, ekoloji problemləri olan şəhərin sağlam bir zonaya çevrilməsinə, elm, təhsil və mədəniyyətin inkişafına təkan verib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Sənaye Universitetinin bazasında Sumqayıt Dövlət Universitetinin yaradılması mühüm hadisəyə çevrilib. Hazırda SDU beynəlxalq standartlara cavab verən, yüksəkixtisaslı kadrlara malik universitetə çevrilmək istiqamətində uğurlu tədbirlər həyata keçirir. İdarəetmə sistemində yeni yanaşmalar təhsilin, elmin inkişafına, müasir texnologiyaların tətbiqinə zəmin yaradır.

Rektor qeyd edib ki, ölkəmizin elm və təhsil siyasətinin inkişafına öz töhfələrini verən BDU ilə SDU arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Elmi əməkdaşlıq, müdafiələrin təşkili, elmi-pedaqoji heyətin BDU-da təcrübə keçməsi, konfranslarda iştirak bu iki ali təhsil ocağı arasında əlaqələrin daha da güclənməsinə xidmət edir.

Tədbirdə, həmçinin SDU-nun rektoru Elxan Hüseynov, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, akademik Vasif Babazadə, SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı Adil Baxşəliyev, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov və başqaları çıxış edərək Sumqayıt Dövlət Universitetinin ölkənin ali təhsil sistemində oynadığı roldan, fəaliyyətindən, iki ali təhsil ocağı arasında əlaqələrin perspektivlərindən danışıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər