Bu gün xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

589

Xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağı oğlu Tağıyev 1823-cü il (bəzi mənbələrdə 1838) yanvar ayının 10-da Bakıda başmaqçı ailəsində anadan olub.

Bu gün Azərbaycanın tanınmış milyonçusu, mеsenat, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edib. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldib. Zeynalabdin 15 yaşında ikən bənnalıq etməyə başlayıb. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayıb və hər ikisində qabiliyyəti ilə uğur qazanıb. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu olub. Bütün müsəlman aləmində tanınmış milyonçunu Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özlərinə fəxri sədr seçiblər.

Nəriman Nərimanov Azərbaycan sovet hökümətinə rəhbərlik etdiyi dövrdə və sonra Moskvada fəaliyyət göstərən zaman Tağıyevə xeyirxah münasibət bəsləmiş, onu bolşevik hakimiyyətinin təhqiramiz tədbirlərindən qorumuşdur.

O böyük sərmayəçi olub, 1873-cü ildə neftçıxarma işinə sərmayə qoymuş, sahibkarlıq fəaliyyətinə başlamışdır. 1877-ci ildə 2-ci gildiya tacir rütbəsi almış, 1878-ci ilin əvvəlində Tağıyevin mədənində neft fontanının vurması onu Bakının zəngin sahibkarlarından birinə çevirmişdir. 70-ci illərin sonunda Tağıyev artıq 3 neft zavodunun sahibi idi. 1882-ci ildə 1-ci gildiya tacir rütbəsi almış, 1886-cı ildə “H.Z.Tağıyev” şəxsi ticarət evini təşkil edib. 1896-cı ildə Tağıyev firmasının neft hasilatı ən yüksək göstərici ilə (32 milyon pud) ən iri – “Nobel qardaşları” şirkətini geridə qoymuşdu. Tağıyev neft məhsullarının Xəzər dənizi və Qafqaz dəmir yolu ilə nəqli üzrə  firmalar qrupunun iştirakçısı olmuşdur. XIX əsrin 90-cı illərində məhz Tağıyev ilk dəfə Şuşa-Yevlax dəmir yolu çəkilişi lahiyəsini təklif etmişdir. XX əsrin əvvələrində təsisçisi olduğu “Kür-Xəzər gəmiçilik cəmiyyəti” Xəzər dənizində “Qafqaz və Merkuri” və “Şərq” şirkətlərinə qarşı dura biləcək yeganə qüvvəyə çevrildi. Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçi olmuşdur.

Bakıda toxuculuq fabriki tikilməsi təkcə Azərbaycanda qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən yeni sənaye sahələrinin yaradılması deyil, həm də minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi.

Tağıyev maarif və mədəniyyətin tərəqqisi üçün də misilsiz səy və xidmətlər göstərmişdir. Onun vəsaiti hesabına şeyxülislam Əbdüssəlam Axundzadənin “Tarixi-müqəddəs”, Sultanməcid Qənizadənin kitabları, “Əşari-Seyid Əzim Şirvani” kitabı, Nəriman Nərimanovun “Nadir şah” dramı və bir çox başqa kitablar çap olunmuşdur. O, Mahaçqala, Tiflis, Krım, Sibir, Moskva, Odessa, Vladiqafqaz, Həştərxan, Kutaisi, Peterburq, Volqaboyu, Xarkov və s. yerlərdə ana dilində məktəblərin açılmasına xeyli vəsait sərf etmişdi. Tağıyev 1895-ci ildə 57 min rubla “Kaspi” qəzetini almış və onun sahibi olmuşdur. “Kaspi” qəzetinin nəşriyyatında Quranı Azərbaycan dilində nəşr etdirmişdi. Qəzet və jurnalların nəşrinə (“Kaspi”, “Həyat”, “Füyuzat” və s.), mədəni-maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına xeyli vəsait sərf etmişdir.1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil məktəbi tikdirir. Bu məktəb bütün Zaqafqaziyada yeganə müsəlman qızlar məktəbi idi. Bu məktəb indiki AMEA-nın Əlyazmaları İnstitutunun binasında yerləşirdi. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin  açılmasına mane olur, cahil ruhanilər, qoçular qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Tağıyev çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Məktəbə qəbul edilən  58 qızın 35-i  yoxsul ailədən çıxmışdı.   Onların təhsil haqqını, yemək və geyim  xərclərini Tağıyev öz üzərinə götürür, o məktəbin fəaliyyətinə xeyli vəsait və əmək sərf etmişdir. Tağıyevin maarif sahəsindəki xidmətlərinin coğrafiyası daha böyük və genişdir.

Azərbaycanın XX əsr siyasi həyatında Tağıyevin fəal rolu olmuşdur. Tağıyev müsəlmanların mənafeyi ilə bağlı ictimai-siyasi məsələlərdə daim fəallıq göstərmişdir. 1905-ci ildə şəhər özünəidarəsi sahəsində müsəlmanların hüqüqlarının məhdudlaşdırılmasının ləğvi ilə bağlı olaraq tədbirlər görülməsini təklif etmiş, Əhməd bəy Ağayev tərəfindən Azərbaycan dilinə çevrilmiş 1864-cü il “Əsasnaməsi” onun köməyi ilə dərc olunmuşdu. O, Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatına (1905-1911) yardım olaraq pul vəsaiti və silah göndərmişdi. Arxiv sənədlərində “Difai” partiyasının təsisçisi kimi Tağıyevin adı çəkilir. O, gizli fəaliyyətdə olan “Musavat” partiyasına maddi yardım göstərmişdir. Hacı Zeynalabdin milli münaqişələr zamanı müsəlman əhalinin xilası istiqamətində zəruri tədbirlər görmüş, 1918-ci ilin mart  hadisələrində müsəlman müdafiə dəstələrinə maddi təminat göstərmiş, talan olunmuş kəndlərə İrandan ərzaq gətirib paylamış, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil  dövlətçilik mənafelərini dəstəkləmiş, dövlət tədbirlərində iştirak etmişdir. 1918-ci ilin martında dinc müsəlman əhaliyə qarşı erməniləri törətdiyi soyqımının qarşısını almaq üçün Dağıstan qüvvələrinin başçısı imam Nəcməddin Qotsinski ilə saziş əldə edilməsində Tağıyevin mühüm xidməti olmuşdur. Ermənilər mart qırğınları zamanı “Tağıyev teatrı” və “Kaspi” redaksiyasını da yandırmışdılar.

H.Z.Tağıyev 1924-cü il sentyabr ayının 13-də Mərdəkanda vəfat etmiş, Axund Əbuturab məqbərəsində dəfn edilib.

2022-ci il yanvarın 18-i xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan heykəlinin açılışı olub. Açılışda Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev də iştirak edib.

Humay Muradova, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər