Dünya azərbaycanlılarının həmrəyliyi günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

441

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müsteqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sanır.
İlk dəfə 1989-cu ildə, özü də ilin son günündə atdıq o addımı, daddıq o duyğunu. Naxçıvandan Astaraya qədər bizi bir-birimizdən ayıran tikanlı məftilləri söküb ayaqlar altına atdıq. 170 il bir-birinə həsrət qalmış insanların əlləri, baxışları qovuşdu, gözlərinin yaşı qarışdı. O dövr üçün bu, ağlasığmaz addım idi. Zarafat deyil, SSRİ kimi nəhəng bir imperiyanın, İran kimi sağına-soluna hədələr saçan bir ölkənin sərhədlərini dağıdırdıq o gün. Amma hər şeyi bir tərəfə qoyub bu acı həqiqəti, mənzərəni göz önünə gətirin ki, dağılan bu sərhədin o üzündə də, bu üzündə də bir xalqın ikiyə bölünmüş övladları üz-üzə dayanıb həsrətlə bir-birinə əl uzadır, göz yaşı tökürdülər. O gün biz bütövlük, böyüklük istiqamətində ilk addımımızı atdıq və həmin günü təqvimimizin ən parlaq günlərindən birinə çevirdik. O gün böyük Şəhriyarımızın:
“Bəsdir, fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!” – dediyi gündür, “Gülüstan” poeması ilə imperiyalara meydan oxuyan Bəxtiyarımızın gecəni səhərə qədər fərəhdən göz yaşı tökdüyü gündür. O gün böyük bir hərəkatın başladığı, ilk addımın atıldığı gündür. O gün rus silahı da, fars inadı da iki bölünmüş Azərbaycanın qətiyyəti qarşısında susmaqdan başqa çarə tapmadı. 1989-cu ilin 31 dekabrında başlayan o hərəkat 1992-ci ildə Azərbaycan Parlamentində rəsmiləşdirildi və Dünya Azərbaycanlılarının Həmrəylik günü ünvanı ilə təqvimimizdə yerini aldı. O gün, əslində, böyük başlanğıc günüdür, ümid yolçuluğunun başlandığı gündür.
Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Dünya azərbaycanlılarının həmrəyliyi günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildiyimiz kimi, 16 dekabi 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edilmiş və dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etmişdir.
Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin, Prezident İlham Əliyevin dövlət siyasəti elan etdiyi multikulturalizm doktrinasının millət quruculuğunda və milli həmrəyliyimizin formalaşmasındakı rolu əvəzsizdir. Dünya Azərbaycanlılarının Həmrəyliyinin və millət quruculuğunun bəhrəsini Vətən müharibəsində də gördük. Ermənistan və digər xarici qüvvələr Azərbaycanın etnik və dini mənsubiyyət baxımından zəngin bir ölkə olduğu üçün müharibənin gedişində kimlik zəminində nifaq salmağa cəhdlər etdilər. Elə cəhdlərə ən yaxşı cavab Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyyətindən asılı olmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları oldu. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Dünya Azərbaycanlıları isə müharibənin gedişində öz mənəvi dəstəklərini və doğma vətənlə həmrəyliklərini əsirgəmədilər. Şuşaya və işğaldan azad edilmiş digər ərazilərimizə diasporda olan həmvətənlərimizin səfərlərinin təşkil edilməsi isə həmrəyliyimizi daha möhkəm, mənəvi tellərlə bağlayır və millət quruculuğumuzun beynəlxalq uzantısını gücləndirir.
Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Xalqımız daim bir olmalı, dövlətimizin apardığı siyasəti və Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycanın inkişafını dəstəkləməli, Ali Baş Komandan, ölkə rəhbərimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməlidir. Biz, Heydər Əliyev dühasının əbədiliyini İlham Əliyev cənablarının müəyyən etdiyi dönməz, qətiyyətli, müdrik siyasətinə dəstək verməklə yaşatmalı, inkişaf etdirməliyik!
Xalq olmaq, millət olmaq-bir olmaq bir dövlətin gücünün rəmzidir. Həmrəy olmaq həmfikir, yekdil olmaq deməkdir. Həmrəy olmaq çəkici eyni mərkəzə döymək deməkdir. Həmrək olmaq əl-ələ addımlamağı bacarmaqdır, həmrəy olmaq məqsədə doğru gedən yolda ayrılmamaqdır. Həmrəy olmaq Vətənimiz üçün, Dövlətimiz üçün birgə çalışmaqdır. İstər iqtidar yönümlü, istərsə də müxalif yönümlü olun, istər liberal, idealist olun, istərsə də, konservativ, realist. İstər kosmopolit olun, istər millətçi, amma əgər bu Dövlətin vətəndaşıyıqsa, bu dövlətin varlığı, əzəməti, ucalığı üçün həmrəy olaq. Hakimiyyət, ideya üstündə olan mübarizəmizi kənara qoyaraq inkişaf, tərəqqi üçün bu dövlətin gələcəyi üçün birgə çalışaq. Hər bir millətin bir fəlsəfəsi var.
Azərbaycan həmrəyliyi, İsmayıl bəy Qaspıralının dediyi kimi, əldə, dildə, könüldə bir olmaqdır. Bir-birini incitmək deyil, süründürmək deyil, sevməkdir, qaldırmaqdır, uca tutmaqdır. “Birliyimiz varlığımızdır” həqiqətini yaşamaq, yaşatmaqdır Azərbaycan həmrəyliyi.
Bölünmədən, üz-üzə gəlmədən birləşməkdir, çiyin-çiyinə durmaqdır, haqlı olmaqdır, ədalətli olmaqdır bizim həmrəyliyimiz. Bu zamana qədər heç kimin bir qarış torpağına göz dikməmişik, torpağımıza göz dikənlərin də gözlərini oymaqdır bizim həmrəyliyimiz. Hər günü zəfər xəbərləri ilə şərəflənən bu günlər bizə Allahın lütfüdür və inanırıq ki, yaxın gələcəkdə biz təqvimdə ən gözəl günümüzü bayram edəcəyik. O böyük zəfərlə biz bir Azərbaycan kimi yenidən doğulmuş olacağıq. O zəfərdən sonra həyatımız yeni olacaq, sevgilərimiz yeni olacaq, bir-birimizə münasibətlərimiz yeni olacaq…
Azərbaycan həmrəyliyi, əslində, həmrəylikdən böyük anlayışdır. Bir-birinə söykənmək, bir-birinə dayaq olmaqdır. “Mənə canım-qanım qədər əzizsən”, “Biz birlikdə varıq, birlikdə güclüyük” deməkdir. Azərbaycan həmrəyliyi məhəlli düşüncəni aşa bilmək, Məmməd Arazın dediyi kimi, eyni zamanda təbrizli, gəncəli, dərbəndli, kərküklü ola bilmək, qollarını da, ürəyini də Azərbaycan boyda aça bilməkdir.Azərbaycanlılar–bizim tariximiz də birlik və bərabərlik ifadə edən fəlsəfəsi ilə tanınır.
Azərbaycanın ən böyük həmrəyliyi, doğmalığı, qardaşlığı bu gün yağı düşmənlə üz-üzə duran ordumuzun içində yaşanır. Əsgərlərimiz bir-biri üçün çəkinmədən sinəsini sipər edir, düşməni məğlub etmək üçün hər fədakarlığa qatlanırlar. Hansı rayondan, hansı ailədən gəlməyindən asılı olmayaraq bütün əsgərlərimiz təkcə həmrəy deyillər, həmsilahdırlar, həmkönüldürlər, həmürəkdirlər, can qardaşı, qan qardaşıdırlar. Bu doğmalıq sayəsində ordumuz torpaqlarımızı azad edir və inşallah yaxın günlərdə sonuncu düşməni də torpaqlarımızdan çıxarıb ölkəmizi boydan-boya bayram havasına bürüyəcək.
Ey əziz Şanlı Vətənimin vətəndaşları! 31 dekabr bizim həmrəylik günümüzdür. Allah bizə sözdə deyil, özdə bir olmağı, dünya durduqca əldə, dildə, könüldə bir yaşamağı qismət eləsin! Həmrəylik günümüz, zəfər bayramımız mübarək olsun!.. Bu millətin inkişafında və milli birliyin formalaşmasında daim Həmrəy olmaq ümidilə…
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi
Humay Muradova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər