Dünyadakı bütün xüsusi iqtisadi zonalarda Tailandın əhalisi qədər işçi çalışır

1252

Dünyada ilk xüsusi iqtisadi zona 1934-cü ildə ABŞ Konqresinin “Azad Ticarət Zonası Aktı”nı qəbul etməsindən sonra 1937-ci ildə Nyu Yorkda qurulub. İkincisi 1942-ci ildə ABŞ-ın sənaye firmalarını cəlb etmək üçün Puerto Rikoda, üçüncüsü isə 1959-cu ildə İrlandiyada (“Shannon Free Zone”) təşkil edildi. Hal-hazırda dünyanın 130-dan çox ölkəsində 4300 xüsusi iqtisadi zona fəaliyyət göstərir ki, bunlarda da 68 milyondan çox işçi çalışır. Müqayisə üçün qeyd edək ki, bu Tailandın əhalisinə bərabərdir. Xüsusi iqtisadi zonaların daha sürətlə yayıldığı Asiya regionunda (xüsusilə Çində) belə zonaların sayının 10% artımı, emal olunmuş sənaye məhsulu ixracını 1.1% artırır.

Ümumiyyətlə, xüsusi iqtisadi zonalar dəqiq coğrafi sərhədlər daxilində vahid idarəetmə sisteminə sahib olub xüsusi gömrük qaydalarının və əlverişli biznes prosedurların tətbiq edildiyi zonalardır. Buradakı investisiya şərtləri, beynəlxalq ticarət və gömrük qaydaları, tariflər və vergiləndirmə ölkənin digər ərazisində qüvvədə olan müvafiq norma və qaydalardan adətən daha liberal və effektiv olur. Xüsusi iqtisadi zonaların növlərinə azad iqtisadi zonalar, azad portlar, azad ixrac zonaları, ticari əməkdaşlıq zonaları, texnoloji inkişaf zonaları və s. daxildir.

Xüsusi iqtisadi zonaların sərmayə və ticarət dövriyyəsinin artırılması, yeni iş yerlərinin yaradılması, innovasiya klasterlərinin və effektiv idarəetmə modelinin qurulması kimi faydaları vardır. Belə zonaların yaradılması və fəaliyyəti ölkələrin milli inkişaf strategiyalarının tərkib hissəsi olanda onların iqtisadi effekti daha yüksək olur. Daha effektiv xüsusi iqtisadi zonalar ölkələrdən stabillik və təhlükəsizlik, təkmil biznes mühiti, inkişaf etmiş fiziki və maliyyə infrastrukturu, effektiv çalışan yerli idarəetmə, çevik tənzimləmə və mülkiyyət hüquqlarına hüquqi təminat tələb edir.

Fiskal stimulların mövcudluğu, ucuz ərazilər və işçi qüvvəsi, strateji yerləşmə, istehsal resurslar və idxal-ixrac baş verəcək əsas ticarət nöqtələri ilə “multimodal” əlaqələndirmə imkanları da önəmli şərtlərdəndir. Xüsusi iqtisadi zonalar logistika, maliyyə, biznes təhsili, elektron idarəetmə və digər biznes xidmətlərin inkişafına da təkan verə bilir. Konkret olaraq azad ticarət zonası isə elə bir sahədir ki, buraya mallar gömrük orqanlarının heç bir müdaxiləsi olmadan daxil olur, emal edilir, görünüşü dəyişdirilir və təkrar ixrac (re-eksport) edilir. Yalnız burada yenidən işlənən mallar azad ticarət zonası yerləşən ölkənin istehlakçılarına satılarsa bu zaman onlara gömrük rüsumu tətbiq edilir.

Azad ticarət zonalarının qurulmasında məqsəd malların hərəkətini bu zona daxilində yüksək gömrük tariflərdən və mürəkkəb gömrük qaydalarından qorumaqla ticarəti və investisiyaları artırmaqdır. Azad ticarət zonaları adətən gəmi və ya təyyarələrlə malların gətirilməsi və ya aparılması zamanı vaxt itgisi yaşanmaması üçün beynəlxalq dəniz limanlarında və beynəlxalq aeroportlarda, həmçinin ticarətdə coğrafi avantajlardan yararlanmaq üçün ölkənin sərhəd zonalarında qurulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər