Əsrarəngiz, məğrur Laçın həsrətinə son

537

Vüqarlı dağlar qoynunda yerləşən Laçın rayonunun 2020-ci il dekabrın 1-də işğaldan azad olunması böyük tarixi hadisədir, xalqımızın əvəzedilməz uğuru, möhtəşəm sonsuz sevincidir. Laçınla biz bütöv Azərbaycana qovuşduq. Bütöv Qarabağa qovuşduq.

1930-cu ildə inzibati ərazi vahidi statusu alan rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometr olan bu rayon 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Əhəmiyyətli geostrateji mövqeyə malik bu rayon xatırladaq ki, 18 may 1992-ci ildə işğal olunub. Bununla da ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyulub. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının işğalından sonra Ermənistan üçün bu yol açıldı.

Düşmən qüvvələrinin böyük hissəsinin Laçın dəhlizi vasitəsilə daxil olması faktiki
olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı. İşğal  nəticəsində Laçın rayonunun əhalisi etnik təmizlənməyə məruz qaldı. 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdı. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul oldu. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edildi və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisəyə çevrildi. Xalqımız özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində qazandığımız qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bununla da strateji əhəmiyyət kəsb edən bu yurd yerimiz 28 ildən sonra nəhayət, öz gərçək sahiblərinə qaytarıldı. Bundan əvvəl, noyabrın 9-u rayonun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 2020-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğuladı və bu münasibətlə bütün Azərbaycan xalqını və o cümlədən, laçınlıları təbrik etdi.  Ölkə başçısı bildirdi ki, Laçın Azərbaycanın ən böyük rayonlarından biridir və Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. Rayonunun təbii sərvətləri – meşə massivi və çay mənbələri haqqında da geniş məlumat verən Prezident bütövlükdə azad edilmiş bölgələrin iqtisadi gücünün, kənd təsərrüfatının, turizm potensialının çox böyük olduğunu vurğuladı. Çıxışının sonunda dövlətimizin başçısı qeyd etdi ki, bizim ölkəmiz üçün yeni dövr başlayır: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.
Bizə fərəh hissi yaşadan Ali Baş Komandanımıza, qəhrəman Ordumuza xalqımız çox minnətdardır. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Ölkə rəhbərimizin bütün azad olunmuş rayonlarmıza, kəndlərimizə, o cümlədən Laçına səfərləri bizi sevindirir, əhval-ruhiyyəmizi daha da yüksəldir. Onun hər səfəri ayrıca önəm daşıyır. Ötən il fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması, Generasiya gücü 8 meqavat olan Su Elektrik Stansiyasının açılışında iştirak etməsi mühüm hadisəyə çevrilib. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında başlıca rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrin icrasını elektrik enerjisi ilə təmin edəcək. Prezidentin 2021-ci il avqustun 16-da Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirakı, bu il iyun ayının 26-da Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, “Həkəriçay” su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti ilə yaxından maraqlanması böyük inkişafa təkandır. Sentyabrın 21-də isə Kəlbəcər-Laçın avtomobil yolunda yeni tikilən tunellə tanış olmuş, Laçın şəhərində Azərbaycan Bayrağını ucaltmış, burada inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
Qeyd edək ki, ölkə başçımızın sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometr təşkil edir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni isə 9-16 metr nəzərdə tutulub. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü də inşa ediləcəkdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq, onların ümumi uzunluğu 9450 metr olacaqdır. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş- enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulub. Rayonda heyvandarlığın inkişafı üçün də böyük imkanlar vardır. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq məcburi köçkünlərin doğma yurd- yuvalarına ən qısa zamanda dönməsi üçün işlər sistemli şəkildə həyata keçirilir, bütün imkanlar səfərbər edilir. Laçınlıların birinci qrupunun öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıtması nəzərdə tutulub. Bəli, Laçının siması yenilənəcək, müasirləşəcək və eyni zamanda, öz qədimliyini, tarixini qoruyub saxlayacaqdır. Biz bu torpaqlarda əbədi yaşayacağıq!

İlhamə Məhəmmədqızı, AYB və AJB-nin üzvü, “Sumqayıt” qəzetinin əməkdaşı

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər