Hayıf deyil Sumqayıt?!

3539

Rəhman ORXAN

Heç kəsin məsləhəti ilə oturub-durmaq lazım deyilmiş. Elə məhz oturub-durmağı da deyirəm. Yoxsa…

Son illər doğma Bakımıza gedib-gəlməyi heç xoşlamıram. Zəndi-zəhləm gedir. Paytaxtdan yox, onun qudurğan sürücülərindən. Bir də ki axı, Bakı çox basırıqdır. İllah da ki “20 yanvar” dairəsi tərəflər, avtovağzal… Oralarda nə it yiyəsini tanıyır, nə də ki yiyəsi – iti… Hayıf deyil Sumqayıt?!.

Bugündən etibarən isə Bakının avtobus sürücülərindən lap zəhləm getdi, nifrət elədim onların qudurğanlarına, qəpik üçün özlərini də, sərnişinləri də təhlükə altında qoyan, alçaldan o cür məlunlara.

…Dünən axşam çağı Keşləyə, əmioğlugilə getmişdim. Bu gün səhər tezdən çox yüksək olmasa da, babat ovqatla qayıdırdım geri. Bakı avtovağzalına gəlmək üçün “20 yanvar”da bir avtobusa minməli oldum. Adətən qısa məsafələr gedərkən oturmağı xoşlamadığımdan sürücünün yanındakı dəmir “dirək”dən tutub dayanmışdım. Kimsə ağarmış saç-saqqalımı görüb, hörmətlə orta cərgədəki boş yeri göstərib, əyləşməyi təklif etdi. Kaş, onun “məsləhətini” qulaq ardına vuraydım. Axı, əyləşmək fikrim yox idi. Ancaq ədliyyə polkovnik-leytenantı Əflatun Ağdaşlının (çox ziyalı, həm də bir çox özündən razı gənc şair və yazıçılardan fərqli olaraq zəngin mütaliəsi, ensiklopedik biliyi və gözəl yaddaşı olan bu adam həm də bir-neçə maraqlı, sənədli tarixi romanın müəllifidir) gecədən oxumağa başladığım yeni kitabının ardını oxumaq fikriylə əlimi dirəkdən üzüb, orta yerə keçmək istərkən nanəcib sürücü heç kəsin gözləmədiyi halda qəfildən sərt tormoz verdi və ağlıma-fikrimə gəlməyəcək hadisə baş verdi. Əlim tutacaqdan üzüldüyündən müvazinətimi itirib, “tir-tap” arxası üstə necə yıxıldığımı bilmədim. Başım avtobusun qabaq hissəsinə dəydi, uzalı vəziyyətdə qaldım. Həmişəki sərnişin sıxlığından fərqli olaraq, aralıqda məndən başqa heç kəs olmadığından, dayaq durub saxlayıb-tutan da olmadı. Bir cavan oğlan cəld köməyimə çatdı, qolumdan tutub ayağa qaldırdı… Sağ olsun.

İlk anlarda inana bilmədim ki, bu xoşagəlmız hadisə mənim başıma gəlib. Sürücünün eninə də, uzununa da söymək istəduim, ancaq and-aman elədi ki, qabaqdakı avtobus qəfil dayandı, ona görə əyləci basmalı olub. Və, düzü, orda fikrimə gəlmədi deyim ki, ay itin balası (cavan deyildi, 50-55 yaşı olardı), sən axı niyə heç olmasa, 5-6 metrlik də olsa distansiya saxlamırsan ki, belə təhlükəli situasiya yaranır? Gərək öz maşınını qarşıdakının lap dalına dirəyəsən?

…Təzə-təzə o qədər də ağrı-zad hiss eləmədim. Sürücü isə, iradımı bildirsəm də, heç əməlli-başlı üzr də istəmədi. Mənə ağır gələn həm də başıma gələn hadisənin mənəvi tərəfi idi – axı, mən niyə bütün sərnişinlərin gözü qabağında yıxılıb yerdə uzalı qalmalı idim?..

Nə isə… Vağzala çatıb, gediş haqqını verib (“haram-xoşu” olsun, burnundan gəlsin!), Sumqayıt avtobusu ilə doğma şəhərimizə qayıtdım. Lakin yol boyu başımda və bədənimdə ağrılar hiss etməyə başladım, ətrafı da əvvəlki kimi tam aydın görmürdüm. İndi, kəskin olmasa da, bel və baş ağrılarım da var.

Ancaq baş verən hadisədə indi sürücüdən çox özümü qınayıram. Mənə deyən gərəkdir ki, axı sən zalım oğlu adətən şəhər içi avtobuslarda oturmursan, bəs necə oldu ki, “başqasının ağlı” ilə əyləşmək fikrinə düşdün və niyə əlini tutacaqdan üzdün?

Həm də ona görə özümü qınayıram kİ, başqalarının başına bu və ya digər xoşagəlməz hadisə gəldikdə, hər ehtimla qarşı bəzi məlumatları təcili götürən mən zalım özümün başına gələn bu hadisə ilə bağlı heç bir məlumat (nə marşrutun nömrəsini, nə avtobusun hara, kimə məxsus olduğunu, nə də sürücünün kimliyini) öyrənmədim. Təzminat və s. tələb etməyi demirəm (belə işləri bacarmıram), heç olmasa, marşrut sahibinin və sürücünün yuxarı instansiyalar tərəfindən cəzalandırılması, lap elə yeri gələrsə, məhkəməyə vermək üçün. Çünki hələ bilmirəm ki, bədənimdəki və başımdakı ağrılar hansı fəsadlarla nəticələnə bilər. Təkcə onu bilirəm ki, vəziyyətim hadisə baş verənə qədər olduğu kimi yaxşı deyil (səhər rentgendən, UZİ-dən keçəm gərək).

Başıma gələni uzun-uzadı yazmaqla demək istəyirəm ki, heç vaxt başqasının ağlı ilə oturub-durmayın. Özünüz necə düşünürsünüzsə, ö cür də hərəkət edin. Bir də ki, avtobusda gedərkən (qoca, cavan – hamı!) hökmən tutacaqdan yapışın, əlinizi ondan üzməyin – düşənə qədər. Çünki bilmək olmaz, nə baş verə bilər. Sürücülərə etibar yoxdur.

Və axı, deyəsən, düz deyiblər ki, sürücülər (bu, yaxşılarına qətiyyən aid deyil !) sonuncu, lap axırıncı “millət”dirlər. Lap axırıncı!.. Ondan o yanası yoxdur…

Bir-neçə gün əvvəl bir nadürüst sürücünün avtobusu aşırıb, 20-yə qədər sərnişini şil-küt etməsi də deyilənin daha bir acınacaqlı sübutudur…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər