Kişiyə söyüşünü udan “arvad” lazımdır…

1779

Nərmin Dadaşova

Hər bir qələm adamının- qadınının daha doğrusu, yaradıcılığı boyu bir dənə də olsun kişilərdən “dad döydüyü”  məqaləsi, hekayəsi, şeiri var. Evdar qadını da narazıdı, həkimi də, mühasibi də, baş redaktoru da nə bilim, saç ustası da, jurnalisti də.  Di gəl, subay bacımızı  bəyaz paltarda  gəlin görmək, “podruqa”mızın toyunda sındıra-sındıra süzmək ən ümdə arzularımız, qonum-qonşunun qızını güdmək, qardaşımıza, əmimiz oğluna  həmin qızlardan “ən məsləhətlisini” bəyəndirmək isə mühüm həyat hadisələrimiz olmaqdan çıxmır əsrlərdir.  “Hamı evlənməlidir”, “heç kim boşanmamalıdır”- feil feil olalı, görmədi belə “malı,məli” – arxadaş.  Sözü salsan xoşbəxtlikdən, dahilərdən biri başlayacaq ki, “Xoşbəxt həyat olmur, həyatda xoşbəxt anlar olkklılıgkcıknıksjlbclkı”.

Bir neçə gündür sosial şəbəkələrdə onurğa iflicindən əziyyət çəkən xanəndə Könül Xasıyevanın toyundan olan kiçik bir videogörüntü  paylaşım rekordu qırır. Videoda Könül xanım ömür-gün yoldaşının əlindən möhkəmcə tutaraq oxuyur: “Sızlayır əhvalıma sübhə qədər tarım mənim,  təkcə tarımdır, qara günlərdə qəmxarım mənim…”  kədərlidi.  Toy günlərində sevgilisinin əlindən yapışıb bu sözləri oxumaq, doğrudan da kədərlidir. Qadın böyük varlıqdır, bilir, duyur hər şeyi. Altı ay sürən evliliyi xəstəliyə tutulmamışdan bir az əvvəl bitir gözəl xanəndənin. “Kişiyə “arvad” lazımdır, mən ona arvadlıq edə bilmirdim” – deyib,  dəyişmiş səs tonu, çətinliklə idarə etdiyi üz mimikaları  ilə  gülüb,   şişkin əlləri ilə gözünün nəmini sildi. Sonra, “Mən onu indi də sevirəm, ləyaqətli adamdır” dedi. Bununla da keçmiş ömür-gün yoldaşının üstündən bütün qınaq yükünü götürüb bir kənara qoydu. Qadın ki, qadın…

Hə, oxucu dost, bu “kişiyə arvad lazımdır” söhbətidi mənim ilk abzasdakı deyinməkliyimin səbəbi. Kişiyə köynəyini ütüləyən, paltarını yuyan, uşaqlarına baxan, kötəyinə dözən, söyüşünü udan “arvad” mütləq lazımdır. Bəs qadına nə lazımdır?  Bunca şeyin qabağında bir də bizim istədiyimizə baxın, siz allah – sevgi.  Bah!

Əslində bütün bunlar yurdum insanı üçün problem olmaqdan çoxdan çıxıb. Heç bir qanuna əməl edilmədiyi  qədər dəqiq əməl edilir bu  dəhşətə.  Kişiyə təklik yaramaz, kişinin təkliyi, qadınınsa ikiləşməsi faciədir … Bir türk bloger yazmışdı ki, “Azərbaycanlı qızlara salam verən kimi gəlin paltarlarını geyinirlər…” Adam haqlı, ilk görüşdən beyinlərində elçilik get- gəlləri, nişan biş- düşləri keçir qızlarımızın. Neyləsinlər, bu  bozxana başqa cür yaxınlaşdıra bilmir əks qütbləri bir-birilərinə. Tanımırıq bir-birimizi, sevə bilmirik, zövqlərimizi, dünya görüşümüzü heç nəyimizi öyrənmədən birbaşa yatağımızı bölüşürük . Sonra da nə yaşaya bilirik, nə boşana…

Könül xanımın  müsahibəsinin altında başqa bir qadının öz əri haqqında kədərli açıqlamasını oxudum  bayaq. Bilirsiz kimin? Ancelina Colinin. Bred Pitlə ayrılıblar. Ağır xəstəlikdən əziyyət çəkən Coliyə ömrünün ən pis günlərində əri dəstək olmayıb. Dünyanın gözü onlardadır. Coliyə oxşaya bilmək üçün dəfələrlə  plastik əməliyyat keçirən qadınlar var.  Di gəl, Tükəzban taleyi yaşayır, bəxtsiz qadın. Adımız başqa, soyadımız başqa, dərdimiz eyni. Bir Yunan haykosunu xatırladım, “Hər yerdə eyni cür üşüdür külək…”  qafqazinfo.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər