Konkret və mükəmməl hədəflər

357

Ölkə başçımızın yanvarın 10-da yerli televiziya kanallarına növbəti müsahibəsi son dərəcə səmimi, dolğun və əhatəliliyi ilə hamımıza nikbin ovqat bəxş etdi. Xalqımızı düşündürən və qayğılandıran proseslərdən olduqca təsirli və maraqlı açıqlamalar hər kəsin ürəyindən xəbər verdi. Diqqətimizi çəkən, bizi xoş gələcəyə ümidləndirən hadisələr haqqında geniş bəhs etdi. Yüksək əhval-ruhiyyə ilə izlədiyimiz bütün açıqlamalarda əhaliyə mühüm mesajlar ötürüldü.
Dövlətimizin başçısı müsahibədə ölkəmizin siyasi və iqtisadi gücündən danışdı, konkret rəqəmlərlə görülən və nəzərdə tutulan layihələr haqqında geniş hesabat verdi.
Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını bildirdi. Vurğuladı ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər, şübhəsiz bu, böyük rəqəmdir və Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Məhz bütün bunların fonunda Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir.
Xalıqın rifahı naminə atılan addımlar, görülən sosialyönümlü tədbirlər, gerçəkləşdirilən və ya planlaşdırılan irimiqyaslı iqtisadi layihələr, eyni zamanda, hərbi sahədəki davamlı islahatlar, ordunun ardıcıl gücləndirilməsi haqqında müsahibə zamanı dedikləri ilə dövlət başçısı yerli və beynəlxalq ictimaiyyətdə Azərbaycanın artan gücü barədə aydın təsəvvür yaratdı.
“İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq… Və hesab edirəm ki, bu gün – artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.” – söyləməsi Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurun göstəricisidir.
Cənab Prezident müasir dünyadakı qlobal problemlər və kəskin münaqişələr barədə də fikirlərini bölüşdü.
Digər konseptual məqama – sülh müqaviləsi mövzusuna toxunan Prezident İlham Əliyev birbaşa formada ifadə etdi ki, sülh Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. “Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq… Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik”.
Qərbi Azərbaycan məsələsinə də diqqət ayırdı. Bu məsələ ilə bağlı fəaliyyətdə də uyğun məqamın yetişməsinin vacibliyini diqqətə çatdırdı. Açıqladı: “…Prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək… Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq… Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək”.
Eyni zamanda, Laçın-Xankəndi yolundakı ekoaksiya barədə fikirlərini də açıqladı. Oradakı fəal gənclərimizin fəaliyyətini yüksək qiymətləndidir, həmçinin onları daha artıq ruhlandırmış oldu: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”.
Bir sözlə geniş və əhatəli müsahibə ölkə həyatında baş verən mühüm hadisələrin şərhi ilə, dövlətin perspektivi istiqamətində, gələcək hədəflərində atılacaq önəmli addımlarla yadda qaldı, xoş müjdələrdən xəbər verdi. Qüdrətli Azərbaycanımızın qurucusu kimi səlis nitq qabiliyyətli möhtərəm Prezidentimizə inamımız və sevgimiz bir daha artdı.

Təbrik Quliyev,
şəhər Ağsaqqallar şurasının sədri,
Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər