Mehriban Əliyevanın köməkçisi: “Dəstək qazanmağa çalışacağıq”

639

Bakı EXPO-2025 uğrunda mübarizəni davam etdirir. Ən yeni elmi-texniki nailiyyətlərin sərgiləndiyi nüfuzlu beynəlxalq sərgini qəbul etmək üçün Azərbaycan paytaxtının şansları barədə virtualaz.org-a Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgi Bürosunda (BİE) Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov danışıb.

“İri beynəlxalq tədbirlərin keçirilməsində Bakının böyük təcrübəsi var. Bu Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Qran-Prisi, Dini Liderlərin Ümumdünya Sammiti, Bakı Beynəlxalq Humanitar Forumu, Sivilizasiyalar Alyansı: 7-ci Bakı Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Forum və digər nüfuzlu tədbirlərdir.

Şübhəsiz, 2025-ci ildə keçirmək istədiyimiz EXPO beynəlxalq sərgisi indiyə qədər bizdə keçirilmiş beynəlxalq miqyaslı mədəni və idman tədbirlərindən qlobal əhəmiyyətinə görə seçilir. EXPO yalnız texniki və texnoloji nailiyyətləri nümayiş etdirmək üçün meydança, böyük biznesin nümayəndələrinin bir şəhərdə, bir məkanda cəmləşməsi deyil. Ən başlıcası – optimal həllin tapılması üçün bəşəriyyətin qlobal problemlərinin müzakirəsi imkanıdır”, – E.Əmirbəyov bildirir.

Onun sözlərinə görə, Ümumdünya sərgisinin keçirilməsi məqsədilə Azərbaycanın atdığı ilk addım 2017-ci ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin BİE rəhbərliyinə ünvanlandığı müvafiq məktub olub. Artıq iyun ayında Parisdə BİE Baş Assambleyasında Azərbaycanın EXPO-2025-i keçirmək üçün ilk təqdimatı oldu. Bir neçə ay sonra – sentyabrda ölkəmiz BİE-yə rəsmi olaraq sərginin keçirilməsinə namizəd kimi Bakının ətraflı dosyesini təqdim etdi.

“Görülmüş işlərdən danışarkən qeyd etmək istərdim ki, 2017-ci ilin sentyabr ayında Bakının namizədliyinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. İşçi qrupunun sədri Azərbaycanın maliyyə naziri Samir Şərifovdur. Eyni zamanda, Parisdə və Bakıda operativ katibliklər yaradılıb.

Ötən ilin noyabr ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏIiyevanın iştirakı ilə Parisdə Beynəlxalq Sərgilər Bürosunun 162-ci Baş Assambleyasında Bakının EXPO-2025-i qəbul edə biləcək şəhər kimi təqdimatına həsr edilmiş rəsmi qəbul keçirildi. Bu artıq ikinci təqdimat idi”, – E.Əmirbəyov vurğulayıb.

Namizədliyimizə BİE üzv ölkələrindən dəstək qazanmaq məqsədilə çöxtərəfli və ikitərəfli formatlarda müxtəlif işlər görülür. Belə ki, ötən ilin dekabr ayında Heydər Əliyev Mərkəzində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün təqdimat keçirilib. Bir sıra beynəlxalq təşkilatlarda “EXPO-2025 Bakı” layihəsinin təqdimatlarının keçirilməsi planlaşdırılır.

Bunlardan bəziləri artıq yerinə yetirilib. Dekabrın 22-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil-qərargahında ilk belə təqdimat baş tutub. Yanvarın 23-də bu günlərdə Dünya İqtisadi Forumunun keçirildiyi Davosda “EXPO-2025 Bakı”nın təqdimatı olub. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakının Beynəlxalq sərginin keçirilməsi üçün imkanlarının nümayiş etdirilməsi nəzərdə tutulur.

“Əlbəttə, hər bir təqdimat Azərbaycan, onun zəngin tarixi, mədəniyyəti, ölkənin iqtisadi və turizm potensialı, həmçinin bizim “EXPO-2025 Bakı” layihəmiz haqqında yeni, daha ətraflı məlumat təqdim edir. İş qrafikimiz çox gərgindir. Təkrar edirəm ki, BİE üzv ölkələri ilə ikitərəfli görüşlər keçirilir, Bakının namizədliyinin dəstəklənməsi üzrə danışıqlar aparılır. Növbəti sərgi üçün Azərbaycanın təklif etdiyi “İnsan kapitalının inkişafı, daha yaxşı gələcək” mövzusu bütün bəşəriyyət üçün aktualdır. Bakı sərginin keçirilməsinə nail olarsa, iqtisadiyyata, təhsilə, səhiyyəyə, ölkənin biznes sektoruna əlavə investisiyalar cəlb edə bilərik ki, bu da son nəticədə insan kapitalının möhkəmlənməsinə xidmət edəcək. EXPO-2025 turizmin də inkişafında özünü göstərəcək, ölkəmizə səfər edən səyahətçilərin sayını artıracaq”, – ölkənin Birinci vitse-prezidentinin köməkçisi deyib.

Bakının real şanslarına gəlincə, E.Əmirbəyov qeyd edib ki, ölkəmizlə birlikdə EXPO-2025-nin keçirilməsinə namizədlər arasında Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq və Fransanın Paris (bu şəhər hələlik rəsmən namizədliyini geri götürməyib) şəhərləri var. Bakı da daxil olmaqla, hər bir namizəd şəhərin öz üstünlükləri və cəlbedici cəhətləri var.

“Seçkiöncəsi kampaniya dövründə biz mümkün qədər çox BİE üzv ölkələrinin dəstəyini əldə etməyə çalışacağıq. Ümumilikdə isə, düşünürəm ki, şanslarımız kifayət qədər böyükdür. Ötən ilin dekabr ayında Bakıya səfəri zamanı BİE baş katibinin müavini Dmitri Kerkenzes paytaxtımızı “EXPO-2025-uin keçirilməsi üçün yeni və çox maraqlı yer” adlandırıb. Nəzərə alsaq ki, son illərdə Ümumdünya sərgisi coğrafiyasını yeniləyir və BİE sərgilərinin keçirilməsi üçün yeni ölkələr və şəhərləri seçir, əminlik var ki, Bakı namizəd şəhər kimi diqqət mərkəzində olacaq”, – E.Əmirbəyov ümidvar olduğunu bildirib.

Zaur Rəsulzadə

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər