Mənfi qarşıladığımız bəzi vərdişlər, sən demə, çox faydalı imiş

1626

elnuraqayevElnur AĞAYEVin təqdimatında

Doğulduğu vaxtdan etibarən insanı müəyyən qrup vərdişlər əhatə etməyə başlayır. Daha doğrusu, insan bunları müəyyən yaş dövrlərində özü qazanır, seçir. Onların bir qismi uşaqlıq dövründə qazanılarkən elə uşaqlıqda da qalır, bir qismi isə ömrünün sonunadək insanı tərk etmir. Maraqlıdır, bəs vərdişlər necə yaranır? Bunlardan hansı müsbət, hansı mənfidir, daha doğrusu, hansıları faydalı, hansıları zərərli sayıla bilər?
Əcdadların yaddaşı
Miçiqan Universitetinin fizioloqu Sindi Dastiq hesab edir ki, gündəlik həyatımızda rast gəldiyimiz vərdişlər bizim yaddaşımıza yazılıb. Bayramlar ərəfəsində alış-veriş etmək, dükanları ələk-vələk etmək, bundan sıxılmaq və xırda stress yaşamaq – bütün bunlar bizim qanımızdadır, daha dəqiq desək, beynimizdədir. Yaddaşımızda əcdadların təcrübəsi yaşayır; bayram qeyd edənlər də əcdadları kimi təbii çətinliklərlə üzləşir: məhsul uğrunda savaş, mal və hədiyyələr üçün təhlükəli səyahətlər və sair. Hətta bayramlar vaxtı artıq qidalanmaq da qədimdən qalan vərdişdir.
Finlandiyada Daş dövrünə aid olduğu ehtimal olunan kəndin qazıntıları zamanı min illər öncənin saqqız ehtiyatları tapılmışdır. Arxeoloqlar əmindirlər ki, 6 min il bundan öncə insanlar onu maraq və ləzzət üçün, xüsusən də dişlərin faydası üçün çeynəyirmişlər. Hərdən isə yapışqan əvəzi istifadə olunurmuş. Təəccüblü və maraqlıdır ki, bu yaxınlarda dünyanın ən qədim saqqızının tapıldığı məhz Finlandiyada həm də ən yeni bir saqqız hazırlandı. Helsinki Universitetinin professorları Mikko Salaspuro və Martti Marvola tsistein tərkibli yeni saqqız yaratdılar. O, çeynənmə zamanı yavaş-yavaş əriyib yoxa çıxır və ağız boşluğu, qida borusu və mədə xərçəngini yarada bilən maddələri neytrallaşdırır. Kəşfedənlər etiraf edirlər ki, məhsul tam hazır olandan sonra onun dad keyfiyyətləri üzərində işləmək lazım gələcək. Odur ki, hələlik nə varsa, onu çeynəyirlər. Həkimlər isə buna çox meyil etməməyi məsləhət görürlər, söyləyirlər ki, saqqızdan artıq istifadə diş və damaq xəstəlikləri, bakteriyaları yaymaq kimi problemlər yaradırlar, insanlar isə bunun fərqinə varmadan onu vaxtilə dadılan ləzzət naminə çeynəyirlər, elə qədimdəki kimi…

Fayda, yaxud zərər?
Uşaqların burunlarını qurdalayıb sonra əllərini ağız boşluğuna aparması, ən azından, ədəbsizlik, bir sözlə, yaxşı hərəkət sayılmır. Ağciyər xəstəlikləri üzrə mütəxəssis, İnsburq Universitetinin (Avstriya) professoru Fridrix Bişinger isə bununla tamamilə razı deyil. Və ictimaiyyətdən xahiş edir ki, orqanizmin, onun fikrincə, tələbatı nəticəsində formalaşan bu vərdişə olan münasibətlərinə yenidən baxsınlar. Birincisi, barmaq nəticəsində burun boşluğu daha yaxşı təmizlənir, nəinki dəsmal sayəsində. İkincisi isə onun yeyilməsi immuniteti möhkəmləndirmək üçün intuitiv üsuldur. Buruna bağırsağa düşərək təbii immuntənzimləmə funksiyasını yerinə yetirən çoxlu sayda bakteriyalar cəmlənir. Avstriyalı həkim düşünür ki, valideynlər bu vərdişlərinə görə nəinki övladlarını danlamalı, əksinə bunu, necə deyərlər, təbliğ etməlidirlər. Üstəlik, müşahidələrə görə, burun qurdalayan əksər uşaqlar yüksək həyatsevərlikləri ilə seçilirlər. Buna baxmayaraq həkim məsləhət görür ki, hələlik cəmiyyət vərdiş etməyibsə, bunu təklikdə etmək yaxşı olardı.
Çiyin arxasından tüpürmək, pul sayarkən əli tüpürcəklə islatmaq, ümumən tüpürmək – təbii, bütün bunlar heç də yaxşı qəbul olunmayan hərəkət və vərdişlərdir. Məsələn, bəzi həkimər düşünürlər ki, tüpürmək angina zamanı ağrıları azaldır. Lakin başqa bir fikir də mövcuddur: tüpürcək bir çox faydalı və zəruri maddələrlə zəngindir, odur ki, onu tüpürməkdənsə, ağız boşluğunda saxlamaq daha məsləhətlidir.
Cəmiyyətin insanlarının vərdişlərinə münasibəti mövcud mədəniyyət, adət-ənənələr və qədimdən formalaşmış baxışlar sistemindən asılı olur. Məsələn, Çində tüpürmək əsrlərlə sağlam bir vərdiş sayılmışdır. Lakin Olimpiya Oyunlarının başlanmasına 2 il qalmış hökumət əhalinin bu “milli” vərdişini unutdurmaq qərarına gəldi. Xüsusən bu işlər üçün küçələrdə patrullar da ayrıldı, bəzi başqa tədbirlər görüldü. Lakin deyilənə görə, bu tədbirlər elə də kömək etmədi, çinlilərin tüpürmək vədişi dəyişmədi.

Asqırmaq haçansa dəb olub?
Hərdən vərdişlər dəb kimi gəlir, çoxları üçün ümumi hala çevrilir, qəfil köhnəlir və yoxa çıxır. Lakin onu “geri çağıran” kimi də qayıdıb gəlir.
ABŞ və Avropada gənclər çoxdan unudulmuş vərdişi – tütün qoxumaq və çeynəməyi yenidən xatırlayıblar. Amerikalı həkimlər əmindir ki, tütün çeynəmək heç də papiros çəkməkdən xeyirli və onunla mübarizə aparmaq elə də asan deyil. İsveçdə isə papirosu yenicə tərgidənlər üçün tütün çeynəmək tövsiyə olunur və odur ki, müvəqqəti olaraq bu vərdişin istifadəsi doğru sayılır.
300 il öncə hətta gənc xanımlar üçün də layiqli, yaxşı vərdiş sayılan tütün qoxulamanı tibb asqırmaq üçün zərərsiz imkan sayır. Yeri gəlmişkən, asqırmaq “klassik bədən həzləri” sırasına daxildir. Asqırmaq burunu təmizləyir, qan dövranını yaxşılaşdırır, beyini təzələyir və heç də bir fincan kofedən geri qalmayaraq müəyyən qədər gümrahlandırır.

Rəhbərliyə etiraz da vərdişdir?
Əgər siz işdə, yaxud vanna otağında həmkarlarınızı söyür, onlara çığırır, rəisinizi qınayırsınızsa, bu, normaldır. Amma yaxşı olar ki, sözlərinizi bərkdən yox, heç kəsin eşitməyəcəyi tərzdə, yaxud tam təklikdə, tutaq ki, divarlara, yaxud döşəməyə söyləyəsiniz. Mütəxəssislərin fikrincə isə daha yaxşı olardı ki, içinizdəkiləri yazasınız. Özünüzdən çıxara bildiyiniz qəzəb sağlamlığınız üçün çox fayda verir. Düzdür, həkimlər qeyd edirlər ki, hirslənmək və bunu kağız üzərinə köçürmə prosesini uzun müddət davam etdirmək də məsləhət deyil, bu, arterial təzyiqi qaldıra bilər.

Mənfidən müsbətə doğru…
Pis vərdişlər çox zaman yalnız insanlar üçün onların özünəəminliyinin lazımi səviyyədə olmaması, özünüqiymətləndirməsinin zəifləməsi, həyatda yerini tuta bilməməsi ilə bağlı siqnal rolunu oynayır. Hətta siqaret çəkmək və içki içmək də psixoloji nöqteyi-nəzərdən insanın sosiallaşmasının, müəyyən cəmiyyətdə özünü təsdiqinin və dostlar qazanmağa səy göstərməsinin uğursuz cəhdidir.
Başqa bir misal, dırnaqların dişlənməsi… Təsadüfi deyil ki, başqalarına nisbətən dişlənmiş dırnaqlarla daha çox həyatda öz layiqli yerinin axtarışının, müəyyənləşdirilməsin stresi altında yaşayan gənclər müşahidə olunur. Adətən otuz yaşadək bu adət öz-özünə, müalicəsiz itib gedir.
Hazırda dünyada da yayılmış ən dəbdə olan vərdişlərdən biri – özünlə mübarizə aparmaq və özünü tamamilə dəyişmək cəhdidir. Perfeksionizm – doğru və gözəl addım atmaq arzusu, istəyidir. Bu, həmişəlik olaraq kök insanı sısqaya, siqaret çəkəni onu birdəfəlik unudana, sərxoşu dindara çevrilməyə məcbur edir. Düzdür, təəssüf ki, bundan sonra insanlar daha ciddi, ömürlük bir vərdişə tutulurlar. Bu, özüylə fəxr etmək vərdişidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • imran
    Dekabr 24, 2009 - 08:31

    Elnur psixologfiya mövzusunda belə maraqli yazilari yazmaği davamli edib vərdişə çevirsəydi bu çox faydali olardi.

imran üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər