Muğam fəlsəfəsi və yaxud Eyvaz Qocayevə bir təşəkkür də məndən

1266

Dünyada, ərşi-aləmin ənginliyində görünən və görünməyən nə varsa hamısını “Yek” (tək) yaradıb. “Yek” (tək) ərşi-aləmdə nə yaradıbsa hamısını “cəm” (cüt) yaradıb. Təklik Allaha məxsus xüsusiyyətdir. Yerdə qalan nə varsa yaranmışdır və cütxassəlidir (istər canlı olsun, istərsə də cansız).

“Yek”lə “cəm”in – Yaradanla yaradılmışın vəhdətindən “Dügah” yaranıb. “Dügah” mövcudluq, artım, inkişaf, var olma rəmzidir.

Muğam aləmlər içrə aləmdir. Bu aləmin öz “dünya”sı var. Bu aləmlər bu “dünya”da birləşərək tam bir “Dəstgah” yaradır. Bu “Dəstgah” qibləsinə yön tutmuş, dərgahına yol almış zəvvar timsalındadır. Bu yol əbədiyyət yoludur, bu yol ölməzlik yoludur.

“Pəncgah” – “Yek”in “cəm”lə birliyi olan “Dügah”ın, “Segah”ın və “Çaharagah”ın birgə fəryad qopardığı məqamdır. Bu nöqteyi-nəzərdən – Cümə, “Pəncgah”, “Xəmsə” və “Ali-əba”nın bir-biri ilə zəncivari əlaqədə olma ehtimalı çox böyükdür. Bu rəmzlərdə müqəddəslik, bu müqəddəslikdə özünüdərk, bu özünüdərkdə Allahı tanıma var.

Muğam Tanrı göndərişidir, vəhydir. Vəhylər cəminin – cəmlər cəminin fəryadıdır. Bu vəhyi eşidən, duyan, dərk edən yolunu azmaz. Allahına-yaradanına asi olmaz. Çünki muğam onu dinləyəni, dinləyib də dərk edəni, dərk edib də düşünəni özünə qaytarır. Öz oxundan çıxmağa qoymur.

Beləcə, biz də özümüzə qayıtmaq, özümüzü bir daha dərk etmək, yuyunub arınmaq, mənən saflaşmaq üçün Muğam Festivalının keçirildiyi müqəddəs ünvana – Nəriman Nərimanov adına mədəniyyət evinə üz tutduq. Hələ, günlər öncəsi bu festival haqqında söhbətlər, müzakirələr getdiyindən, bu gözəl tədbirin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc muğamsevərlər” Musiqi Festivalı layihəsi çərçivəsində keçirilməsindən və layihə rəhbərinin istedadlı jurnalist dostumuz, “Sumqayıtxəbər” xəbər portalının təsisçisi Eyvaz Qocayevin olmasından xəbərdar idik…

…Gəldik və çox məmnun qaldıq. Səmimi etiraf edim ki, festival gözlədiyimizdən də yüksək səviyyədə təşkil olunmuşdu və elə yüksək səviyyədə də öz missiyasını yerinə yetirdi.

Festivalın əhəmiyyəti özündə bir neçə məsələni ehtiva edirdi. Birincisi, bir daha əmin olduq ki, ulu öndər Heydər Əliyevin: “Sumqayıt istedadlı, savadlı gənc oğlan və qızlar şəhəridir” sözlərində böyük həqiqət var imiş. İkincisi, bu festival gənc muğam ifaçılarının yaddaşına silinməz izlərlə həkk olundu və sabaha aparan daha uğurlu yollara işıq salmış oldu. Üçüncüsü, bu festival Sumqayıtın, Sumqayıt sakinlərinin, Sumqayıt gənclərinin mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sadiqliyini ortaya qoydu.

Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, muğam yeganə musiqi janrıdır ki, onun yalnız və yalnız Azərbaycanda düsturu var. Yəni, bir qanunauyğunluğu, bir ölçüsü-biçisi, müəyyən simmetrik xüsusiyyətləri var ki, bunlardan kənara çıxmaq qəbahət sayılır. Amma digər xalqların musiqiçilərinin muğam adlandırdıqları ifada isə bu nizamdan əsər-əlamət yoxdur. Sadəcə olaraq müxtəlif söz düzümündəm, səsin diapazonunun imkan verdiyi qədər müəyyən və qeyri-müəyyəm zəngulələrin vurul­masından ibarətdir. Məhz bu baxımdan – yəni, ifa edə bilməməkləri səbəbindən mahnılarımıza nisbətdə bədxah və nankor qonşularımız tərəfindən muğamlarımızın oğurlanmasına çox az təsadüf edirik.

Güman edirəm ki, festivalın keçirildiyi gün istər tamaşaçıların, istər ifaçıların, istərsə də təşkilatçıların yaddaşına möhtəşəm bir gün kimi yazıldı. Bunu festival başa çatdıqdan sonra zalı tərk edənlərin məmnun simaları, minnətdarlıq dolu baxışları da deyirdi.

Belə olan təqdirdə layihə rəhbəri Eyvaz Qocayevə bir təşəkkür də məndən.

Rafiq ODAY,

Azərbaycan Jurnalisitlər Birliyi

 Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər