Ötən il Sumqayıt təhsili üçün böyük nailiyyətlərlə yadda qalıb

493

Yola saldığımız hər il Sumqayıt təhsilinin yetişdirdiyi istedadlı şagirdlərin beynəlxalq və respublika əhəmiyyətli yarış və müsabiqələrdə qazandıqları uğurlarla, əldə etdikləri nailiyyətlərlə yadda qalır. Pedaqoji kollektivlərin gərgin və fədakar əməyi nəticəsində 2017-ci ildə təhsil sahəsindəki uğur və nailiyyətlər əvvəlki illərə nisbətən daha da artıb.

Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov AZƏRTAC–ın müxbiri ilə söhbətində bu nailiyyətlərdən danışıb.

İlk növbədə Təhsil Nazirliyi tərəfindən V-VI sinif şagirdləri arasında keçirilən riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə müsabiqəni xüsusi qeyd edən N.Namazov bildirib ki, müsabiqənin iyun ayında keçirilən Respublika final mərhələsində Sumqayıt komanda hesabında bütün bölgələri geridə qoyaraq birinci yerdə qərarlaşıb. “İstedadlı şagirdlərin aşkara çıxarılması sahəsində ən əhəmiyyətli bilik yarışması hesab edilən Respublika fənn olimpiadalarının final turunda 21 şagird qalib olub. Onlardan ikisi olimpiadanın qızıl, altısı gümüş, on üçü bürünc medalını qazanıb ki, bu da ölkənin digər şəhər və rayonları arasında ən yüksək nəticədir”, – deyə şöbə müdiri vurğulayıb.

İndoneziyanın Bali şəhərində keçirilən və dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi yeniyetmələrin 13-cü Beynəlxalq Elm Olimpiadasında (İJSO) Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Günel Həsənova, “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə ölkəmizi uğurla təmsil edərək, bu mötəbər bilik yarışının bürünc medallarını qazanıblar.

N.Namazov sumqayıtlı şagirdlərin nailiyyətləri haqqında fərəhlə danışaraq, ötən ilin fevralında Bakı şəhərində “Sabahın alimləri” VI Respublika müsabiqəsinin yekunlarına əsasən şəhərdən 6 nəfər IX-XI sinif şagirdin 4 nominasiya üzrə qalib adına layiq görüldüyünü deyib.

Şəhər məktəblərinin yetirmələri “Ədəbiyyat biliciləri” müsabiqəsində də fərqləniblər. Belə ki, “İstedad” liseyinin X sinif şagirdi Ümid Cabbarlı Respublika final turunda I yerə və 1 nömrəli məktəbin VIII sinif şagirdi Aydan Əzizova isə həvəsləndirici yerə layiq görülublər.

Sumqayıtlı şagirdlər ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar ümumtəhsil məktəbi şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsində, Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində ölkənin şəhər və rayonlarını əhatə edən sayca 15-ci “Vergilər uşaqların gözü ilə” adlı rəsm və inşa müsabiqəsində, Azərbaycan Uşaqlarının IV Forumu çərçivəsində keçirilən bilik yarışmasında, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə reallaşan “Gənc xilasedici və yanğınsöndürən” adlı VI Ümumrespublika yarışının Qəbələ rayonunda keçirilən finalında, Prezident yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdikləri “Ən yaxşı yazı” müsabiqəsində fəal iştirak edərək, qaliblər sırasında Sumqayıtı uğurla təmsil ediblər.

Ötən dərs ilində Sumqayıt Dövlət Universiteti ilə qurulan sıx əməkdaşlıq əlaqələrindən danışan şöbə müdiri şagirdlərin təhsilə, elmə marağının daha da yüksəldilməsi, istedadlı gənclərin aşkar edilməsi və onların inkişafı istiqamətində IV, VIII, IX-XI sinif şagirdləri üçün kimya, biologiya, riyaziyyat və Azərbaycan tarixi fənləri üzrə bir sıra kütləvi bilik yarışlarının və olimpiadaların təşkil olunduğun bildirib. Müxtəlif siniflər üzrə yüzlərlə şəhər məktəblisinin qatıldığı bu olimpiadaların qalibləri universitetin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunublar.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, 2017-ci ildə Sumqayıt məktəblərinin məzunları həm buraxılış, həm də qəbul imtahanlarında respublika üzrə ən yüksək nəticə göstərib və bir çox göstəricilər üzrə bütün rayonları qabaqlayırlar.

2016-2017-ci dərs ilinin sonunda şəhər üzrə 2600 nəfər XI sinif şagirdi buraxılış imtahanında iştirak edib. Onlardan 2234 nəfəri hər üç imtahan fənnindən müsbət qiymət ala bilib ki, bununla da şəhər üzrə müvəffəqiyyət faizi təxminən 86 faizə çatıb. 2016-cı ildə isə bu, 82 faiz idi.

N.Namazov bildirib ki, ali məktəblərin I-IV ixtisas qruplarına sənəd verən abituriyentlərin təxminən 69 faizi tələbə adını qazanıb. Bu, ötən il şəhər üzrə qəbul faizi ilə müqayisədə xeyli yüksək olmaqla yanaşı, respublika üzrə də ən yüksək göstəricidir.

Qəbul imtahanları zamanı digər keyfiyyət göstəricilərinin də əvvəlki illərə nisbətən yüksəlməsi müşahidə edilir. Belə ki, şəhər üzrə abituriyentlərin topladıqları orta bal 345,4 bal olub. Bu isə ötənilki oxşar göstəricisi ilə müqayisədə 55,6 bal və ya 19 faiz çoxdur.

Qəbul imtahanlarında iştirak edən məzunların 411-i 500-dən, o cümlədən 167-si 600-dən yuxarı bal toplayıb. Son dörd ildə yalnız bu il Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Eldar Əfəndiyev qəbul imtahanında maksimum nəticə – 700 bal toplayıb.

Təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən, tam orta təhsili xüsusi nailiyyətlərlə başa vurmuş 6 məzun məktəbi qızıl medalla, 169-u isə fərqlənmə attestatı ilə bitiriblər. Onlar hamısı qəbul imtahanlarında öz nəticələrini yüksək balla doğruldublar.

N.Namazov qeyd edib ki, şəhər rəhbərliyinin yaxından dəstəyi ilə məktəblərin maddi-texniki bazası da möhkəmlənib. Belə ki, bütün məktəblərdə tədris ili başa çatan kimi cari təmir işləri aparılıb. Eləcə də bir sıra məktəblərin həyətinə asfalt örtük salınıb, istilik sistemləri təmir edilib, 34 və 39 nömrəli məktəblərdə isə sistem yenidən qurulub. Həmçinin 24 nömrəli məktəbin dam örtüyü təmir edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər