Qeyri-neft sektorunun inkişafının əsasını innovasiyalar və müasir texnologiyalar təşkil edir

1630

Son illər dünyada baş verən iqtisadi, siyasi təlatümlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirini göstərməkdədir. Bu da təbiidir, çünki son 20 ildə ölkəmiz açıq iqtisadiyyat modeli üzrə iqtisadi strukturlar formalaşdırmışdır. Hər bir modeldə olduğu kimi, açıq-bazar iqtisadiyyatının da çatışmayan cəhətlərindən biri dünyada baş verən ümumi problemlərin milli iqtisadiyyatlara təsiridir. Bu təsirlərdən daha az zərərlə çıxmağın ən doğru yollarından biri isə şaxələndirilmiş iqtisadiyyatın, azad sahibkarlıq fəaliyyətinin yaranmasıdır. Son illər ərzində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişaf tempi xeyli yüksəlmiş, xüsusi çəkisi isə xeyli artmışdır.

Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bununla bağlı ölkəyə valyuta daxilolmalarının azalması diqqətləri daha sürətlə qeyri-neft sektoruna yönəltmiş, bu sektorda daha effektiv idarəetməyə, gəlirlərin daha şəffaf əldə edilməsinə və gəlirlərin artırılmasına nail olmaq təxirəsalınmaz prioritet kimi önə çıxmışdır.

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 10 yanvar 2016-cı ildə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sektorunun və xüsusilə də innovativ iqtisadiyyatın inkişafı üçün çox mühüm məsələlərə toxunmuş və qarşıda duran vəzifələri müəyyən etmişdir.

Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında bir çox müasir çağırışlar var. Ölkə Prezidentinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bu çağırışlar, onların yaranma səbəbləri və yeni iqtisadi inkişaf istiqamətləri dəqiq göstərildi. Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisə məhz bu məqsədlərlə iqtisadi qanun layihələri daxil olub və qəbul olunub. Parlamentdə qəbul olunan qanun layihələri dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin davamlı inkişafını təmin edəcək: “Milli Məclisin növbədənkənar iclasında qəbul olunan qanun layihələrinə əsasən, əhalinin banklara qoyduğu əmanətlər 3 il ərzində limitsiz olaraq tam sığortalanacaq. Yəni əmanətlər tam olaraq banklarda nə baş verməsindən asılı olmayaraq, dövlət tərəfindən qorunacaq. Fiziki şəxslərin banklara qoyduqları əmanətdən əldə etdikləri gəlirlər vergidən tam azad ediləcək. Yerli məhsul, iş və xidmət istehsalçıları dövlət satınalmaları tenderlərində eyni keyfiyyət və şərtlərlə xarici analoqlara qarşı qiymətdə 20 faiz güzəştə malik olacaq. Yəni, yerli istehsalçıların qiymətləri 20 faiz baha olduqda belə onlara üstünlük veriləcək. İnvestisiya fəaliyyəti həyata keçirən sahibkarlar 7 il müddətinə əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən 50 faiz azad olunacaq, idxal etdikləri texnika və texnologiyalar isə 50 faiz gömrük rüsumundan azad ediləcək.

Qeyri-neft sektorunun inkişafına ən çox birbaşa və dolayısı ilə təsir edən alətlər toplusundan biri İnformasiya Kommunikasiya Texnologiyalarıdır. Əslində müasir dünyada İKT çoxdan bir sektor olmaq sərhədlərini aşmış, bütün digər sektorlarda effektiv, daha sərfəli, cəld və şəffaf idarəetmə alətinə çevrilmişdir. Təbii ki, ölkə özü nə qədər bu alətlərdən istehsal edə bilirsə, o qədər də çox gəlir əldə edə bilir. Məsələn, Belarusun 2015-ci ildə tək proqram təminatının istehsalından və ixracından əldə etdiyi gəlir 900 milyon dollara çatmışdır.

Azərbaycanda da bu sahəyə dövlətin həmişə yüksək qayğısı olub. Prezident İlham Əliyevin 2003-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində elan etdiyi “qara qızılı insan kapitalına çevirəcəyəm” strategiyası, hətta, o zaman üçün çox uğurlu bir seçim idi. 2013-cü ilin İKT ili elan olunması, Azərbaycanın süni peyklərinin kosmosa göndərilməsi dövlətin İKT-yə yüksək dəstəyinin göstəriciləridir.

Azərbaycanda təkcə son 5 ildə İKT sektoruna yatırılan investisiyaların həcmi 2 mlrd. dolları aşmışdır. 2014-cü ildə İKT sektorunun gəlirləri 1.6 mlrd. manat təşkil etmişdir. Dünya təcrübəsinə görə İKT sektoruna yatırılan investisiyaların geri qayıtma müddəti (Return on İnvestment — ROİ) 3 ildən 5 ilədəkdir. Bu təcrübəyə və İKT sektorunun spesifik gəlir mexanizminə əsaslansaq, növbəti illərdə İKT sektorunun gəlirləri 2 dəfəyə yaxın arta bilər. Bunun üçün ən azından lazımi investisiyalar artıq qoyulub. Ölkə Prezidentinin sərəncamı ilə bütün vergi və gömrük güzəştləri ilə əhatə olunmuş Yüksək Texnologiyalar parkı yaradılmışdır.

Bundan əlavə, İKT sektorunu inkişaf etdirməklə, Bilik İqtisadiyyatını formalaşdırmaqla iqtisadiyyatın digər sahələrini də dolayı yolla optimallaşdırmaq, idarəetməni effektivləşdirmək və əlavə gəlir əldə etmək mümkündür. Əslində, bu, müasir dünyada sınaqdan çıxmış ən effektiv yol sayılır.

Bəs bu sahənin inkişafı üçün daha hansı addımlara ehtiyac vardır? Əslində dünya təcrübəsi göstərir ki, İKT sektorunun inkişafı ilkin olaraq investiyadan daha çox “ideya və mühit”dən asılıdır. Bu gün dünyada dəyəri və gəlirləri milyardlarla dollar olan nəhəng İKT şirkətləri çox cüzi investiya ilə, amma ideyalar əsasında yaranmışdır. Ölkəmizdə də mühit formalaşsa da, ideya “cücərti”ləri kimi formalaşan “Startap”ların hərtərəfli dəstəklənməsinə ehtiyac vardır. Bu dəstək tək dövlət tərəfindən deyil, əsasən özəl sektor tərəfindən olmalıdır.

Vergi bazasını artırmaq, biznesi şəffaflaşdırmaq istiqamətində elektron ticarətin həcminin artırılması mühüm rol oynayır. Dünyanın bir çox ölkərində bu məqsədlə müddətli olaraq şirkətlərə vergi güzəştləri və digər güzəştlər təqdim edilir. Ölkəmizdə elektron ticarətin ümumi dövriyyədə payının 0.04% olması çox böyük potensialın olmasını göstərir.

Bu gün Azərbaycan İKT məhsullarının demək olar ki, 90%-dən çoxunu idxal edir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu məhsulların bir çoxunu Azərbaycanda istehsal etmək mümkündür (modemlər, TV qutular, şəbəkə avadanlıqları, kabellər və s.) və bu məhsullara yerli bazarda, əhali arasında böyük tələbat vardır. Sahibkarlar tərəfindən istehsalın təşkili həm idxalı əvəz edə bilər, həm də ixrac etməklə ölkəyə valyuta gətirə bilər.

Ölkəmiz eyni zamanda böyük miqdarda valyuta ödənişləri hesabına xarici proqram məhsulları idxal etməkdədir. Bunların istehsalı üçün də ölkəmizdə yetərli sayda mütəxəssislər mövcuddur və ya yetişdirilə bilər. Bu həm də milli təhlükəsizlik baxımından çox vacibdir.

Hazırda dünyada 4-cü Sənaye İnqilabı (Fourth İndustrial Revolution) və ya Rəqəmli İnqilab (Digital Revolution) baş verməkdədir. Bu inqilab texnologiyaların gücündən istifadə etməklə, daha keyfiyyətli xidmətlərin yaranmasını, dünyanın hər yerindən ağıllı ideyaların yığılmasını, köhnəlmiş iş metodlarından imtinanı əhatə edir. Ancaq bu inqilabın “ürəyində” 2 əsas liberal ideya var: bu fərdi hüquqların artması və sosial hüquqların azalması ideyalarıdır.

Bu inqilab tamamilə yeni imkanlar yaradır: istehlakçılar üçün böyük seçim, yeni tip iş yerləri və s… Amma bu imkanlarla yanaşı, bu inqilabın məhv edəcəyi kifayət qədər ənənəvi sahələr var. Məsələn, texnologiyaların inkişafı yüklərin daşınmasında sürücüsüz nəqliyyatdan istifadəni gətirəcəkdir ki, bu da dünyada 100 minlərlə yük avtomobili sürücülərinin işsiz qalması demək olacaqdır. Və ya, artıq bir neçə ildir fəaliyyətə başlayan yüksək texnologiya şirkəti olan UBER texnologiyaları dünyanın 50-dən çox şəhərində 10 minlərlə taksi sürücülərinin işsiz qalmasına artıq səbəb olub.

Davosda Dünya İqtisadi Forumunda çıxış edən ABŞ-ın vitse-prezidenti Co Bayden etiraf edib ki, Rəqəmli İnqilab dünyada orta sinfi məhv edə bilər. Bu inqilab artıq baş verməkdədir. Bəs nə etməli? Dünyanın analitik iqtisadçılarının fikrincə, ilk öncə çevik, sürətli təkrar təhsil sistemi formalaşmalıdır. Bu sistem işlərini itirən və ya itirmək təhlükəsi ilə üzləşən orta sinfin çevik formada yenidən hazırlanmasını təmin edəcəkdir.

Dövlətin yolların çəkilməsi, körpülərin tikilməsi, internetin yayılması və s. kimi fundamental öhdəlikləri daim yerinə yetirilməli və buna investisiyalar daim qoyulmalıdır.

Gəlirlərin səviyyəsinə uyğun tam proqressiv vergitutma sistemi yaradılmalıdır. Rəqəmli inqilab sürətlə varlanmaq və sürətlə yoxsullaşmaq yoludur. Ona görə sosial ədaləti qorumaq üçün vergi dərəcələri arasında dramatik fərqlər olmalıdır. Kapitalın hərəkətinin qarşısını alacaq istənilən maneə aradan qaldırılmalıdır və insanların kapitala asan çıxışı təmin olunmalıdır.

Azərbaycanda görülən, planlaşdırılan layihələrə fikir verdikcə, bizim ölkəmizin də əslində artıq bir neçə ildir ki, Rəqəmli İnqilaba hazırlaşdığını görmək mümkündür. Dövlət üzərinə düşən fundamental öhdəlikləri yerinə yetirmək üçün bütün resursları səfərbər etməkdədir. Bütün bu addımların məntiqi nəticəsi isə Azərbaycanda innovativ iqtisadiyyatı qurmaq, ənənəvi əmək metodlarından müasir məhsuldarlığa keçmək, yeni texnologiyaların yeni iqtisadiyyatın “ürəyi” olmasını təmin etməkdir. Ölkə Prezidenti cənab İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda məhz bunlardan söz açaraq Azərbaycanın qarşısında duran müasir çağırışları elan etmişdir.

Qısaca desək, innovativ iqtisadiyyatın formalaşması üçün ölkədə dövlət tərəfindən əsasən lazımi şərait mövcuddur. Təbii ki, islahatlar və həvəsləndirici tədbirlər hər zaman tələb olunur və bu tədbirlər multiplikasiya effekti yaradır. Tək tələb olunan özəl sektorun yüksək təşəbbüskarlıq göstərməsi və ideyalarla çıxış etməsidir. İnnovativ sahibkarlığın inkişafına böyük zərurət vardır və bu fəaliyyət Azərbaycanda ən yüksək səviyyədə dəstəklənir.

Tahir Mirkişili,

millət vəkil

Respublika qəzeti

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər