SDU-nun 60 illiyi münasibətilə bir qrup əməkdaş mükafatlandırıldı

1975
Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi  münasibətilə  universitetin çoxsaylı professor-müəllim heyəti  və əməkdaşları müxtəlif ali mükafatlara layiq görülüblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azad Həmkarlar İttifaqı Respublika Komitəsi daim Sumqayıt Dövlət Universitetinin kollektivinin əməyini yüksək qiymətləndirərək, müxtəlif mükafat və Fəxri fərman ilə mükafatlandırıblar.
Dekabrın 5-də SDU-nun 60 illiyi münasibətilə  Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı və AHİK-nın Qərarı ilə bir qrup əməkdaş təltif edilib.
Tədbirdə universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək qonaqları və iştirakçıları salamlayıb, son illərdə universitetdə aparılan islahatlardan, həyata keçirilən layihələrdən danışıb və təltif olunan əməkdaşlara işlərində uğurlar arzulayıb.
Professor Elxan Hüseynov bildirdi ki, 60 illik təcrübəsi olan bu ali təhsil ocağı müasir qlobal çağırışlara uyğun yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına və insan kapitalının davamlı inkişafına, elmi-intellektual mühitin formalaşmasına bundan sonra da öz layiqli töhfəsini verəcək.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə doğma universitetin professor- müəllim heyətini, tələbələrini səmimi qəlbdən təbrik edib və onlara möhkəm can sağlığı, böyük  uğurlar, müvəffəqiyyətlər  arzulayıb. Şəhər rəhbəri qeyd edib ki, bu illər  ərzində Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçib, hazırda ölkəmizin ən qabaqcıl ali təhsil ocaqlarından birinə, fundamental tədqiqatların aparıldığı elmi mərkəzə çevrilib. Bu gün Sumqayıt Dövlət Universiteti ölkəmizin ali təhsil məktəbləri arasında öz yeri, öz dəsti-xətti olan qabaqcıl təhsil müəssisələrindəndir. Universitetin məzunları ölkəmizin inkişafı naminə bütün sahələrdə öz bilik və qabiliyyətləri ilə fərqlənirlər. Şəhərimizin müxtəlif müəssisələrində çalışan məzunların da daim xoş sədaları eşidilir.
Daha sonra Zakir Fərəcov Fəxri fərmanları təqdim edib.
ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  çıxış edərək təltif olunan əməkdaşları təbrik edib, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafına diqqətlə yanaşıldığını qeyd edib. Natiq əldə edilmiş nailiyyətlərin məhz bu diqqət və qayğının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdııb. Bildirib ki, zəngin ənənələri, şərəfli tarixi olan Sumqayıt Dövlət Universiteti indiyədək ölkəmiz üçün minlərlə yüksək ixtisaslı kadrlar yetişdirib. Bu gözəl ənənə bu gün də uğurla davam edir. Bu istiqamətdə universitetin professor-müəllim heyətinin də xidmətləri danılmazdır.
Əməkdaşları təltif edən sədr müavini onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Təltif olunan əməkdaşlar da iş fəaliyyətlərinin qiymətləndirilməsində göstərilən etimada görə universitet rəhbərliyinə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkürlərini ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər