Strateji hədəf: Qərbi azərbaycanlılar torpaqlarına qayıdacaq

765

Dekabr ayının 24 də Müzəffər Ali Baş komandanımız, Prezident İlham Əliyev Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakteril çıxış edərək Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsini təqdim etdi. 

Yaxın tarixə nəzər salsaq görərik ki, Ulu Öndər Heydər Əliyevin nitqlərində Qərbi Azərbaycan mövzusu hər zaman üstünlük təşkil edib. Hələ 23 fevral 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı qeyd edirdi ki, “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi: “Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.”

Və yaxud 4 aprel 1996-cı ildə Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşü zamanı Ulu Öndər bəyan etmişdir ki, biz azərbaycanlılar, Azərbaycan xalqı başqalarının torpağına göz dikməmişik: “Baxmayaraq ki, keçmiş dövrlərdə Azərbaycanın torpaqlarının bir qismi cürbəcür hadisələr nəticəsində başqa əllərə keçibdir, o cümlədən indi Ermənistanın sərhədlərinin içərisində olan torpaqların bir hissəsi də dövri-qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olubdur: Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da.”

Başqa bir tarixdə –  27 may 1997-ci ildə Respublika Günü münasibətilə təntənəli yığıncaqdakı nitqində qeyd edirdi: “Ermənistan deyəndə o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır”.

“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir” – bu fikirləri isə Ulu Öndər 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” mövzusunda keçirilən beynəlxalq simpoziumdakı çıxışı zamanı səsləndirib.

Tarixə nəzər salsaq Ulu Öndərin çıxışlarında Qərbi Azərbaycan mövzusuna aid daha çox sitatlar təqdim edə bilərik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqlərində də Qərbi Azərbaycan mövzusu hər zaman xüsusi yer tutub.

Prezident İlham Əliyev 29 mart 2005-ci il tarxində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə Azərbaycan xalqına müraciəti zamanı deyirdi: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.”

17 yanvar 2008-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin açılış mərasimindəki çıxışında İrəvan xanlığının əzəli Azərbaycan torpağı olduğunu vurğulayırdı: “İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər.”

2010-cu ildə İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısındakı çıxışında isə Zəngəzurun Azərbaycandan qoparılmasına diqqət çəkirdi: “Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbay­candan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur.”

07 noyabr 2010-cu il tarixdə Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida mərasimindəki çıxışı zamanı bildirdi:  “Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərindəqurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır.”

“…bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir.” – bu fikirlər isə 10 aprel 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev tərəfindən səsləndirilmişdir.

2018-ci ildə Yeni Azərbaycan Partiyasının VI qurultayı zamanı gənc nəslə və dünyaya xitabən Prezident İlham Əliyev bildirirdi: “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir.”

Sonrakı illərdə də dövlətimizin başçısı hər zaman Qərbi Azərbaycan mövzusuna toxunmuş, bu ərazilərin tarixi Azərbaycan torpaqları olmasını dilə gətirmişdir.  24 dekabr tarixində Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirilən görüşdə isə Prezident İlham Əliyev Qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıdışının dövlət siyasətimizin mühüm istiqaməti olduğunu bəyan etdi.

Azərbaycan Prezidentinin başlatdığı “Qərbi Azərbaycan prosesi” gələcəyə hesablanmış planın real tərkib hissəsidir. Ölkə başçısının çıxışından da aydın olur ki, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün qətiyyətli siyasi iradə və inam var. 

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bu inamın nə qədər möhkəm və qətiyyətli olduğunu təsdiqləyir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Azərbaycan xalqı inanır ki, Müzəffər Ali Baş Komandanın möhkəm iradəsi, xalqımızın Qələbə ruhu bizi gələcəkdə daha böyük nailiyyətlərə aparacaqdır.

 Elşad Eyvazov, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər