Sumqayıt Dövlət Universiteti ona görə doğmadır ki…

963

Sumqayıt Dövlət Universitetinin 60 illiyi ilə bağlı bir neçə ay davam edən yubiley tədbirləri başa çatmaq üzrədir. Sumqayıtın ilk ali təhsil müəssisəsi olan bu elm ocağı mənə də çox doğmadır. Çünki, qeyd olunan 60 illik yubileylə mənim də ömrümün ən yaxşı 5 ili kəsişir. 1983-cü ildə ucqar dağ kəndində orta məktəbi bitirərək o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialı – Sumqayıt Ali Texniki Təhsil Məktəbinin Kimya texnologiya fakültəsinə qəbul olundum.
Doğma yurddan, doğma insanlardan ayrılaraq 17 il yaşadığım kənd mühitini tərk edib hamı kimi hələ orta məktəbdən tələbəlik həyatı ilə bağlı qurduğum xəyallarımı, arzularımı reallaşdırmaq üçün yalnız televiziya və mətbuatdan, qohumların söhbətlərindən tanıdığım Sumqayıt şəhərinə gəldim. Yeni mühit doğrudan da maraqlı idi. Kurs yoldaşlarımızın arasında bütün bölgələrdən, eləcə də Gürcüstandan, Ermənistandan olan gənclər vardı. Bir-birimizə tez isinişdik. Burada tək bir-birimizi yox, bütün Azərbaycanı tanıdıq. Ayrı-ayrı bölgələrdən olan yaşıdlarımızla onların böyüdüyü bölgədə insanların yaşayışı, həyat tərzi, sosial vəziyyəti, yerli adət-ənənələri ilə bağlı söhbətlərdən vətənimizlə bağlı çox şeylər öyrənirdik.
Adətən, tələbəlik illəri hər kəsin həyatında ən xoş və unudulmaz izlər buraxır. Çünki, bu illər müstəqil həyatın ilk pilləsi, çağlayan və ümidli gələcəyə doğru xoş arzular və xəyallarla yaşanan, enerjili, həm də qayğısız gənclik dövrünə təsadüf edir. Bizim də qayğısız illərimiz SDU-nun auditoriyalarında keçdi. O illərdə instituta texnika elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Rafiq Əliyev rəhbərlik edirdi. İnstitutda ideal səviyyədə sağlam mənəvi mühit formalaşmışdı. Yüksək mənəvi keyfiyyətə və intellektual qabiliyyətə malik olan alimlərin mühazirələrini dinləməklə, dövrün tələblərinə uyğun zəruri avadanlıqları olan laboratoriyalarda praktiki məşğələlərdə iştirak etməklə seçdiyimiz ixtisas üzrə bilikləri mənimsəməyə çalışırdıq. Müəllimlərimiz də daha keyfiyyətli təhsil üçün, tələbələrin ixtisas biliklərini mənimsəmələri üçün əllərindən gələni edirdilər. Çox etibarlı, səmimi ortam yaranmışdı. Xüsusilə, imtahan sessiyaları zamanı bəzi ali məktəblərdə neqativ halların olması ilə bağlı söz-söhbətlər yayılarkən biz öz institutumuzla fəxrlə danışardıq.
40 ilə yaxın vaxt keçsə də, bu gün də müəllimlərimizi yalnız xoş xatirələrlə xatırlayırıq. Şəmsəddin Novruzovu, Teylor Həzərovu, Albert Tağıyevi, Hümbət Eminovu, Atakişi Cabbarovu, Damət Bayramovu, Qüdrət Rəhimovu, Tirmə Qurbanovanı və adlarını qeyd edə bilmədiyim neçə-neçə dəyərli alimlərimizi – müəllimlərimizi unutmaq olarmı? Məzarları nurla dolsun, ruhları şad olsun! Nə yaxşı ki, bu gün də aramızda olan və böyük hörmət və ehtiramla xatırladığımız müəllimlərimiz də az deyil. Müəllimlərimizdən Qorxmaz Bayramov, Əhməd Dünyamalıyev, Dursun Aşurov, İmran Mirzəyev, Ələkbər Murğuzov və başqalarına can sağlığı və uzun ömür arzulayıram.
İnstitutda tədrisin keyfiyyəti, xüsusilə imtahan sessiyalarında obyektivlik, qərəzsizlik daimi rəhbərliyin diqqət mərkəzində idi. Tələbələrin məişət şəraitinin yaxşılaşdırılması, sosial yardıma ehtiyacı olan həssas təbəqədən olan tələbələrə qayğı həmkarlar təşkilatı və rəhbərliyin prioritet vəzifələrindən idi. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunurdu. Bayram şənlikləri, konsertlər, müxtəlif məzmunlu görüşlər, müzakirələr, vətənimizin görməli yerlərinə kollektiv gəzintilər də tələbələrin yaddaşında xoş xatirə kimi qalır. Yadımdadır, böyük qırğız yazıçısı Çingiz Aytmatovun “Edam kötüyü” əsərinin müzakirəsi ilə bağlı böyük tədbir keçirilirdi. Ədəbiyyatçılar əsər haqqında danışdılar. Texnika elmləri doktoru olan rektor Rafiq Əliyev bu əsərin elə incə məqamlarını təhlil edirdi ki, bütün zalda əyləşənlər heyranlıqla onu dinləyirdilər. O vaxtın parlaq gənc şairi Nüsrət Kəsəmənli ilə keçirilən görüş də yəqin ki, tələbə yoldaşlarımızın yaddaşından heş vaxt silinməz. Şairin öz ifasında şeirlərini dinləmək, tələbələrin çoxsaylı suallarına verdiyi səmimi cavabları, xüsusilə müəllifin ifasında “Biri vardı, biri yox” şeirini dinləməyin bir ayrı zövqü vardı. Yeni nəşr olunan və tezliklə də çox populyarlaşan “Gənclik” jurnalının redaksiya heyəti ilə görüş, baş redaktor tanınmış şair Məmməd İsmayıl, gənc şair və yazarlar Məti Osmanoğlu, Səfər Alışarlı və başqaları ilə canlı ünsiyyətdə olmaq imkanı da tələbəlik illərimizin silinməz səhifələridir. Əlbəttə ki, tələbəlik illərinin xatirələrini danışmaqla bitməz
Sumqayıt Dövlət Universiteti həm də mənə ona görə doğmadır ki, mən burada oxuduğum illərdə özümə çoxlu doğma insanlar – dostlar qazanmışam. Tələbəlik illərindən başlanan dostluğumuzu indi də davam etdiririk. Tələbə yoldaşlarımızla vaxtaşırı görüşür, bir-birimizin xeyir-şərində iştirak edir, ehtiyac yarandıqda bir-birimizə maddi və mənəvi dəstək oluruq. Hər görüşümüz bizi gənclik illərimizə, tələbəlik illərimizə qaytarır. Bu gğrüşlərdə gəncləşirik, zarafatlaşırıq, xatirələrlə həmin illəri yenidən yaşayırıq. İndi sıralarımız daha da genişlənib. Ailəvi dostluq münasibətlərini davam etdirir, tez-tez görüşməyə səbəblər tapırıq.
Bizim tələbəlik illərimiz SDU-nun da gənclik illərinə təsadüf edirdi. 1950-60-cı illərdə Sumqayıt şəhərində iri sənaye müəssisələrinin tikintisi geniş vüsət almışdı. Sənaye şəhərində isə savadlı kadr potensialına, mühəndis-texniki işçilərinə böyük ehtiyacın yarandığını nəzərə alaraq 1962-ci ildə Sumqayıtda Azərbaycan Neft və Kimya İnstitutunun filialının açılması qərara alınmışdı. Elə həmin ilin sentyabr ayında 250 nəfərlik tələbə kontingenti ilə filial fəaliyətə başlamışdır. İlk dərs ilində filiala qəbul axşam və qiyabi şöbələr üzrə aparılmışdır. Növbəti illərdə əyani şöbə və filial- zavod sistemi üzrə də 2 fakültə – Kimya texnologiya və Energetika, avtomatika-mexanika fakültəsi üzrə bir neçə ixtisas üzrə mühəndislər hazırlanmağa başlanmışdır.
1992-ci ildə AzNKİ-nin Sumqayıt filialı Azərbaycan Sənaye İnstitutu, 2000-ci ildə Sumqayıt Dövlət Universiteti adlandırılmışdır. Ötən dövrdə Universitet sürətli inkişaf yolu keçmişdir. 1962-ci ildə 2 fakültə ilə tədrisə başlayan bu təhsil ocağında hazırda 7 fakültədə (Riyaziyyat, Fizika və elektroenergetika, Mühəndislik, Kimya və biologiya, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Filologiya) müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Universitetdə 29 kafedra, 6 Elmi-tədqiqat laboratoriyası, Tədris Metodiki Mərkəz, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. Vaxtıilə yalnız kimya və energetika sahələri üçün mütəxəssislər hazırlanırdısa, indi bununla yanaşı pedaqoji və iqtisadi yönümlü ixtisaslar üzrə də kadrlar hazırlanır.
SDU-nun məzunlarının xoş sorağı ölkə iqtisadiyyatının müxtəlif sahələrindən gəlir. Amma, yenidən sənaye potensialını bərpa edən, ən müasir texnologiyalar əsasında yeni müəssisələr tikilən Sumqayıt şəhərində SDU-nun məzunları öz karyeralarını qurur və əldə etdikləri yeni peşəkar bacarıqları sayəsində daha yüksək vəzifələrə irəli çəkilirlər. Sumqayıtda elə bir müəsisə tapmaq olmaz ki, orada SDU-nun məzunları layiqli yerlərini tutmasınlar. Elə işlədiyim ən müasir Avropa texnologiyası əsasında tikilmiş Sumqayıt Elektrik Stansiyasının direktoru Elşən Xudaverdiyev, mühəndis-texniki heyətin çoxu SDU-nun məzunlarıdır. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmov və başqa yüzlərlə uğurlu SDU məzunun adlarını qeyd etmək olar.
SDU-nun məzunlarından elmi yaradıcılığa üstünlük verənlər də çoxdur. Bir fərəhləndirici hal da odur ki, bu Universitet elə özü üçün də kadr potensialı hazırlayır. Bu Universitetin məzunlarından hazırda Universitetin idarəetməsində çalışanların, eləcə də həyatlarını elmə həsr edərək hazırda Universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olanların çox olması da burada tədris işlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Natiq Talıbov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Mühəndislik fakültəsinin dekanı Ulduz Ağayev, Kimya və biologiya fakültəsinin dekanı Mahal Muradov, Fizika və elektroenergetika fakültəsinin dekanı Tamella Əhmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayeva, Həmkarlar ittifaqı komitəsinin sədri Nemət İbayev SDU-nun məzunları olublar. Universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan məzunların sayı isə 100-dan çoxdur. Onlardan 36 nəfəri elmi dərəcəsi olan alimlərdir.
2014-cü ildə professor Elxan Hüseynovun rektor təyin edilməsi ilə Universitetdə sağlam mənəvi mühitin formalaşması, elmi yardacılığın, tədris işinin keyfiyyətinin yüksəldilməsi, universitetin maddi-texniki bazasının inkişaf etdirilməsinə diqqət daha da artırılmışdır. Xarici ölkə universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Birgə elmi konfranslar, simpoziumlar təşkil olunur, əməkdaşların xarici universitetlərə təcrübə müdadilələrinə, beynəlxalq konfranslara ezam edilməsinə imkan yaradılır. Universitet əməkdaşları dünyanın nüfuzlu elmi nəşrlərində məqalələr və elmi tezislərlə çıxış edirlər.
Universitetin hazırkı idarəetmə kursunu bəyənir, əldə edilən uğurlara görə sevinir və 32 ilin veteran məzunu kimi Universitetimlə fəxr və qürur hissi keçirirəm.
Sonda 60 illik yubileyi münasibəti ilə Sumqayıt Dövlət Universitetinin bütün əməkdaşlarını, məzunlarını ürəkdən təbrik edir, vətənin inkişafı naminə yorulmaz fəaliyyətlərində yeni uğurlar arzulayıram!
Qoy, Sumqayıt Dövlət Universiteti şəhərin ilk ali təhsil ocağı olduğu kimi elə nüfuzuna, fəaliyyətinə, təhsilin səviyyəsinə, ölkə idarəçiliyinə və iqtisadiyyatına verdiyi töhfələrə görə də ali təhsil müəssisələri arasında ilk yerlərdə qərar tutsun!

Feyruz Şivəxanov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər