Sumqayıt idmançıları bu gün nəinki ölkədə, eləcə də dünyada tanınırlar

1423

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin uğurları ilbəil artır

Sumqayıt, 14 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbində uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində düzgün qurulmuş işin nəticəsidir ki, təhsil ocağının yetirmələri hər il qatıldıqları yarışlardan medallarla qayıdırlar.
AZƏRTAC–ın müxbiri idman məktəbinə gedərək, burada yaradılan şəraitlə tanış olub. 1967-ci ildən fəaliyyət göstərən məktəb binası 2011–ci ildə əsaslı şəkildə yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Müasir standartlara cavab verən məktəbdə idmançılar üçün bütün lazımi şərait yaradılıb.
Sumqayıta ilk Olimpiya medalını gətirən, Afinada keçirilən 28-ci Yay Olimpiya Oyunlarının bürünc medalçısı, hazırda məktəbin direktoru, Əməkdar İdman Ustası Fuad Aslanovla söhbət zamanı bildirir ki, kompleks bir neçə korpusdan ibarətdir. Burada inzibati korpus, idman zalları, üzgüçülük hovuzu, müxtəlif təyinatlı otaqlar, mini stadion var.
“Məktəbimizdə idman növləri ilə hazırda 2 mindən çox şagird məşğul olur. Burada idmanın 14 növü üzrə 186 qrupda 86 müəllim–məşqçi fəaliyyət göstərir. Müəllimlərin 19-u Əməkdar Məşqçi, 2-si Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 1–i Əməkdar İdman Ustasıdır. Yetirmələrimiz neçə ildir ki, beynəlxalq arenalarda öz nəticələri ilə bizi sevindirirlər”, – deyən Fuad Aslanov 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında İlahə Rəciyevanın bürünc medal, 2015-ci ildə Elvin Məmişzadənin boks üzrə dünya çempionu adına layiq görüldüyünü qürurla vurğulayır. O, özü də bu məktəbin yetirməsidir.
Söhbətə qoşulan Əməkdar Məşqçi Vilayət İsgəndərov isə bildirir ki, 1981-ci ildən məktəbdə işləyir. İyirmi il bu məktəbə rəhbərlik edib. “Hazırda məktəbin rəhbəri mənim yetirməmdir. Keçmişlə bu günü müqayisə edəndə Azərbaycan çox inkişaf edib. Bütün dünyada idman ölkəsi kimi tanınır. Bu da Prezidentimizin uzaqgörən siyasətinin, ölkəmizdə idmana, idmançılara verilən dəstəyin nəticəsidir. Məktəbimizdə tez-tez şəhər və respublika səviyyəli yarışlar keçirilir, yüksək dərəcəli idmançılar hazırlanır”, – deyə Əməkdar Məşqçi qeyd edir.
Məktəbin boks ənənələri bu gün də davam etdirilir. Səkkiz ildir boksla məşğul olan Eldar Babayev deyir: “Atam boksçu olub, bu idmana həvəs məndə uşaqlıqdan yaranıb. Ötən il Azərbaycan birinciliyinin gümüş mükafatçısı olmuşam. Builki məqsədim isə qızıl medal qazanmaqdır. Daha sonra dünya, Olimpiya çempionu olmaq istəyirəm”. Eldar Babayev şəhərdə idmançılara yüksək səviyyədə qayğı göstərildiyini vurğulayaraq bildirir ki, hazırda məktəbdə məşqlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait var.
Məşqçilər də gənclərin uğurlarını artırmaq üçün bacarıqlarını əsirgəmirlər. Çünki tələbənin uğuru məşqçinin bar vermiş meyvəsidir. Boks üzrə Əməkdar Məşqçi Elbrus Rzayev məktəbdə boks bölməsində 14 məşqçinin çalışdığını bildirir və bu idman növünün Sumqayıt şəhərində kifayət qədər inkişaf etdiyini diqqətə çatdırır. Məşqçi uşaqların boksa böyük həvəs göstərməsini yüksək qiymətləndirir: “Məşqə gəlmək hələ, o demək deyil ki, idmançı olacaqlar. Yox, sadəcə olaraq burada perspektiv idmançılar üzə çıxır və ən əsası yeniyetmələr asudə vaxtlarını səmərəli keçirir, bir çox zərərli vərdişlərdən uzaq olurlar”.
Yenidən sənaye mərkəzinə çevrilən Sumqayıt şəhəri bu gün artıq idmançıları ilə nəinki ölkədə, eləcə də dünyada tanınır. Dünya karatesinin “brilyantı” Rafael Ağayev, ikiqat Paralimpiya Oyunlarının qızıl medalçısı İlham Zəkiyev, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov, MDB ölkələri arasında taekvando üzrə ilk və yeganə dünya çempionu Niyaməddin Paşayev və digərləri Sumqayıt idmanının fəxrləridir. Bütün bu uğurlara isə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana göstərdikləri diqqət və qayğı nəticəsində nail olunub.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər