Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi : "Son 2 ildə uşaq ölümləri 2 dəfə azalıb" - MÜSAHİBƏ

8108

Dünyanın ən məsum varlıqları olan uşaqların müayinə və müalicəsi ilə məşğul olan bir çox uşaq xəstəxanası var. Uşaqlarda ölüm hallarının qarşısının alınması, xəstəliklərə şəfa tapılması onların əsas məqsəd və vəzifələrindən biridir.

Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli ilə müsahibəni təqdim edirik:

HAŞİYƏ: Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990-1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996-1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997-1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004-2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib. 2015-2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimidir.
Qeyd edək ki, M.Məmmədli 2013-2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində “Səhiyyə təşkilatlarının menecmenti” ixtisasına da yiyələnib. 2016-cı ildən isə Rusiya Pediatrlar İttifaqının üzvüdür.

– Sumqayıt Uşaq Xəstəxanasının baş həkimisiniz və dünyanın ən məsum insanlarını sağaltmaqla məşğulsunuz. Sizcə, belə bir xəstəxananın baş həkimi necə olmalıdır?

– Baş həkimin vəzifəsi məsuliyyətli və çətindir. Burada əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi, müəssisənin fəaliyyətinin təhlili, onun əsasında işin forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlərin görülməsi, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün atılan addımların müəyyənləşdirilməsi, işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə tədbirlərlə yanaşı, daxili intizam, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsi və s. öhdəliklər durur. Bizim vəzifəmiz insanlara yüksək səviyyədə xidmət göstərmək, onlara şəfa verməkdir.

– Xəstəxanaya kadrların cəlb olunması prosesi necə aparılır?

– Yaxşı mütəxəssis tibbi xidmətin əsas göstəricilərindən biridir. Və bu baxımdan bizim xəstəxananın imkanları genişdir. Xəstəxanamıza gənc kadrları cəlb etməklə onların püxtələşməsində, inkişafında da rol oynamağa çalışırıq. Həkimlərimizin peşəkarlığı isə özünü ötən illərlə müqayisədə istər xidmətin yüksək səviyyədə göstərilməsində, istərsə də belə xoşagəlməz halların azalmasında gözlə görünə biləcək qədər göstərir.

Hazırda həkimlərimiz tərəfindən müxtəlif əməliyyatlar peşəkarcasına yerinə yetirilir. Xatırladım ki, 2017-ci ilin ortalarında Hacı Zeynalabdin qəsəbəsində kütləvi rotavirus mənşəli bağırsaq infeksiyası yayıldı. Səhiyyə Nazirliyi, şəhər rəhbərliyi, eləcə də uşaq xəstəxanasının tibb heyəti birgə iş görərək bu problemin vaxtında qarşısının alınmasına nail oldu. Bunun nəticəsi idi ki, xəstələrdə heç bir ağırlaşma və ölüm hadisəsi qeydə alınmadı. Onların hamısı tam müalicə olunduqdan sonra evlərinə buraxıldı.

– İş prosesində bəzən nöqsanlara yol verən həkimlərə də rast gəlinir. Sizdə necə, belə həkimlər varmı? Varsa, bu tibb işçiləri barəsində hansı tədbirlər görülür?

– Xəstəxanamızda bu il həkimlərin işdən çıxarılma halı baş verməyib. Həkimlərin töhmət alması və ya müvafiq cəzaların tətbiqi halları isə qeydə alınıb. Çalışırıq ki, xəstəxanamızda xoşagəlməz hallar olmasın.

– Bu il xəstəxanaya nə qədər pasiyent müraciət edib? Ümumiyyətlə ötən illərlə müqayisədə artma, ya azalma müşahidə olunur?

– Son 2 il ərzində xəstəxanamıza müraciət edənlərin sayı artmaqla yanaşı, uşaq ölümlərinin sayı da azalıb. Belə ki, 2015-ci ildə 8959 xəstə müraciət edib və 74 uşaq ölümü qeydə alınıb. 2016-cı ildə xəstəxanaya 10 648 müraciət daxil olub və uşaq ölümü 49-a düşüb. Faktlar bir daha göstərir ki, son 2 ildə uşaq ölümləri 2 dəfə azalıb. Bunun üçün kollektivimizin və xəstəxana şəraitinin rolu böyükdür.

– Xəstəxananın şəraitindən söz düşmüşkən, hazırda vəziyyət necədir?

– Təmirdən sonra demək olar ki, hər şey yeniləndi. Xəstəxanaya müasir avadanlıqlar alındı. Bu avadanlıqların alınması nəticəsində isə bizim əhaliyə daha yüksək keyfiyyətlə xidmət etməmiz reallaşdı. Yoluxucu xəstəliklər şöbəsində anaferon, arqeferon, qroprinosin preparatları, pediatriya şöbəsinə monitor, küvez və d. avadanlıqların quraşdırılması xəstəxanamızın daha yaxşı xidmət göstərməsi üçün mühüm addımlardan biri idi. Bunlardan başqa yeni avadanlıqların alınması və şəraitin yaxşılaşdırılmasından sonra artıq həkimlər əvvəl praktiki cəhətdən edə bilmədiklərini indi rahat həyata keçirirlər və təbii ki, bunun əhəmiyyəti həm şəhərimiz, həm də insanlarımız üçün önəmlidir.
Onu da qeyd edim ki, bizə Sumqayıtdan kənar yerlərdə yaşayan insanlar da müraciət edir və başqa yerlərdə tapa bilmədikləri şəfanı bizdə tapırlar.

– Maraqlıdır, elə xəstələr olurmu ki, onları müalicə və ya əməliyyat etməniz mümkün olmadığı üçün Bakıya və ya başqa yerə göndərirsiniz?

– Bəli, o cür hallar olar. Buna misal olaraq, uşaqlarda olan ürək probleminin əməliyyatını qeyd etmək olar. Bizim xəstəxanımızda bunu edə bilmirik. Və bu səbəbdən də o uşaqları ya paytaxta, ya da digər yerlərə yönləndiririk. Bu və digər əməliyyatların da xəstəxanımızda aparılması üçün addımlar atılır. Bunun üçün çox savadlı həkimlər və yeni avadanlıqlar vacibdir. Gələcək üçün bunların hamısı planlaşdırılıb.

– Bir çox xəstəxanada müalicə olunan uşaqların valideynlərinin onlarla qalması üçün otaq ayrılmır və ya onlara övladları ilə qalmağa icazə verilmir. Bəs sizin xəstəxananızda buna qadağa varmı?

– Xeyr, biz bunu qadağan etmirik. Müalicə alan uşaqların yanında valideynlərindən biri qala bilər. Biz valideynlər üçün də şərait yaratmışıq.

– Müalicə olunub evə buraxıldıqdan sonra elə xəstələr olurmu ki, yenidən o problemlə bağlı müraciət etsinlər?

– Bu cür hallar baş verir. Bunu deyim ki, 1-ci dərəcəli olan xəstəliklərin müalicəsi, 2-ci dərəcəli eyni xəstəliklə bağlı müraciətlərin müalicəsindən daha rahat olur. Bəzən elə olur ki, valideynlər övladlarının tam sağalmağını gözləmirlər və ya ehtiyatsızlıq edirlər. Onlar bunu başa düşməlidir ki, xəstəliyin müalicəsi olsa belə, bir müddət buna ciddi nəzarət vacibdir. Və bu proses xəstəxanadan kənarda da davam etdirilməlidir.

– Xəstələr evə buraxıldıqdan sonra onların sonrakı vəziyyəti ilə nə dərəcədə maraqlanırsınız?

– Xəstə tam müayinə olunub, sağlamlığına əmin olunduqdan sonra onun evə buraxılması prosesi başlayır. Bundan sonra isə valideynlərlə mütəmadi olaraq əlaqə saxlanılır və hansısa hal baş verdiyi anda yenidən heç bir vaxt itirmədən müdaxilə olunur.

– Son vaxtlar bir çox yerdə müraciət edənlərin şikayət və təklifləri üçün xüsusi kitabçalar və ya xüsusi otaqlar yaradılır. Bu proses sizin xəstəxanada necədir?

– Xəstəxanamıza müraciət edən hər bir şəxsin məlumatları internet vasitəsi ilə bizə ötürülür. Və mən baş həkim olaraq kimin hansı xəstəliklə bağlı müraciətinə hər an baxa bilirəm. Bu cür hallar yaşananda isə müraciət edən şəxslər bizə hesabları vasitəsilə bildirə bilərlər. Çalışırıq ki, xəstəxanımızda şikayət ediləcək məsələlər ümumiyyətlə olmasın, təkliflərə isə hər zaman açığıq.

– 2018-ci il üçün Sumqayıt şəhər Uşaq Xəstəxanasının hədəfləri nələrdir?

– Yeni ildə yeni avadanlıqların alınması bizim üçün əsas hədəflərdən biridir. Bunlardan başqa xəstəxananın işçilərinin peşəkarlaşması üçün atılan addımlar, ötən illərlə müqayisədə ölüm hallarının azaldılması, daha çox insanların şəfa tapması bizim əsas istəklərimiz sırasındadır. Biz çalışırıq ki, xəstəxanımızda bütün xəstəliklərin müalicəsi həyata keçirilsin və bu baxımdan bir çox hədəfləri artıq müəyyənləşdirmişik.

Yaradılan şərait üçün ölkə başçısına, şəhər rəhbərliyinə və Səhiyyə nazirliyinə minnətdarlığımızı bildiririk.

Hicranə İsmayılova, xeberle.com

 

www.sumqayitxeber.com

Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər