Sumqayıtda Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

678
Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan “Dahi Bəstəkar” adlı tədbir təşkil olundu
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, ictimai xadim, Dövlət mükafatı laureatı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan “Dahi Bəstəkar” adlı tədbiri keçirib. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında qonaqlara geniş məlumat verilib. Yubiley Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanovun rəhbərlik etdiyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin xalq çalğı alətləri orkestrinin ifası ilə başlayıb. Sonra məktəbin müəllim və şagirdlərinin ifasında dahi bəstəkarın ”Gözün aydın” musiqili komediyasından Rəqs, ”Şeyx Sənan” operasından “Kor ərəbin mahnısı”, ”Gülür ellər”, ”Mən səni araram”, ”Reyhan”, ”Qarabağ inciləri” və başqa əsərləri səsləndirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək, Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirovun milli musiqi mədəniyyətimizə yeni nəfəs əlavə etdiyini, onun yaradıcılığının hər zaman dövlətin diqqətində olduğunu, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görüldüyünü qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki mərhələsində bəstəkarın yaradıcılığına xüsusi qayğı göstərib. Ulu öndərin imzaladığı Sərəncama əsasən bəstəkarın 80 illik yubileyinin ölkədə yüksək səviyyədə təşkil edildiyini, seçilmiş əsərlərinin beş cildliyinin nəşr olunduğunu, haqqında sənədli filmin çəkildiyini qeyd edib. İdarə rəisi vurğulayıb ki, bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, ölkə rəhbərinin müvafiq sərəncamları ilə Fikrət Əmirovun 90 və 100 illik yubileyləri dövlət səviyyəsində keçirilib və 2011-ci ildə Bakı şəhərinin mərkəzində onun adını daşıyan küçədəki kiçik bağda abidəsi ucaldılıb. R.Əliyev bu gün Sumqayıt şəhərində fəaliyyət göstərən Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, Bülbül və Ə.Bakıxanovun adını daşıyan uşaq musiqi və incəsənət məktəblərində milli incəsənət ənənələrinə yeni nəfəs gətirə biləcək gənc istedadlı şagirdlərin olduğunu bildirərək, onlara gələcəkdə görkəmli bəstəkarların peşəkar musiqi ənənələrinin davam etdirmələrini arzulayıb. Sonda tədbirin təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.
Azərbaycan musiqisinə “Sevil”i, “Min bir gecəni”, ”Şur”u bəxş edən, yazdığı əsərlərdə öz bənzərsiz üslubunu yaradan, musiqisi xarici ölkə dinləyicilərini heyrətləndirən, könülləri fəth edən, Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan tədbir qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər