Sumqayıtda internatda böyüyən məşhur müğənninin həyat hekayəsi

625

Kulis.az müğənni Bahar Lətifqızı haqqında maraqlı faktları təqdim edir.

Əsl adı Samirə, soyadı Şahverdiyeva olan Bahar Lətifqızı 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Altı yaşına qədər ata, ana himayəsində yaşayan Baharın valideynləri sonradan ayrılıblar.

Valideynləri ayrılandan sonra Bahar qardaşı ilə birlikdə 1 saylı internatda yaşamağa və orada oxumağa başlayıb. Həmin günləri müsahibələrinin birində Bahar belə xatırlayıb:

“Uşaqlara qulluq edirdim, analıq etməyə çalışırdım. İkinci sinifdə oxuyurdum, qardaşımın corabları təmizdirmi, səhər dərsə nə geyinəcək deyə düşünürdüm. Səhər dərsə gedirdik, günorta yeməyindən sonra iki saat gəzirdik. Axşam hazırlığından sonra yemək yeyib yatırdıq. Palatanı özümüz yığışdırırdıq, paltarlarımı özüm yuyurdum. Çox adam elə bilir ki, mənim anamın evi olub, amma bizi internata qoyub. Xeyr, belə deyil. Atamla anam ayrıldı. Sonra atam dünyasını dəyişdi. Anam ikinci dəfə ailə qursa da, bizi dolandıra bilmədi. O, çöllərdə qalırdı. Heç kim mənim anamı təhqir edə bilməz, mən həmin adamı bağışlamaram. Anamı sevdiyim qədər nifrət etmişəm, nifrət etdiyim qədər də sevmişəm. Anam bizi internata qoyandan sonra yanımıza gəlib gedirdi, amma mən onu istəməmişəm. Qəlb şüşə kimidir, qırıldı, qurtardı. Mən istəməzdim internatda qalım. İstəyirdim ki, anamın yanında yatım gecələr. Səhərlər məni məktəbə yola salsın, saçlarımı darasın. Bunların heç biri olmadı, mən özüm özbaşına böyüdüm. Qardaşıma həm bacı, həm də ana oldum. O da mənim həm atam, həm anam olub. Mənim qardaşımla uşaqlıq şəklim azdır. Hətta bir şəklimiz var. O şəkli mən yataq otağımdan vurmuşam. Hər səhər o şəklə baxıb, Allaha şükür edirəm. O vaxtlar qardaşımın yanından ayrılmırdım. Qardaşım futbol oynamağa gedəndə, onun şalvarından yapışıb qalırdım. Hətta o, mənə acıqlanırdı, deyirdi, rədd ol buradan. Amma mən yenə ondan əl çəkmirdim. Bayramlarda uşaqların anasının əlindən tutub getməsinə baxıb ağlayırdım. Deyirdim, kaş, o uşaqların yerinə mən olardım”.

Günlərin birində Məmmədbağır Bağırzadə ilə Hüseyn Arif Bahargilin qaldıqları internata qonaq gəliblər. Bahar Məmmədbağır müəllimə yaxınlaşıb deyib ki, əmi, məni birgünlük evinizə apararsınız? Məmmədbağır Bağırzadə isə onun başını sığallayıb gülümsəyib.

İnternatda təhsil aldığı illərdə Sumqayıtda yerləşən klubların birinə musiqi qabiliyyəti olan istedadlı uşaqlar cəlb olunub. Klubda fəaliyyət göstərən Sədulla adlı tarzən internata gələrək Baharı həmin kluba aparıb. Burada Bahar konsertlərə hazırlaşıb, özfəaliyyət tədbirlərində oxuyub.

Bahar internatda yaşadığı illərdə çox əziyyətlər çəkib. Bir qarnı ac, bir qarnı tox yaşamağa öyrəşib. Hətta bir dəfə yay vaxtı zibilxanadan tapdığı qarpız qabıqlarını da yediyini etiraf etməkdən çəkinməyib.

İnternat dövrü başa çatandan sonra Bahar qardaşı ilə birgə oradan çıxıb. Bu zaman artıq Baharın anasına dövlət tərəfindən ev verilib. Onlar həmin evdə yaşamağa başlayıblar. Ancaq aclıq günləri bitməyib. Bahargilin ailəsi internatdan sonrakı dövrlərdə də aclıq çəkib. Bahar tez-tez qonşulara çörək üçün borca gedib. Hər dəfə qonşularından çörək alanda, axşam çörəyi geri qaytaracağına söz versə də, buna əməl edə bilməyib. Ona görə də o, qonşulardan utandığından axşam düşəndə evlərinin işıqlarını söndürüb ki, qonşuları onların evdə olduğunu bilməsin. Sonralar isə o, qonşulara çörək üçün getməkdən utanıb. Binalarının mərtəbələrində yığılan quru çörəkləri, vaxtı keçmiş piroq qırıntılarını böyük paketlərə yığıb evlərinə gətirib.

Ancaq evlərinə qayıdandan bir müddət sonra Baharın yaşadığı çətinliklər onun atalığının qohumlarının gözündən yayınmayıb. Baharın qardaşı əsgər gedir, anasını maşın vurub. Xəstə ana ilə tək qalan Bahara atalığının bacıları köməklik ediblər. Ona paltar alıblar, evlərində saxlayıblar. İş elə gətirib ki, Baharın atalığı da bir müddət sonra dünyasını dəyişib. Yaxşı səsi olan Bahar on altı yaşından toylara getməyə başlayıb.

On səkkiz yaşında Bahar ailəsinin razılığı olmadan nişanlı olduğu oğlana qoşulub qaçıb. Toyları olub. Ancaq Baharın bu evliliyi uğursuz alınıb. İki il ailəli olan Bahar günlərin birində həyat yoldaşından ayrılmaq məcburiyyətində qalıb. Bahar ikinci dəfə özündən yaşca böyük bir insanla ailə həyatı qurub. Doqquz il birlikdə yaşasalar da, Baharın övladı olmadığı üçün onlar ayrılıblar. Nəhayət, Bahar üçüncü dəfə ailə həyatı qurub və bu evlilikdən onun bir qızı doğulub. Amma müğənni bu evliliyinə də müəyyən səbəblərə görə son verməli olub.

Bahar atasının ölüm xəbərini on beş yaşı olanda qohumlarının birindən öyrənib. Ağlaya-ağlaya evə gələn Bahar stolun altına girib paltar sərilən sancaqları götürüb çeynəyə-çeynəyə stulun altında oturub ağlayıb. Bir saatdan sonra o, bütün sancaqları çeynəyib qırdığını görüb.

Sonralar o, atasının qəbrini tapmaqda əziyyət çəkib. Atası əslən Füzulidən olduğundan bu işdə ona həmkarı və dostu Manaf Ağayev köməklik edib. Uzun illərdən sonra müğənni atasının qəbrini tapıb onun üstünü götürüb.

Bahar musiqi aləminə el şənlikləri ilə gəlib. Bir müddət keçib özünə məxsus səsi qısa zamanda insanlar tərəfindən sevilib. Onu tamaşaçılara isə “Nənəmin nağılları” adlı ifa etdiyi mahnısı sevdirib. Bu həzin mahnı onun vizit kartı hesab olunur.

Hazırda iki qızı ilə birgə yaşayan müğənni keçmişinin ağrı-acılı günlərini unudub “Çağır aləmi”, “Gecələr”, “Divanələr” adlı mahnıları ilə pərəstişkarlarını sevindirir.

Bahar haqqında yayılan ən məşhur şayiələrdən biri isə onun iki qızından əlavə bir oğlunun olmasıdır. Deyilənlərə görə, müğənni oğlunu hər kəsdən gizlətmək üçün ciddi səy göstərib. Bu barədə ondan soruşanda belə cavab verib:

“14 il övladım olmadı, mən də arzulayırdım ki, mənim də övladım olsun. Ona görə də, iki dəfə ayrılmışam. Sonra iki qızım oldu. O oğlan, əslində, mənin oğlum kimidir. Onu da biləsiniz. Mənim qardaşlığım Çingizin övladıdır. Biz ailəvi möhkəm dostuq. Özü ilə də, yoldaşı ilə də, valideynləri ilə də. İstəmirəm belə şayiələr olsun. Baharın Tunar adında oğlu var, onu gizlədir. Yox, bu cür deyil. O, mənim bacımın, qardaşımın övladıdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər