Sumqayıtın 7 nömrəli avtobusu kimi

269

Afət Yaqubova
f61514e2e6759f4771c3f433e578d183İki həftə idi ki, əyləci basanda maşınım “uuuuuu!!!” eləyirdi. Lap Sumqayıtın o baş-bu başına işləyən 7 nömrəli avtobusu kimi. Balaca maşından çıxan bu səsin bütün qlamur havasını dağıtdığını düşünüb, özümü servisdəki ustama yetirdim.

Texniki baxışdan sonra “əyləc yastıqları yeyilib, haradasa 20% qalıb, idarə edə bilərsən, amma bax da…” “Səbəbi tez-tez əyləci basmağındır” – dedi.

Və anladım ki, hər addımda uğultu ilə yanımızdan keçən, hər gün içində oturan, yanından piyada və ya maşınla keçən yüzlərlə insanın taleyi tapşırılmış bu avtobuslardan çıxan o səs yeyilmiş əyləc yastıqlarının səsidir. Səbəbi isə sadədir – tıxaclar, hər addımda saxlayıb adam götürmə, vaxtı uzatmaq üçün “darta-darta” getmə…

2 gün əvvəl eşitdiyimiz xəbər isə faciə olmasaydı, yəqin ki, güldürərdi: 2 avtobus qəza edib, yola tökülüb mübahisə edən adamları da yoldan keçən 3-cü avtobus basıb, ölən və yaralananlar var. Digər xəbər isə sosial şəbəkədəki jurnalist dostlarımdan birinin paylaşması idi – avtobus sürücüsü dayanacaqdakı adamların üstünə gedib. Sürücü düşüb insanlardan üzr istəmək əvəzinə, maşının harasının əzildiyini yoxlayıb.

…Hər gün də nə qədər yayılan və yayılmayan belə xəbər. Bir də sükan arxasında içən (çay), çəkən (siqaret), telefonla danışan, söyüş söyən sərnişin avtobusu sürücüləri.

Həyatımız haçansa haqqında “bir şofer də ola bilməyəcək ki?!” deyilmiş adamların qabiliyyət və məsuliyyətindən asılı qalıb.

Əlaqədar icra qurumunun – Nəqliyyat Nazirliyin və ya elə bu sərnişin avtobuslarının aid olduğu şirkətlərin yanaşması da hamımıza məlum: hadisədən sonra zəng edən jurnalistlərə “sürücü cəzalandırılıb” cavabı.

Amma Molla Nəsrəddinin ondan ulağını istəyən qonşusu il bağlı bir lətifəsi də var axı… Öz qulaqlarınızla eşitdiyiniz “tormoz nakladkalarının” səsinə inanırsınız, yoxsa ..?

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər