Tahir Mirkişili: “Gələn il büdcə gəlirləri planlaşdırıldığından çox olacaq”

447

“Azərbaycanda dövlət büdcəsi gəlirlərinin bu ilin yanvar-oktyabr ayları üzrə icra göstəriciləri gələn ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Təqdim edilmiş layihədə 2023-cü il üçün büdcə gəlirləri 2022-ci illə müqayisədə 1 milyard 522,9 milyon manat çox – 30 milyard 720,7 milyon manat nəzərdə tutulub. Artımın təqribən yarısı qeyri-neft-qaz sektorunun, yarısı isə neft-qaz sektorunun payına düşür. Vergi və gömrük orqanlarının vastitəsilə təmin olunan gəlirlərin 1 milyard 807 milyon manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını da qeyd edirik”, – o qeyd edib.

“Neft sektorundan büdcə gəlirlərinin artmasının əsas səbəbi “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin təxminən 700 milyon manat çox, yəni 2 milyard 875 milyon manat planlaşdırılması olub Ümumiyyətlə, ölkəmizin qaz ixracının həcm və coğrafiya olaraq genişlənməsi, bundan dövət büdcəsinin, demək həm də, vətəndaşların faydalanması ölkə prezidentinin geo-iqtisadi siyasətinin bəhrəsinin bariz nümunəsidir”, – T.Mirkişili bildirib.

“Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən gələn gəlirlərin 2022-ci ilə nisbətən 3 dəfə çox, yəni 321,2 milyon manat planlaşdırılmasını təqdirə layiq hal hesab etmək yanaşı, bu müəssisələrdə səmərəliliyin və xərclərə nəzarətin artırılması üçün davamlı işlərin görülməsinin də vacibliyini qeyd etmək istərdik. Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin 235 milyon manat azaldılmasını və növbəti 3 ildə də orta hesabla o qədər azaldılmasının hədəflənməsini məqbul hesab edir və bunun dövlət başçısının imzaladığı fərmanlaverdiyi göstərişlərə, Büdcə qaydasının hədəflərinə və sosial-iqtisadi strategiyanın hədəflərinə uyğun gəldiyini hesab edirik”, – deputat vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər