Türkiyə və Azərbaycan ən çətin dövrlərində həmişə bir- birinin yanında olub

283

“Mən dəfələrlə demişəm,bu gün də demək istəyirəm ki,uğurlarımızın əsas mənbəyi bizim birliyimizdir”.
İlham Əliyev

Həyat gözlənilməz hadisələrlə doludur.Yaradılışın ilk günündən Xeyirlə Şərin mübarizəsi davam edib.Və heç kim heç bir zaman təbii fəlakətlərdən sığortalanmayıb.
Son günlər hər kəsin könlünü göynədən, ürəyinə toxunan bir hadisə gündəmi zəbt edib.Qardaş Türkiyədə baş verən dəhşətli fəlakət minlərlə insan itkisinə, minlərlə insanın yaralanmasına, ev- eşiyinin dağılmasına, ailələrin bir- birindən ayrı düşməsinə səbəb oldu.
Zəlzələ xəbəri çatar- çatmaz Azərbaycan bütövlüklə ayağa qalxdı.Dar gündə qardaşının yanında olduğunu göstərdi.
Fevralın 6- da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng vuraraq başsağlığı verdi.Prezident hər cür yardım göstərməyə hazır olduğunu, qardaş dərdinə qardaşca şərik çıxdığını bildirdi.
Fevralın 8- də isə Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verdi.Bu fəlakətdən Azərbaycan xalqının çox sarsıldığını, qardaş Türkiyənin dərdinə şərik olduğunu söylədi.
Prezident bəyan etdi ki, Azərbaycan axıradək öz köməyini göstərəcək.
Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban Əliyeva özünün rəsmi instaqram səhifəsində baş vermiş faciə ilə bağlı kədərini paylaşdı.
“Əsil dost dar gündə tanınar”-, deyib babalarımız.Bölgələrdən, rayonlardan, kəndlərdən başlayan insan axını öz yardımını dar gündə olan dostuna, qardaşına çatdırmağa tələsdi.Həm dövlət, həm də vətəndaşlar səviyyəsində Azərbaycanın Türkiyənin yanında olduğu isbatlandı.
Dərhal Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri hadisə yerinə yollandılar.Həkim briqadası da operativ şəkildə yardıma tələsdi.
Yorğan, döşək, xilasetmə avadanlıqları, generator, nasos stansiyaları, mobil səhra hospitalları, tibbi avadanlıqlar, dərman preparatları, yataq dəstləri, çadır və çarpayılar, isti uşaq geyimləri ilə dolu yola düşən təyyarələr və avtomobil karvanları qardaş ürəyi ilə bir vuran ürəyinin döyüntülərini, böyük sevgini ehtiva edir.
Bakı və Naxçıvanda bütün xəstəxanalarda gərəkən şərait düzənləndi.Çarpayılar təşkil olundu.
Prezident İlham Əliyev zəlzələdən zərər çəkmiş yaralıların müalicəsinin də Azərbaycanda gerçəkləşdirmək imkanını bildirdi.
Heydər Əliyev Fondu yardım kompaniyasına start verdi. Habelə Türkiyədə böyük imkanlara malik SOCAR güclü dəstəyi ilə Türkiyənin yanındadır.
Heydər Əliyev Fondunun və ASAN xidmətin nəzdindəki yetərincə təcrübəyə malik könüllülər də öz köməklərini əsirgəmədilər.
Qürurla söyləyə bilərik ki, Türkiyə dövləti də təbii fəlakətə operativ reaksiya verdi,çevik addımlar atdı. Gücünü bir daha dünyaya göstərən Türkiyə bu sınaqdan da üzüağ çıxdı.Məlum hadisə bir daha Türkiyə – Azərbaycan qardaşlığının sınağına çevrildi.
Azərbaycan- Türkiyə qardaşlığının qədim tarixi köləri vardır. Türkiyə və Azərbaycan ən çətin dövrlərində həmişə bir- birinin yanında olub, bir- birinə qardaş dəstəyini nümayiş etdiriblər.
Bu qardaşlığın qədimliyi Ümummilli lider Heydər Əliyevin: ” Bir millət, iki dövlət” və Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün: “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamlarında da öz əksini tapır.

Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər