Vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir

587

Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan aydan-aya regional və qlobal miqyasda nüfuzu və mövqeyi olan bir dövlətə çevrilir, beynəlxalq arenada müsbət imici möhkəmlənir. Bu tendensiya, demək olar ki, bütün sahələrdə – siyasət, iqtisadiyyat, humanitar, təhlükəsizlik, nəqliyyat, mədəniyyət, idman sferalarında özünü göstərir. Böyük güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan, Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqeyinin gücləndirilməsində səmərəli istifadə edir.
Son 19 ildə Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, dahi şəxsiyyətin ideyalarını bütün sahələrdə layiqincə reallaşdırıb, bu da Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırılmasına, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Bu reallıq insanların sosial şəraitinin yaxşılaşdırılmasına, iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.
Ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. 2002-ci il sentyabrın 18-də Bakıda – Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu, 2003-cü ilin fevral ayında kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi və Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi. Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu. Nəhayət, 2005-ci il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir, 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda, ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Uzunluğu 1768 kilometr olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı Azərbaycandan nəql edir. Bundan əlavə, hazırda Türkmənistan nefti də bu boru kəməri vasitəsilə nəql olunur. 2013-cü ilin oktyabrından etibarən isə BTC boru kəməri ilə yenidən müəyyən həcmdə Qazaxıstanın “Tengiz” yatağından çıxarılan xam neftinin nəqlinə başlanıldı.
2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. Bundan sonra 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzaladılar və 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. 2020-ci ilin noyabr ayında isə Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirildi və 2020-ci il dekabrın 31-də Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanıldı. Təbii ki, bu tarixlər Azərbaycan və Azərbaycan xalqı üçün önəmli tarixlərdir.
Ötən dövr ərzində avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu və tarixi İpək yolu üzərində qurulan Bakı-Tbilisi-Qars dəmir yolu, regional ticarətin inkişafına töhvə verməklə, Avropa ilə Asiya arasında yükdaşımalar sistemində mal dövriyyəsinin artmasına şərait yaradır və qlobal nəqliyyat sistemində böyük rol oynayır. Eyni zamanda bu logistika qovşağı, Çin, Mərkəzi Asiya ölkələri və Əfqanıstanın, Avropaya və Türkiyənin Aralıq dənizi sahilində yerləşən limanlar vasitəsi ilə Yaxın Şərq regionu və Şimali Afrika ölkələrinə çıxışını asanlaşdırmaqla, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizinin əhəmiyyətini artırmış olacaq.
Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə, eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Şimal-Cənub dəhlizi isə əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb.
Diqqətəlayiq haldır ki, Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. 2020-ci ilin hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni telekommunikasiya peykini (“Azerspace-1”) orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədi ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.
Ötən 19 il ərzində ölkə iqtisadiyyatına 280 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısını xarici sərmayələr təşkil edib. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib. Azərbaycana investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiya yerləşib. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9 mindən çox şirkəti qeydiyyatdan keçib. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun güclənməsi Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Son 15 ildə Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Ümumilikdə bu müddətdə Azərbaycandan xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yönəldilib.
Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. 2004-cü ildən etibarən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırılmış, əhalinin rifah halı yüksəlmişdir. Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində 4 minə yaxın məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.
Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş, 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirmiş və yeni bölgüyə əsasən iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılmışdır. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılmışdır.
2019-cu ildə dördüncü Dövlət Proqramı çərçivəsində regionların sosial-iqtisadi inkişafına 7,2 milyard manat vəsait yönəldilib və Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırda uğurla həyata keçirilir. Ulu öndərin təbirincə desək, həqiqətən də yaxın gələcəkdə “Azərbaycan dünyaya Günəş kimi doğacaq!”

Rafiq Oday,
Əməkdar jurnalist

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər