Xeyirxahlıq missiyasına sadiqlik

475

Dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il aprelin 7-də imzaladığı sərəncamla hər ilin 10 mart tarixi Azərbaycan Qızıl Aypara Günü kimi qeyd olunur.
Cəmiyyət hər zaman ehtiyacı olan insanlara humanitar yardım, təmənnasız sosial-tibbi xidmətlər göstərmiş, müxtəlif fəlakətdən zərərçəkmişlərə lazımi dəstək vermişdir. Eyni zamanda, özünün fəaliyyət dairəsini daha da genişləndirərək, Beynəlxalq Hərəkatın inkişafına töhfəsini vermişdir. Azərbaycan Respublikasının Prezidenti, Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin hər zaman qayğısını hiss edirik. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qəbul edilmiş Qanun, “Qızıl Aypara Günü”nün təsis olunması, Nazirlər Kabinetinin müvafiq sərəncamları buna bariz nümunədir.
Cəmiyyətin Sumqayıt bölməsinin fəaliyyət istiqaməti çoxsahəlidir. Şəhərdə müxtəlif humanitar yönümlü layihələri uğurla həyata keçirmişik. Qarşılıqlı əməkdaşlıq sayəsində fəaliyyətimizdə nəzərə çarpan irəliləyişlərə nail olunmuşdur. Gənclərin və könüllülərin həyata keçirilən layihələrə cəlb edilməsi isitiqamətində kifayət qədər işlər görülmüşdür. Xüsusilə, qan donorluğu, ilk yardım və fəlakətlər zamanı zərərçəkmiş insanlara zəruri yardımların göstərilməsində fəal olmuşuq. Qardaş Türkiyədə baş vermiş təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardımların edilməsində də əlimizdən gələni əsirgəməmişik.
Bölmənin qeydiyyatında olan tənha və kimsəsiz ahıllara, şəhid, qazi və aztəminatlı ailələrə daim qayğı ilə yanaşılır, onlar üçün Novruz, Ramazan, Qurban bayramlarında süfrələr açılır. Bu işdə bir çox qurumlar bizə dəstək olur. SOCAR Polymer MMC, Paşa Bank ASC, Paşa Həyat Sığorta ASC, Paşa Sığorta, şəhər icra hakimiyyəti, Qətər Dövləti və QAC Baş idarəsi, «Azərsu» ASC və digər ənənəvi xeyriyyəçilərimiz tərəfindən bayram sovqatları paylanılmışdır.
2022-ci il ərzində bölməmiz tərəfindən ümumilikdə 2188 ailəyə və uşaqlara ərzaq bağlamaları və qeyri-ərzaq ləvazimatları paylanılmışdır.
“Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyası artıq on üç ildir ki, ənənə halını almışdır. Bu aksiyada şəhid, qazi, hər iki valideynini itirmiş uşaq və yeniyetmələr qış geyimləri ilə təmin olunmuşlar. Geyimlərin alınmasında SOCAR Polymer MMC, Paşa Həyat Sığorta ASC, Sumqayıt Tibb Mərkəzi, Unikal Klinika, Karbamid zavodu, QAC Sumqayıt şəhər bölməsi 170 uşağa yardım etmişdir. Bundan əlavə, SOCAR Polymer MMC-nin sponsorluğu ilə Yeni il şənliyi də düzənlənmiş, bayram süfrəsi ətrafında əyləşən uşaqları cizgi filmlərin qəhrəmanları şənləndirmiş, Sumqayıt Musiqi Kollecinin müəllim və tələbə heyəti musiqi nömrələri ilə tədbirə rəng qatmış, sonda 138 uşaq bayram hədiyyələri ilə sevindirilmişdir.
Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birgə tədbirlərimizdə rəsm müsabiqəsinin qalibi olan uşaqlara tərəfimizdən 56 fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunmuşdu.
Yeni tədris ilinin başlaması ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinin müraciəti əsasında 51 şəhid, qazi və aztəminatlı ailəsindən olan şagirdlərə məktəbli çantası və dərs ləvazimatları verilmişdir.
Bu yaxınlarda isə QAC-ın təşkilatçılığı ilə” Birləşmiş Ərəb Əmirlikləri səfirliyi vasitəsi ilə BƏƏ Aypara Cəmiyyətinin “Qış geyimləri kampaniyasından şəhərimizdə yaşayan şəhid, qazi, aztəminatlı və fiziki qüsurlu uşaqların ailələri bəhrələnmişlər.
Bir sözlə, indiyədək gördüyümüz bütün işlər göz önündədir. Nəcib və xeyirxah missiyamızın həyata keçirilməsinə dəstək verən hər bir şəxsə, o cümlədən, dövlət və qeyri-hökumət strukturlarına, beynəlxalq təşkilatlara, könüllülərə dərin təşəkkürümüzü bildiririk.
Mətanət MƏHƏRRƏMOVA,
QAC Sumqayıt bölməsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər