Xeyriyyəçilik və gənclərimiz

2359

İsmayıl Kərimov

Tələbəliyimiin ən çətin illəri 1997-ci ilə təsadüf etmişdi. Bakalavrı bitirmişdim və maqistraturaya qəbul olmuşdum. Amma dövlətin təqaüd proqramından çıxmışdım. Çox çətin anlarımda müəllimlərim dəstək olmuşdu. Onlara belə bir sual vermişdim ki, mən sizin borcunuzdan necə çıxa biləcəm? Mənə dedilər ki, sən də nə zamansa işləyib müəyyən bir mövqeyə gələcəksən və imkanların olacaq. Bax onda da sən, səndən sonra gələn tələbələrə kömək etməklə bizim borcumuzdan çıxarsan. Heç bir əfsanə, nağıl, təbliğat və müasir mənada QHT-lərin dili ilə desək maarifləndimə “layihələri”, vətənpərvərlik haqqında layihələr və leksiyalar xeyirxahlıq və onun zəncirini qurmaq mexanizmini mənə bu qədər təsirli  çatdıra bilməzdi. İllər keçdikcə daha çox anladım ki, təmənna gələcəklə bağlıdır və stratejikdir. Bu strategiyanın içində nəinki dövlət, onun qurumları və digər qurumlar var, fərdlər də bu strategiyanın icrasında özlərini görə bilirlər. Mən deyə bilmərəm onların bu nəsihətlərinə görə nə dərəcədə iş görə bilmişəm, amma mənəvi cəhətdən insan ətrafındakı digər insanlara qarşı özünü daimi borclu hiss edir.

Onlar bizim QHT-lər və nümayəndələri kimi fandreyzinq, layihə yazılışı və QHT üçün lazımı olan bilik və bacarıqların heç birini bilmirlər və bütün bunlar onlar üçün o qədər də maraqlı deyil. Heç ehtiyacları da yoxdur. Onlar üçün bir tək sadə həqiqət vardır: Millətin millət olması üçün sosial və mənəvi həmrəylik vacibdir. İnsanı digər gələcək insanlar üçün cəmiyyətə “qazandırmaq” lazımdır və gələcəyi düşünmək sadəcə strateji təfəkkür tələb edir. Başqa heç bir bilik və bacarıq bunu əvəz edə bilməz.  Gənclər və tələbələr bu xeyirxahlıq zəncirinin həm başlanğıc halqası, onların təhsili və inkişafı isə yeni halqanı yaradacaq detaldır. Onlar Orxan Qazinin oğluna olan nəsihətini- “İnsanı yaşat ki, dövləti də yaşadasan” fəlsəfəsinin millətin və dövlətin varoluşu üçün nə qədər vacib olduğunu anlayıblar. Ona görə də tələbə bizdən başqa hər yerdə imtiyazlı bir sosial təbəqədir. Ona ictimai nəqliyyatdan tutmuş digər xidmət sahələrində güzəşt tətbiq edilir. Çünki xeyirxahlıq zəncirinin başlanğıc nöqtəsidir.

İndi isə gələk bizim insanların yanaşmasına. Bizimkilərin gənclərə olan yanaşması nədir? Heç bir zaman xeyirxahlıq tədbirlərində tələbənin təhsili üçün yardım yığıldığını görmədim mən bu ölkədə. Rayonlarda o qədər istedadlı gənclərimiz var ki, onlar ailələrinin maddi imkansızlığı ucbatından universitetlərdə təhsil ala bilmirlər. Biz glamur toy mərasimlərinə, banketlərə fantastik pullar xərcləyirik, sonra isə böyük məbləğlərdə də pul salırıq. Amma bir kasıb tələbənin təhsili üçün 100 AZN vermərik. Çünki toyda böyük məbləğdə pulu ona görə salırıq ki, gələcəyə investisiyadır. Sabah mən də övladımın toyuna dəvət edəcəm və o pul mənə qayıdacaq. Yəni məqsəd gənc ailənin gələcəyinə dəstəkdən daha çox o dəstəyin qarşılığının bizə qayıtmasıdır. Düşünmürük ki, tələbəyə yardım da gələcəyə bir investisiyadır. Bizdə gənclər hər zaman o halda və şərtlə himayə edilir ki, həmin himayə edən böyüklərin sözünü desinlər. Bu qədər vətənpərvərlik haqqında onlara leksiya deyirik. Vətən, ana və tarix haqqında o qədər mahnılarımız var ki. O qədər vəsaitlər xərcləyirik layihələrə. Ortada bir nəticə yoxdur.  Səbəbi budur ki, bizim düşüncəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin mahiyyəti ondan ibarətdir ki, önəmli olan ərazimizdir. Vətən sevgisində ərazi qədər də insanımızı sevmirik. Ona görə vətən dəyərlərimiz bəzi gənclərimiz üçün lağ-lağı öbyektinə çevrilib.

Bugün bizim rəsmi dini qurumlarımız və məscidlərimizin gənclər arasında nüfuzu o qədər də yoxdur. Heç kim araşdırmır ki, niyə ildən ilə ateist, çox fərqli dini məzhəblərin tərəfdarları çoxalır. Çünki bizim rəsmi dini qurumların gündəmini və bazarını müəyyən edən məkan yas məclislərimizdir. Dini gündəm yas məclisində və orada formalaşan bazar münasibətlərindədir. Sizcə alınıb satılan bir dəyərin müqəddəsiyyətindən danışa bilərik? Bugün bizim dini qurumlarımız öz fəaliyyətlərini insanımızın, xüsusi ilə gənclərimizin dünyəvi həyatına və onun problemlərinə istiqamətləndirmir. Halbuki bütün cəmiyyətlərdə xeyriyyəçilik ənənəsinin mərkəzi hər zaman dini məbədlər olmuşdur.

Mən hələ ölkəmizdə belə bir şey eşitməmişəm ki, hansısa məscid öz nəzir qutusunda yığılan vəsaitlər kasıb və ya yetim bir gəncin təhsilinə yardım etsin. QHT-lərə gəldikdə isə, humanitar sahədə fəaliyyət göstərən təşkilatlardan başqa digər QHT-lərin böyük əksəriyyəti bu prosesdən tamam kənarda qaldılar. Xalqla kommunikasiyaları çox zəifdir. Fəaliyyətləri də xalqın prioritetlərinə o qədər də uyğun olmadığı üçün indi QHT-lər üçün gətirilən dəyişikliklərdən çox narahatdırlar. Lap tutaq ki xarici donorlar olmasın dövlət donorları üstünlük təşkil etsin. Bu heç bir zaman bu reallığı dəyişdirmir. O qədər hazır pullarla vətəndaş cəmiyyətinin immuniteti məhv oldu. Onlar da bu xeyirxahlıq zəncirini ilkin halqasına çevrilə bilmədilər. Nə qədər ki, gec deyil təmənna güdmədən gənclərimizin gələcəyinə xalq investisiya qoymalıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər