Yaltaqlıq…

2491

Son zamanlar yaltaq insanların, xüsusilə də yaltaq gənclərin artması məni bu mövzu ətrafında düşündürməyə vadar etdi. Onlar hesab edirlər ki, karyera həyatında və eləcə də şəxsi həyatlarındakı uğurlara bu yolla daha asan nail ola bilərlər. Sosial şəbəkələrdə apardığımız müzakirələr zamanı da belə bir nəticəyə gəldik ki, bu mövzu ətrafında daha çox müzakirə aparılmalı  və onlara qarşı ictimai qınaq artmalıdır. Bu gün yaltaqlıq nümunələri kifayət qədərdir. Keçmişdə də olub, əlbəttə ki bundan sonra da mövcudluğunu qoruyub saxlayacaq. Çünki şəxsiyyətini mənfəət əldə etmək üçün ayaqlar altına atan insanlar bu dünyada həmişə olacaq.

Bu gün hər yerdə yaltaqlara rast gələ bilirik. İstər dövlət işlərində, istər özəl sektorda. Sevmədikləri insanların qarşısında səcdə edənlər, arxada bir söz, üzdə bir söz danışanlar, iş yerində rəhbərinin xoşuna gəlmək üçün hər bir addıma hazır olanlar yaltaqlıq nümunəsidir.

Yaltaqlıq aşağılayıcı bir anlayış olaraq işlədilir və keçmişdən müasir dövrümüzə kimi öz formasını dəyişərək hələ də mövcudluğunu qoruyub saxlayır. Bu mövzu ətrafında araşdırmalar apararkən maraqlı məlumatlara rast gəldim. Sən demə bir zamanlar yaltaqlıq peşə kimi mövcud olub. Zənginləri əyləndirmək, kaprizlərini çəkmək, onların əziyyət verici zarafatlarına dözərək, yaltaqlıq etmək bir peşə kimi mövcud olub. Saraylarda yaltağın vəzifəsi hökmdarın xoşuna gələ biləcək hərəkətlər edərək onu əyləndirmək idi. Bir zamanlar saraylarda və zənginlərin evlərində peşə olaraq mövcud olan yaltaqlıq müasir dövrümüzdə formasını dəyişərək bir həyat tərzi olaraq irəliləmə və etibarlılıq qazanmaq vasitəsi olaraq varlığını qoruyub saxlayır…

Yaltaqlığın səbəbləri haqqında düşüncələr…

Yaltaqlıq müəyyən bir vəzifə, sərvət, şöhrət sahiblərinə qarşı edilən və qarşılıq olaraq mənfəət əldə edilən bir davranışdır. Ümumiyyətlə, yaltaqlığın olmasının ən əsas səbəblərindən biri məhz mənfəət əldə etmək duyğusudur. Onlar düşünürlər ki, insanların uzun müddət səy, bilik və bacarıq ilə əldə edə biləcəkləri mənfəəti qısa müddətdə yaltaqlıq etməklə əldə edə bilərlər. Yəqin ki, fikir vermisiniz it və yaxud da pişik əlimizdə olan artıqları, sümük qırıntısını və yaxud digər yeyəcəyi əldə etmək üçün hansı oyunlardan çıxırlar. Onlar da heyvan kimi yaltaqlıq edirlər, min cür oyundan çıxırlar…Yetər ki istədiklərinə nail olsunlar. Elə yaltaq insanlar da bu psixologiyada olurlar…

Montesquieu yaltaqlıq və mənfəət əldə etməklə bağlı çox gözəl bir fikri var: “Bir ölkədə yaltaqlığın təmin etdiyi çıxar, dürüstlüyün təmin etdiyi mənfəətdən daha məhsuldar olsa o ölkə batar” Yaltaqlar üçün öz şəxsi mənafeləri dövlətdən, millətdən daha üstün səviyyədə dayanır. Onlar yalnız özlərini düşünürlər. Rəhmətlik Sabir demişkən “Qoy mən tox olum, özgələr ilə nədi karim, dünyəvü cahan ac olur olsun, nə işim var?”

Şəxsiyyətsizlik…

Normal təhsilin olmaması da yaltaqlığın geniş yayılmasına rəvac verir. Təhsilsiz (söhbət diplom almaqdan getmir) və eləcə də mədəniyyətdən məhrum insanlar daha çox yaltaqlığa meyilli olurlar. Onlar hesab edir ki, bu yol daha rahatdır. Ölkəmizdə normal təhsil sisteminin olmaması da yaltaqlığın geniş yayılmasına gətirib çıxardır. Bu gün şagird orta məktəbdə müəllimə yaltaqlanır ki, yüksək qiymət alsın, eləcə də universitetlərdə. İşə qəbul prosesində də yaltaqlıq…İşdə irəliləmə də bir başa yaltaqlıqla bağlıdır. Yaltaqlar heç vaxt müstəqil fikir yürüdə bilmirlər. Onlar rəhbərliklərinin fikirlərini təkrarlamaqdan başqa bir şey bilmirlər. Yaltaqlar heç vaxt tənqid etməzlər…Yaltaqlıq zəncirvari bir prosesdir..Həmişə yaltaq insanlar irəli getdikdən sonra istəyirlər ki, onlardan vəzifəcə aşağıda olanlar da onlara yaltaqlansınlar. Necə deyərlər bir-birinə yaltaqlanmaqla yaşayırlar. Əgər buna yaşamaq demək olarsa…Onlar üçün şərəfli və yaxud şərəfsiz yaşam tərzi anlayışı yoxdur…Haqqsızlıq olan yerdə susarlar. Ümumiyyətlə, haqqsızlığa susmağın özü də yaltaqlıq əlamətidir..İş yerində və yaxud da cəmiyyətdə hər hansı bir haqqsızlıq görüb susmaqla rəhbərlərinin xoşuna gəlmək istəyirlər. Düşünürlər ki haqqsızlığa qarşı getsələr onlardan yuxarıda olan insanlarda onlar haqqında “mənfi “ fikir formalaşdırmış olacaqlar. ..Həm də itirmək qorxusu onların yaltaqlıq etməsinə səbəb olur.

Yaltağın öz iradəsi yoxdur, o başqalarının iradəsi ilə oynayır… Necə deyərlər başqasının zurnasına oynayanlar! Onlardan yüksək mövqe daşıyan insanların hər bir fikirilə çox asan şəkildə razılaşırlar. Yuxarıda qeyd etdim ki, əvvəllər yaltaqlar həm də zənginləri və saraydakıları güldürmək  üçün çalışırdılar. Bu gün isə yaltaqlara daha çox cəmiyyətdə gülürlər..Onların davranışları ətrafda gülüşlə qarşılanır…Onların düşdüyü duruma acıyanlar da var, əlbəttə ki.

Yaltaqlar hər dövrün və hər bir şəraitin insanlarıdır. Onlar hər bir dəyişikliyə uyğun davrana bilirlər. Necə deyərlər külək hara əsirsə onlar da o istiqamətdə…Yetər ki, ətrafındakıların xoşuna gəlsin. Onların əmrində müntəzir olsun!

Yaltaqlardan qorxmaq lazımdır. Onlar çox təhlükəli olurlar. Çox asan şəkildə dostlarını, tanışlarını satarlar. Hətta öz ailələrini də.Yaltaqlar elə rəhbərləri üçün də potensial düşməndirlər. Çünki onlar mənfəət üçün yaltaqlıq edirlər. Sabah daha çox mənfəət  əldə etsələr o zaman rəhbərlərinin üzünə durarlar. Və yaxud da rəhbərlik dəyişərsə. Yaltaqlar üçün bir dəyər var: mənfəət! Onlar “nöqtə qədər mənfəət üçün vergül kimi əyilərlər”…

Gündüzlər Afina küçələrində əlində fənər gəzərək, dürüst adam axtardığı deyilən Diyojenə yaxın olan bir şəxs “Əgər krala bir az yaxınlıq göstərsəydin, bu quru yerlərdə yatıb quru çörək yemək məcburiyyətində qalmazdın” deyir. Diyojen isə qarşılığında “Sən də quru çörək yeyib quru yerlərdə yatmağı gözə alsaydın alçaq adamlara yaltaqlıq etmək məcburiyyətində qalmazdın”  deyir.

Yaltaqlığın geniş vüsət almasının digər bir səbəbi də qanunların işlək olmamasıdır. O yerdə ki, qanunlar işləmir, həmin cəmiyyətlərdə yaltaqlıq daha çox yayılır. Hüquqi cəmiyyətdə hər hansı bir mövqe əldə etmək yalnız o yerə layiq olmaqla mümkün ola bilər. Əlbəttə layiqsiz bir insan anlayır ki, yaltaqlıq etməsə o mütləq mövqeyini itirəcəkdir. Bu səbəbdən də yaltaqlıq edir. Layiq olmadan hər hansı bir yüksəliş əldə edənlər qarşılığında qürurlarını verərlər. Onlardan sonra gələn insanların da onlara yaltaqlıq etməsi ilə düşünürlər ki, qürurlarını geri qaytarmış olurlar… Ancaq yanılırlar! Qürurunu bir dəfə itirdinsə, onu geri qaytarmaq qeyri mümkündür…

Allah sizi yaltaqlardan qorusun!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Aprel 6, 2011 - 20:00

    Yaltaqlara neinki ish yerlerinde,ele qohum eqrabanin,qonshularin icinde de cox rast gelmek olar. Hiss eirsen ki,bu adamin sendne xoshu gelmir de,di gel seni gorende,ya evlerine gedende bir qarshilayir,bir diller tokur ki,deyirse ‘aaa,bu lap melek imish ki.Meni ne cox isteyir’))).Yaltaqliq ele ikiuzluluyun bir tayidi da.Onu da bacarmaq lazimdi ee.Mende shexsen alinmir.

Bahar üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər