Yeni Azərbaycan Partiyası xalq tərəfindən tam dəstəklənir

464

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və təlatümlü günlərində, ölkənin ciddi sınaqlardan keçdiyi bir zamanda Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaradılmışdır. Azərbaycanın gələcək taleyini düşünən insanlar ölkəni böhrandan çıxarmağa qadir olan yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Ulu öndər Heydər Əliyev 1992-ci il oktyabrın 16-da 91 ziyalının müraciətinə belə cavab verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”

Ulu Öndərə üz tutan məhşur “91-lər”in xalqın istəyini nəzərə alaraq atdığı cəsarətli addımlar nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın müasir tarixinə “91-lər”in çağırışı kimi daxil olmuş bu sənəd əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalılarının, tanınmış simalarının, nüfuzlu şəxsiyyətlərinin imzaladığı bu müraciətdə Heydər Əliyev yeni yaradılmış siyasi partiyaya rəhbərlik etməyə dəvət olunurdu. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin bütün bölgələrini təmsil edən və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması, partiyanın Proqram və Nizamnaməsi haqqında qərar qəbul etdi.

Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmçinin, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində böyük tarixi missiyanı üzərinə götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa zamanda cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu öndər qısa müddətdə cəmiyyətimizin aparıcı siyasi qüvvəsini – Yeni Azərbaycan Partiyasını inkişaf etdirərək, onun təbirincə desək, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası yarandığı gündən bu yana uzun, şərəfli və uğurlu yol keçib.

Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışı zamanı bildirmişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” – Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışından.

YAP-ın VII qurultayı Partiyanın inkişafında yeni tarixi mərhələ oldu. 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edildi. Hazırda YAP-ın 773 770 üzvü var.

Bu gün ölkəmizdə siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi məhz YAP-ın təşəbbüsləri ilə daha da inkişaf etdirilir. VII Qurultayda qəbul edilən qərarlar göstərdi ki, hakim partiya “iqtidar-xalq” modeli real işə düşüb, milli həmrəyliyin inkişafında yeni mərhələ başlayıb. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası qarşıya ümdə vəzifə kimi qoyuldu və bu vəzifə uğurla başa çatdırıldı. Prezident seçkilərindən sonra ölkə başçısının elan etdiyi proqram ardıcıl şəkildə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının irəli sürdüyü və bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir və bütün bunlar deməyə əsas verir ki, bundan sonra da Azərbaycanda uzunmüddətli, sabit inkişaf təmin olunacaq.

Təbrik Quliyev, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər