Yumurtaqarışdıran axtarılır: Rusdilli olsun

1755
Azadə Balayeva 
“Çörək zavoduna yumurta qarışdıran axtarılır. Tələb – Rus dili bilsin
Səbəb? yumurtalar ruskiyaziçnıdırmı? və ya o zavodda heç kim Azərbaycan dili birlmirmi? Bir xarici dil kursu rəhbəri olaraq bu vəziyyət təbii ki, mənə sərf edir. BƏS VİCDAN??? Cavan-cavan əli diplomlu uşaqlar hər gün qəbuluma gəlir. O cur savadlı gəncləri bu qədər incitmək və öz dilimizi sıxışdırmaq düzgündürmü? Özüm 4 dil bilirəm amma 5 yaşlı övladımı Azərbaycan dili bölməsinə verdim. Övladı ilə rusca danışmaq COOL ANA olmaq deyil əzizlərim”.
Bu qeydlər Linkedin dostlarımdan birinə, özünün də qeyd etdiyi kimi dil kursuna rəhbərlik edən bir xanıma məxsusdur. Haradasa bir ay əvvəl qarşıma çıxmışdı bu qeydlər, mən də maraqlı fikir kimi telefonumun yaddaşına həkk etmişdim. Rus dili ilə bağlı mövzu bir gənc jurnalistin düşünülməmiş, emosional statusundan sonra aktuallaşdığında mən də bu qeydləri xatırladım. İlk növbədə xüsusi vurğulamaq istərdim ki, həmkarım Hafiz Əhmədovun məsələ ilə bağlı narahatlığını bölüşsəm də onun ifadə tərzini qətiyyətlə pisləyirəm. Təhqir, təhdid, zorakılıq bütün hallarda mənim üçün qəbuledilməzdir. Hələ bunu dilə gətirən dördüncü hakimiyyətin, cəmiyyəti öz arxasınca aparmalı olan bir təbəqənin nümayəndəsidirsə…Jurnalistin silahı sözdür, hansı ki, onunla ehtiyatsız davrananda hətta ən güclü odlu silahdan daha böyük fəlakətlərə səbəb ola bilir. Bu baxımdan Hafiz də qələmindən, klaviaturasından çıxan sözlərə xüsusi diqqət etməli, hər kəlməsini yüz ölçüb bir biçməliydi. Amma əsəbi anlarında özünə nəzarəti itirməmək, emosiyalarını cilovlaya bilmək hər adama nəsib olmur, necə ki, Hafiz də istisna deyil. Dahi Füzulinin çox sevdiyim “Söz” qəzəlində bir beyt var. Deyir,
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa əhlin eylər o miqdar söz.

Yəni, Hafizin son qeydləri ilə eyni səviyyədə biri olduğunu düşünməsəm də, hər bir insanın ağzından çıxan kəlmələrin ilk növbədə onun özü haqqında təəssürat yaratdığına və onun üçün ya uğurun, ya da uğursuzluğun başlanğıcı olduğuna əminəm, necə ki, Hafiz də dilinin bəlasına düşüb sosial şəbəkələrdə linç obyektinə çevrildi. Hafizin bir araşdırmasını, bir müsahibəsini oxumayanlar onu bu üç kəlməlik statusla tanıdılar, bu istedadlı, zəhmətkeş gənci az qala manyak, şizofrenik elan etdilər. Əslində mən o statusu yazılmasından bir neçə dəqiqə sonra görmüşdüm. Ritorika məni təəccübləndirsə də yazılanları ciddi qəbul etmədim. Sadəcə ağlımdan müəllifin hansısa səbəbdən Ana dilini bilməyənlərə bərk əsəbiləşdiyi, statusu da anlaqsız vəziyyətdə yazdığı keçdi. (Sonradan özü izahatında da bildirib ki, təsadüfən restoranda qarşılaşdığı bir ailənin çox şirin uşağını əzizləməyə çalışıb, ona xoş sözlər deyib, amma uşaq heç nə başa düşməyib. Çünki Ana dilini bilmirmiş. Yazı da bu hiddətin təsiri altında yazılıb). Yəni, orada yazılanlara əsasən, ay nə bilim Hafiz gerçəkdən rusdilliləri(Ana dilini bilməyən rusdilliləri) Andranikin nəvələri hesab edə bilər, və ya Ana dilini bilməyən körpələrin başını əzə bilər, deyə hərfi mənada bir fikir ağlımdan keçmədi. Amma statusa reaksiyaları, yaxacırmaları gördükdə sözün həqiqi mənasında xeyli təəccübləndim. Mənə görə, bu, hər birimizin əsəbi anlarımızda övladlarımıza, “filan şeyi filan cür etməsən səni öldürərəm, sənin canını alaram” tipdə dediyimiz bir ifadə idi. Necə ki, Hafizi linç etməyə qalxanların əksəriyyəti övladlarını belə “təhdid” ediblər. Onlar bunu reallaşdırmağı düşünərəkmi deyirdilər? Və ya övladları dediklərini etməyəndə neçə valideyn övladını öldürüb? Hətta sual özü belə gülüncdür. Maraqlı olan həm də odur ki, etiraz edənlərin çoxu heç statusun mahiyyətini dəqiq anlamayıblar. Söhbət tam olaraq RUSDİLLİLƏRDƏN YOX, AZƏRBAYCAN DİLİNDƏ DANIŞA BİLMƏYƏNLƏRDƏN gedir. Adam açıq-aydın “Azərbaycan dilində danışa bilməyən körpə görəndə” yazıb. Bəs, burada məsələ niyə kontekstdən çıxarılır və diqqət birbaşa rusdillilərə yönəldilir? Axı, rusdilli başqadır, Ana dilini bilməyən başqa. Halbuki sosial şəbəkədə yaxa cıranların çoxunu tanıyıram və bilirəm ki, onların övladları rus dilində təhsil alsalar da, başqa sözlə rusdilli hesab olunsalar da Ana dilimizi də gözəl bilirlər və əsl azərbaycanlı kimi böyüyürlər. Onların özlərinə niyə belə əl qatmalarını doğrusu anlamadım. Cəmiyyətin bu cür isterikasını Azərbaycan üçün önəmli olan başqa məsələlərdə görməyi o qədər çox istərdim ki…Halbuki çox vaxt ağızlarına su alıb dururlar. Amma Hafiz bu cür məsələlərdə susmur. O, gənc olsa da bir çoxlarından fərqli olaraq əsl jurnalistdir. Peşəsini sevir, jurnalistikaya reketlik etmək, rüşvət almaq, ona -buna yaltaqlanıb, şər atıb “çörəkpulu qazanmaq” üçün gəlməyib. Qısa müddətdə çox ciddi araşdırmaları, reportajları ilə imzasını tanıtmağı bacarıb. Harada hadisə var, Hafiz orada olub, hadisə yerindən obyektiv reportaj çatdırıb. Xatırlayırsınızsa bir ay öncə rayonlarımızdan birində atanın dörd gənc qız övladı və həyat yoldaşını qətlə yetirməsi ilə bağlı dəhşətli cinayətin üstü açıldı. Hafiz oradan çox gözəl, təsirli reportaj hazırlamışdı. Hələ Bakıya qayıtmazdan əvvəl sosial şəbəkədə hadisə yerindən canlı bağlantıya çıxmışdı. Hafiz hadisənin baş verdiyi evi, günahsız qurbanların məzarlarını telefonun yaddaşına köçürərkən gözyaşlarını saxlaya bilmirdi, o insanlara o qədər içdən acıyır, qatillərə o qədər nifrət püskürürdü ki…Bax, o vaxt mən Hafizin həmin qatillərin başını əzməyə hazır olduğuna əmin idim. Halbuki bu gün jurnalistin iki kəlməlik emosional statusunu az qala ümummilli fəlakət elan edənlər həmin vaxt ağızlarına su alıb dayanmışdılar. Məsələn, mən qadınlara qarşı zorakılığın qarşısının alınması üçün kütləvi kampaniyalar, aksiyalar gözləyirdim. Amma bunların heç biri baş vermədi, çünki bu birbaşa heç kəsin maraqlarına toxunmurdu, çünki əksərimiz “mənə dəyməyən qurd min yaşasın”, “millət necə tarac olur-olsun, nə işim var” psixologiyası ilə yaşayır. Halbuki 3 il öncə Türkiyədə avtobusda təcavüzə uğrayaraq öldürülən universitet tələbəsi Özgəcan Aslanın qətli bütün Türkiyəni ayağa qaldırmışdı. Bizdə isə 4 gözəl gənc qızın, onların əliqabarlı Anasının barbarca qətli az qala bir milçək ölümü kimi qarşılandı. Kimsə bu cür cinayətlərin kökünün kəsilməsi üçün ciddi təkliflər irəli sürmədi. Məsələn, lap bu insanlar üçün Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsini, istisna hallar kimi ölüm hökmünün bərpasını belə tələb etmək olardı. Mənim də xəbərim var ki, beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər, qoşulduğumuz beynəlxalq konvensiyalar ölüm hökmünün bərpasını istisna edir. Amma hər şey xalqın iradəsinə bağlıdır, xalq, mütləq əksəriyyət tələb etdikdən sonra hər şey mümkündür. Şəxsən mən bir vergi ödəyicisi olaraq ödədiyim vəsait hesabına həbsxanada da olsa belə bu manyaklara ərzaq verilməsinin, onların yaşadılmasının əleyhinəyəm. Demək istədiyim odur ki, Hafizə göstərdiyinız təpkini bu cür qadın qatillərinə göstərsəydiniz ölkədəki bir ciddi problemin aradan qaldırılmasına kömək etmiş olardınız. Hafizin qaldırdığı və başına bəla olmuş problemə gəldikdə isə…ilk növbədə qeyd edim ki, mən özüm istər rus dili olsun, istərsə başqa dil olsun – xarici dildə təhsili normal qarşılayan insanlardanam. Oğlum ingilis dilində təhsil alıb, Ana dilimizi, türk dilini yüksək səviyyədə bilir. Hazırda ali təhsil aldığı xarici ölkədə rus dili kursuna gedir. Boş vaxtlarında da İnternet vasitəsilə koreya və ispan dilləri ilə məşğul olur. Amma bu onun milli hisslərinə hər hansı mənfi təsir göstərmir, vətənpərvərlik duyğularına kölgə salmır. O, təhsil aldığı ölkədə Azərbaycanla bağlı tədbirlərdə hər zaman yaxından iştirak edir. Bir müddət əvvəl də rusdilli təhsillə bağlı polemikalar baş vermiş və o zaman da mən mövqeyimi müdafiə edərək əcnəbi dildə təhsilin insanın milli kimliyinin formalaşmasına mənfi təsir etmədiyini tutarlı arqumentlərlə sübut etməyə çalışmış, rus dilində təhsil almış çox dəyərli, vətənpərvər ziyalılarımızın olduğunu misal göstərmişdim. Və bunun da əsas səbəbi kimi həmin şəxslərin yalnızca təhsillərinin rus dilində olduğunu, onların ailədə azərbaycanlı kimi yetişdirildiklərini, milli ruhda böyüdüklərini göstərmişdim. Ana dilindən əlavə hər hansı yeni dilin öyrənilməsi yeni uğurlar, insanın qarşısında yeni üfüqlərin açılması deməkdir. Amma bir daha vurğulayıram: ANA DİLİNDƏN ƏLAVƏ…Elə Hafiz də bunu demək istəyib, amma kobud və jurnalistə yaraşmayan tərzdə ifadə edib. Bu onun böyük səhvidir.

Mən bu gün də mövqeyimdə qalıram: əgər rusdilli məktəblərdə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi yüksək səviyyədə tədris olunarsa, ailədə uşaqla Ana dilində danışılarsa, ona milli mədəniyyətimiz lazımi səviyyədə aşılanarsa onda dilimizin gələcəyi üçün hər hansı təhlükə olmaz, və yaxud da rus dilinə tələbatın yüksək olduğu nəzərə alınaraq Azərbaycan məktəblərində rus dilinin tədrisinin keyfiyyəti artırıla bilər və heç rus məktəblərinə də ehtiyac qalmaz. Rus məktəblərində təhsilin yüksək səviyyədə olmasına dair söylənilənlər də mifdir. Mən son illərdə rus məktəblərinin məzunlarından 700 bal toplayan bir nəfərə də rast gəlməmişəm. Yeri gilmişkən, insanların son illər rus dilində təhsilə axın etməsi bu dilə tələbatın artması ilə bağlıdır, və əksəriyyəti də haqsız tələbatdır. Yuxarıda dil kursu rəhbəri xanımın ironik statusu vəziyyəti kifayət qədər çılpaqlığı ilə ortaya qoyur. Yeri gəldi -gəlmədi iş üçün müraciət edən hər kəs qarşısında rus dilini bilmək tələbinin qoyulması rus dilinə “sevgini” artırıb. Bir araşdıran yoxdur ki, bu dil Azərbaycanın dövlət dili sayılmadığı halda turizm sektoru istisna olmaqla digər sahələrin çalışanları qarşısına rus dilini bilmək niyə şərt kimi qoyulmalıdır, həkimi, mühəndisi, kitabxanaçısı, jurnalistindən niyə mütləq rus dilini bilmək tələb olunmalıdır?! Bu dövlətin dili Azərbaycan dilidir, hər hansı sahənin xidmətindən istifadə etmək istəyən şəxs də canı çıxıb bu ölkənin dövlət dilini öyrənməli, bu dildə müraciət etməlidir. Az çoxa tabe olmalıdır, çox aza yox. Ana dilini də hər kəs ailədə öyrənməli, bu dili Analarımız bizə öyrətməlidir. Elə Hafiz də əslində körpələri yox, onlara Ana dilini öyrətməli olan valideynləri hədəf almalı, bu cür kobud tərzdə yox, mədəni, sivil tənqidini bu körpələrin valideynlərinə yönəltməli idi. Təəssüf doğurucu məqam həm də odur ki, bizdə Ana dilinə hörmətsizlik yalnız rus dilinə münasibətdə ortaya çıxmır. Bizim bir qızımız əcnəbi ilə ailə qurduqda mütləq onun dilini öyrənir, dünyaya gələn övladlarının adları da ərin mənsub olduğu xalqın milli adları olur. Günaylar, Aynurlar Conlar, Elizabetlər dünyaya gətirir. Amma Azərbaycan ailəsinə əcnəbi gəlin gələndə az qala bütün ailə gəlinə tabe olur, onunla onun dilində danışır, yenə də uşaqların adları bu xanımın mənsub olduğu xalqın milli adları olur. Bu o deməkdir ki, hansı tərəf dominantdırsa ailədə də onun sözü keçir. Burada bir müddət əvvəl bir Türkiyə vətəndaşının sosial şəbəkələrdə yayılmış bir qeydini xatırladım. Adam yazır: “Azerbaycana gidiyorum, benimle türkce konuşuyorlar, facebook sitelerine yorum yazıyorum bana türkce cevap veriyorlar. ha toprağını sattın, ha dilini, ne fark eder?! diliniz bu kadar mı kötü, yoxsa siz mi bu kadar zavallısınız?” Mən də Bəxtiyar Vahabzadə demiş, “doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlardan” soruşmaq istərdim: Dilimiz çoxmı pisdir, yoxsa sizmi bu qədər zavallısınız?

P.S. Yazımı yekunlaşdıranda Hafizin işdən uzaqlaşdırıldığını eşitdim və bu qərara təəssüf etdim. Onun çalışdığı xəbər saytının dostum olan baş redaktorunun Hafizin ciddi səhvə yol verməsi ilə bağlı fikirləri ilə tam razıyam. Amma işdən azad olunmasının onun səhvinə adekvat olmadığını da düşünürəm. Onsuz da adam səhvini anlayıb, üzr istəyib və emosionallığının səbəblərini də izah edib. Hafizə Əmək Məcəlləsinin imkan verdiyi şəkildə mümkün bütün cəzaları tətbiq etmək mümkün idi. Bu cəza da Hafiz və hafiz kimilərə ömürlük dərs olardı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər