Zəfər paradı Azərbaycan hərbi qüdrətinin təzahürüdür

554

Azərbaycan xalqı tarix boyu əzəli vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanı və canı bahasına öncə müstəqilliyimizi qurmağa, sonra isə onu qorumağa çalışıb. Bu zaman ərzində soyqırımlara da məruz qalıb, müəyyən dövrlərdə müstəqilliyimiz də əlimizdən alınıb. Lakin bunların heç biri millətimizin mübarizə əzmini qırmayıb. Hər keçən gün mübarizə və müstəqillik hisslərimizi daha da artırıb.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi: Azərbaycan tək deyil. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.
Bu, ilk növbədə, hərbi qüdrətin nümayişi olaraq, dövlətimizin yerləşdiyi regionda nəinki iqtisadi, eyni zamanda ordu quruculuğunun NATO standartları səviyyəsində inkişafının nümayişi anlamını da verirdi. Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerləri nümayiş etdirildi.
Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Şanlı Ordumuz məhz belə mürəkkəb amillərin mövcud olduğu bir şəraitdə parlaq qələbə qazandı. Prezident İlham Əliyevin təbirincə desək, “bizim “Dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi”.
Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı “Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi – Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq.”
O gün yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi idi. Bu zəfər xalqın qürur mənbəyinə çevrildi, çünki həm də ölkədəki bütün siyasi qüvvələri birləşdirdi. Zəfərlə bağlı siyasi partiya rəhbərlərinin imzaladığı birgə bəyanatda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” fikrinin sitat gətirilməsi də bir daha təsdiqlədi ki, ölkədə siyasi baxışlarından asılı olmayaraq, xalq-hakimiyyət birliyi möhkəmdir. Bu da Azərbaycanın ədalətli mövqe tutmasını təsdiqləyən faktorlardandır.
Zəfər paradınadək isə xalqımızın və ordumuzun bu qələbəyə inamlı olmasının şahidinə çevrildik. Ona görə deyə bilərik ki, döyüşlər gedən 44 günün hər anı şanlı tarixdir. Hər gün Rəşadətli Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, strateji əhəmiyyətli yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu: “İşğala son qoyulsun – tarixi ədalət zəfər çalsın!”
Zəfər paradında nümayiş etdirilən texnikalar dövlətimizin başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülmüşdür. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilibdir. Bu texnikaların yerini doldurmaqda Ermənistan hakimiyyəti xeyli çətinlik çəkəcək. Bakının Azadlıq meydanından keçən hərbi texnikaların sırasında vaxtilə Ermənistana məxsus olan texnikaların da yer alması sevindirici məqam idi. Bu, milli qürur və iftixar doğururdu.
Vətən müharibəsi Zəfərlə sona çatdıqdan sonra əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırıldı. Bu məqsədlə Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olundu – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.
Eyni zamanda, qələbəmizi əbədiləşdirmək üçün Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılması nəzərdə tutulmuşdur. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olmuşdur. Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır. Bu Park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapır. “Məğlubedilməz” Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 qvozdika özüyeriyən artilleriya qurğusu və digər eksponatlar da yer alır. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi “İskəndər M” tipli raket sisteminin qalıqlarının da nümayişi olunduğu Park “Dəmir Yumruq” əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir. Yəqin ki, hər kəs xatırlayır ki, bir vaxtlar erməni dövlət nümayəndələri bu raketlə öyünür və Azərbaycanı təhdid edirdi. İndi isə onun qalıqları Azərbaycanda, paytaxt Bakıda nümayiş olunur.
Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlərlə, fosforlu bombalarla atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş , onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağılıb, ya da ki, o evlərə ziyan vurulub.

Yeganə Əhmədova, Əməkdar mədəniyyət işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər