1-ci Beynəlxalq Kimya və kimya mühəndisliyi konfransı keçirilib

896

Dünən – aprelin 17-də «Gülüstan» sarayında Azərbaycan Dövlət Neft Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı və dəstəyi ilə Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr  edilmiş 1-ci Beynəlxalq Kimya və kimya mühəndisliyi konfransı öz işinə başlamışdır.

Tədbir başlanmazdan əvvəl konfrans iştirakçıları – ARDNŞ-in idarə və müəssisələrinin, o cümlədən «Azərikimya» İstehsalat Birliyinin, Qafqaz Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun, Bakı Ali Neft Məktəbinin, «Petkim Petrokimya Holding» A.Ş.-nin, Bakı Dövlət Universitetinin,  Türkiyənin  Atatürk və Yıldız Texniki Universitetlərinin, bp-Azərbaycanın və digər təşkilatların nümayəndələri Fəxri xiyabana gələrək Azərbaycan xalqının unudulmaz dahi rəhbəri Heydər Əliyevin məzarını ziyarət edərək, onun əzəmətli abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.

«Gülüstan» sarayında keçirilən tədbirdə ilk öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükut­la yad edilmişdir. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra konfrans iştirakçıları üçün Heydər Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində ölkəmizin sürətli, dinamik inkişafını əks etdirən sənədli, qısametrajlı film nümayiş etdirilmişdir.

Konfrans nümayəndələrinin, o cümlədən Milli Məclis üzvlərinin, respublikamızın ictimai təşkilatlarının rəhbərlərinin və digər rəsmi şəxslərin iştirak etdiyi tədbirin açılış mərasimində çıxış edən respublikanın Təhsil naziri Misir Mərdanov bu mühüm tədbirin təşkilatçılarına minnətdarlıq ifadə edərək, dünyanın kimya və kimya texnologiyaları sahəsində aparıcı mövqe tutan 13 ölkəsindən, o cümlədən ABŞ, Kanada, Rusiya, İngiltərə, Almaniya, Türkiyə, İran, Gürcüstan və digər xarici ölkələrdən 80-dən artıq görkəmli elm adamlarının iştirak etdiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, belə bir konfransın keçirilməsində əsas məqsəd dünyanın bir çox ölkələrinin neft-kimya sahəsində çalışan nüfuzlu elm xa­dimlə­rinın və istehsalat rəhbərlərinin daha sıx və səmərəli elmi əməkdaşlığının təmin edilməsi, neft-kimya sənayesinin perspektiv inkişafı və yeni layihələrin reallaşdırılması, müasir kimya texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi məsələlərinin müzakirələ­rinin aparılmasıdır.  Konfransda  neft kimyasının nəzəri və praktik məsələləri, fiziki və anali­tik kimyanın aktual  problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və s.-lə bağlı fikir mübadiləsinin və müzakirələrin aparılacağı bildirilmişdir.

Tədbirdə ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və digər nümayəndələr məruzə ilə çıxış etmişlər.

Bu gün öz işini “Azərikimya” İB-də, daha sonra isə Qafqaz Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında davam etdirəcək konfransın plenar iclaslarında yeni əsr kimyasının ak­tual sahələri – qeyri-üzvi mad­dələrin və kompleks birləşmələrin kimyası, funksional nano­ma­teriallar və yüksək təmizlikli maddələrin texnologiyası, üzvi və biokimyanın aktual prob­lemləri, tibbi kimya, bioloji aktiv maddələrin  kimyası və texnologiyası, «yaşıl kimya» və ətraf mühitin mühafi­zəsi, qida və təbii məhsullar kimyası və s. üzrə 70-ə qədər məruzə dinləniləcəkdir.

Konfrans aprelin 20-də başa çatacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər