12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

530

Ən qədim dövrlərdən bu günə kimi insanlar arasında qarşılıqlı əlaqə  və münasibətləri nizama salmaq üçün qaydalar yaradılıb və qadağalar tətbiq edilib. Bu qaydalar, qadağalar onu formalaşdıran topluma və onun psixologiyasına görə tarixin müxtəlif dövrlərində fərqli-fərqli formalarda tətbiq edilib. Hər bir xalqın idarə olunmasında  və yaşamasında qanunlar hava, su qədər önəmlidir. Qanunun olmadığı yer xaosdur. Qanunun mövcud olmadığı, yaxud işləmədiyi bir toplumun  gələcəyi yoxdur.

Hər bir xalq qanuni, konstitusion bir cəmiyyətə çevrilənə kimi uzun tarixi bir yol keçir. Konstitusiyanın inkişaf mərhələləri ictimai və dövlət qurluşunda baş verən dəyişikliklərlə əlaqədardır.

Azərbaycanda ilk konstitusiyanın qəbulu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ömrü yetməyib,  Qırmızı ordu tərəfindən süquta uğrayan Azərbaycanda ilk konstitusiyanın qəbulu 1921-ci il may ayının 29-da Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən həyata keçirilib və 70 illik Sovet hakimiyyəti dövründə ölkədə baş verən ictimai-siyasi dəyişikliklər, ittifaq ölkələrinin konstitusiyalarının bir-birinə uyğunlaşdırılması və s. amillərə əsaslanaraq çoxsaylı əlavə və dəyişikliklərə məruz qalıb. Belə ki, 1925-ci martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında, 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında, 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-nin Konstitusiyasına dəyişiklər  edilib. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burda Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir.

Azərbaycan 1991-ci il 18 oktyabrda SSRİ-dən müstəqillik etdikdən sonra özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, azad, suveren və milli dövlətçilik ənənələri əsasında dövlət quruculuğuna başladı. Yeni yaranan milli dövlətimiz üçün millətimizin marağını, mənafeyini, yeni dövrün şərtlərini özündə əks etdirən, millətin gələcək inkişafına təminat verən milli konstitusiyanın qəbulu ən vacib məsələyə çevrildi. Bu vacib məsələnin yubanmasının səbəbi müstəqilliyimizin ilk illərinin qeyri-sabit keçməsi və ölkəmizə qarşı xarici təcavüzlərin olması idi. Nəhayət, 1993-cü ildə Ümummlili liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni konstitusiyası məsələsi həll edilməli bir nömrəli vacib məsələ kimi irəli sürüldü. 1995-ci ilin may ayında yeni Konstutusiya layihəsi hazırlayan komissiyanın tərkibi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi. Heydər Əliyevin sədrliyi ilə fəaliyyət göstərən  Konstitusiya Komissiyasının tərkibinə deputatlar, peşəkar hüquqşünaslar, iqtisadçılar, həmçinin nüfuzlu elm xadimləri, müxtəlif siyasi partiyaların nümayəndələri daxil edilmlişdir. Ümummilli lider Konstitusiya layihəsinin müəllifi kimi onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil edərək ali sənədin ən təkmil formada qəbul olunmasına nail olmuşdur. Qəbul ediləcək Konstitusiyanın müzakirəsinin ilk iclasında ulu öndər Heydər Əliyev çıxış edərək vurğulamışdı ki: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitutiyamızın əsasını təşkil etməlidir”.

Məhz Heydər Əliyevin  səyləri nəticəsində 1995-ci il noyabr ayının 12-də sayca dördüncü, müstəqil Azərbaycanın isə ilk konstitusiyası referendum yolu ilə qəbul olundu. Bu konstitusiya Azərbaycanın əsas qanunu kimi 27 noyabrda qüvvəyə mindi. Həmin gündən indiyə qədər bir neçə əlavə və dəyişikliklər edilməklə qüvvədədir.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanliğının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısinda öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək  aşağıdakı niyyətlərini bəyan edir:

  • Azərbaycan dövətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
  • Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
  • Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
  • Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
  • Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
  • Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı – respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit edir. Konstitusiya dövlətin hər hansı bir marağa deyil, məhz vətəndaşların mənafelərinə, şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Bu  baxımdan təsadüfü deyil ki, Konstitusiyanın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilmişdir.

Əsas Qanunun qəbulu zamanı onun tənzimetmə predmetinə daxil olan ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi sosial və iqtisadi vəziyyət dəyişdikcə, ictimai münasibətlər inkişaf etdikcə Konstitusiyaya bir daha nəzər salınması, onun müəyyən müddəalarının təkmilləşdirilməsi, əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranır. Bu zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli dəyişikliklər və əlavələr edilmişdir.Konstitusiyaya edilmiş əlvə və dəyişikliklər demokratik dəyərlərə və prinsiplərə uyğun olmaqla, əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha dolğun şəkildə təsbit edilməsinə və onların müdafiəsinə, bu sahədə dövlətin məsuliyyətinin artırılmasına, həmçinin ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, daha səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalşmasına yönəlmişdir.

Qəbul olunduğu gündən Konstitusiya dövlətin fundamental Əsas Qanunu kimi özünü tam doğruldub. Qanunvericilik sisteminin bünövrəsini təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya dövlətçilik ənənələrinin, hüquq qaydasının və demokratik nailiyyətlərin qorunmasına xidmət edir. Bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda əldə edilən uğurların təməlində ölkə Konstitusiyasının dayanması danılmazdır.

Sevda Məhəmmədova, 
Sumqayıt şəhər Mərkəzi Kitabxananın əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər