“168 saat”da Raabla “Əlifba dərsi”

850

Ölkəmizdə yaşayan əcnəbilər arasında almanlar çoxluq təşkil edir. Elə şəhərimizdə də onların sayı az deyil. Əslində, nə ölkəmiz, nə də Sumqayıt almanlar üçün yad şəhər sayılmamalıdır. Hələ İkinci Dünya Müharibəsi illərindən bu yerlər “nemets”lərə yaxşı tanışdır. Amma o vaxtlar almanlar bura əsir kimi gətiriliblər. Sumqayıtda 40-50-ci illərdə aparılmış tikinti işlərində də alman əsirlərinin əməyi çoxdur. Və bəlkə sumqayıtlıların çoxu bilmir ki, şəhərimizdə alman qəbiristanlığı da var.

İndi isə onlar bura uzaq Almaniyadan turist və iş adamı kimi üz tuturlar. Bernhard Raab da onlardan biridir. “Sumqayıt şəhər” Futbol Klubunun baş məşqçisi postunu tutan gənc almanla söhbətimiz maraqlı alındı. Onunla müsahibəmiz bir qədər fərqli formatdadır – “Əlifba müsahibəsi” formasında. Müsahibimiz hər hərfdən seçdiyimiz bir sözə münasibət bildirib. Cavablar maraqlıdır, odur ki, oxumağa dəyər:

 

A – Azərbaycan

Bu qədər gözəl ölkə olduğunu təsəvvür etmirdim. Bəlkə də, dünyanın ən gözəl paytaxtlarından biri Bakıdır. Artıq 4 aydır ki, Azərbaycanda yaşayıram. Bu müddət ərzində adıçəkilən ölkə barəsində çox şey öyrənmişəm. Məsələn, 11 iqlim qurşığından 9-nun Azərbaycanda olduğunu deyə bilərəm.

 

B – Berti Foqts

Berti Foqts həmvətənimdir. Onun Azərbaycan millisinin baş məşqçisi olduğunu deyə bilərəm. Foqtsu ilk dəfə 15 il bundan əvvəl Vizbadendə Futbol Akademiyasının açılışında görmüşəm.

 

C – Cərimə zərbəsi

Cərimə zərbələri futbolun ayrılmaz hissəsidir. Karyeram ərzində təxminən 15-20 penalti zərbəsi yerinə yetirmişəm. Onlardan cəmi ikisində dəqiq olmamışam. Bundan başqa, futbolçu olduğum zaman 4 dəfə cərimə zərbəsindən qol vurmuşam.

 

D – Dostlarınız

Həyatda insanın yaxın dostu olması çox gözəl hissdir. Hər zaman çətin anlarımda onlar mənim yanımda olub. Deyə bilərəm ki, 4 yaxın dostum var. Almaniyada olduğum zaman hər bir çətinliyi onların sayəsində aşmışam.

 

E – Ermənistan

Azərbaycanın tarixi ilə yaxından maraqlanıram. Boş vaxtlarım olan zaman internet vasitəsi ilə bu ölkənin keçmişini öyrənirəm. Ermənistanla konfliktinizin olduğunu bilirəm. Onların 20 faizdən artıq torpaqlarınızı işğal etdiyini deyə bilərəm. Ümid edirəm ki, tezliklə torpaqlarınız qayıdacaq.

 

Ə – Əvəzləmələr

Futbolda baş məşqçinin etdiyi əvəzləmələrdən çox şey asılıdır. Məsələn, 3 əvəzləmə ilə oyunun taleyini həll etmək mümkündür. Bunun dəfələrlə şahidi olmuşuq.

 

F – Futbol

Dünyanın ən populyar idman növüdür. Futbol mənim həyatımdır, təkcə sevdiyim və məşğul olduğum iş deyil.

 

G – Gənclik

Gənclər bizim gələcəyimizdir. Bizlər hər zaman gəncləri müdafiə etməliyik. Onlara dayaq olmaq hər birimizin borcudur.

 

H – Hakimlik

Səhvsiz insan yoxdur. Hakimlər də insandır. Onlarda səhv edə bilərlər, necə ki, bəzən elə hallarla rastlaşırıq.

 

X – Xəzər Lənkəran

Azərbaycan Premyer Liqasının ən güclü klublarından biridir. Olduqca təcrübəli futbolçulara sahibdirlər. Opara, Vobay və Pit ən yaxşı futbolçularıdır. “Xəzər Lənkəran”a qalib gəlmək çox çətindir. Xatırladım ki, Azərbaycanda ilk rəsmi oyunumu bu kluba qarşı keçirmişəm və 1:2 hesabı ilə məğlub olmuşam.

 

İ – İçki

İçki nəinki futbolçuya, bütün insan orqanizminə ziyandır. Çox nadir hallarda spirtli içkilər qəbul edirəm. Qırmızı çaxırı daha çox sevirəm. Adətən meyvə suları içməyi sevirəm.

 

J – Jurnalistika

Jurnalistlərə dördüncü hakimiyyət deyirlər. Onlar öz işlərini görür. Jurnalist ilk növbədə obyektiv olmalıdır. Bu təbəqənin insanları ilə heç bir zaman problemim olmayıb.

 

K – Kamran Quliyev

Onun haqqında çox danışmaq istəmirəm. Kamran Quliyev “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun prezidentidir. Klubun inkişafı üçün əlindən gələni edir. Azərbaycana gəlməzdən əvvəl danışdığım ilk azərbaycanlıdır.

 

L – Lippert Bernhard

Bernhard Lipperti 4 ildir tanıyıram. Çox gözəl insan və səviyyəli məşqçidir. Dörd ildir Azərbaycanda çalışır. Düşünürəm ki, Azərbaycan futbolu üçün az iş görməyib.

 

Q – “Qarabağ komandası”

Azərbaycanın ən güclü klublarından biridir. Olduqca yaxşı heyətləri var. Bu komandada xüsusilə Rauf Əliyevi, Əfran İsmayılovu və Georgi Adamiyanı qeyd etmək istərdim. Onlar hazırda ölkə futbolunun da seçilən adlarıdır.

 

M – Mahmud Qurbanov

Mahmud Qurbanov “Sumqayıt Şəhər”in futbolçusudur. Oyun ərinzdə gözəl ötürmələr edir. Heyətimizdə yer alan gənclərə əla nümunədir.

 

N – Neftçi

“Neftçi” ilə oyun mənim üçün həyatımın ən pis axşamlarından biri idi. “Sumqayıt Şəhər” çox bərbad oynadı. Bu vaxtda qədər ən böyük məğlubiyyəti də məhz “Neftçi”yə qarşı almışam. Onlara məhz bir şətlə qalib gəlmək olar. Gərək “Neftçi”dən güclü olasan.

 

O – Orxanlar (Orxan Əliyev və Orxan Həsənov)   

Orxan Əliyev gənc və perespektivli futbolçudur. Onun böyük gələcəyi var. Yalnız gərək öz üzərində çalışsın. Orxan Həsənov Əliyevdən 5 yaş böyükdür. Həsənovun fiziki göstəriciləri daha yüksəkdir.

 

Ö – Övlad

Övladım yoxdur. Hərdən özümü çox pis hiss edirəm. Uşaqları sevirəm. Qismət olsa, yaxın gələcəkdə ata olmaq istərdim.

 

P – Pul

Mənə görə, insan həyatında heç də hər şeyi həll edən vasitə deyil. Pul yalnız bəzi arzuları həyata keçirmək üçün lazımdır.

 

R – Ruslan Nəsirli

Yaxşı futbolçu ola bilər. Bu səbəbdən öz üzərində işləməlidir. Olduqca yaxşı qol duyumuna malikdir.

 

S – Sumqayıt

Xəzərin sahilində yerləşən şəhərdir. Olduqca gözəl insanlara sahibdir. Səhv etmirəmsə Azərbaycanın 3-cü ən böyük şəhəridir. Düşünürəm ki, Sumqayıtın böyük gələcəyi var. Elə Sumqayıt futbolunun da. Mən olmasam da belə bu şəhərin komandası daim yaşayacaq və yüksək pillələr üçün mübarizə aparacaq.

 

Ş – Şamil Cəmaləddinov

“Sumqayıt Şəhər”in gənc futbolçularından biridir. Olduqca yüksək fiziki göstəricilərə malikdir. Texniki cəhətdən artırmalıdır.

 

T – Tərəfdar

“Sumqayıt Şəhər” güclü tərəfdar ordusuna malikdir. Bizim azarkeşlər Azərbaycanda bir nömrədir. Onlar “Neftçi”yə uduzduğumuz 0:4 hesablı məğlubiyyətdə də bizi sona qədər dəstəklədi. Onlara minnətdaram.

 

U – Uşaqlıq illəriniz

Uşaqlıq illərim Karlşuredə keçib. Uşaqlığım daha çox futbol oynamaqla keçib. İnanın səhərdən axşama qədər stadionda futbol oynamışam. Valideynlərim əvvəllər mənim bu idman növü ilə məşğul olmağımın əleyhinə idi. Sonradan onlar da mənə dəstək oldu.

 

Ü – Üstünlükləriniz

Təzyiq altında işləmək bacarığı mənim ən böyük üstünlüyümdür. Bundan başqa, işimi hər zaman düzgün qura bilirəm.

 

V – Vəzifə

Vacib olan odur ki, lazım olan insan, lazımı vəzifədə olsun. Bu, istər idman, istərsə də digər sahələrdə belədir.

 

Y – Yurgen Klisman

Almaniya futbolunun yetişdirdiyi ən önəmli simalardandır. Vaxtında çox gözəl futbolçu olub. Hazırda ABŞ millisinin baş məşqçisidir. 1-ci Bundesliqada ona qarşı oynamışam. “Ştutqart” – “Karlşrue” Almaniyada ən vacib derbilərdən biridir. Bu derbidə Klismnannla üz-üzə gəlmişəm. Birdə ki, Klismann qeyri-adi qol sevinci yaşamağına görə tanınır.

 

Z – Zəif cəhətiniz

Qoy fikirləşim (gülür). İnsanlara tez inanıram.

 

Söhbətləşdilər:  Tural və Rəşad Məmmədovlar

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər