Sumqayıt şəhərində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1972-ci il təvəllüdlü Səməd Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xeberle.com publika.az-a istinadən xəbər verir ki, Səməd Məmmədovun qeyri-rəsmi nikahda olduğu arvadı Səmayə Babayeva 2018-ci il mayın 17-də yaşadıqları evi tərk edib və bacısının Sumqayıt şəhərində olan evinə gəlib.
Arvadı evdən qaçdı
Həmin gün saat 11 radələrində Səməd Məmmədov ora gəlib və ailədə yaranmış münaqişəyə son qoyaraq, arvadından yenidən evə qayıtmasını xahiş edib.
Lakin arvadı onun xahişini rədd edib. Arvadından rədd cavabı alan Səməd Məmmədov öz yaşadığı evə gəlib və evdə olan kompüterdən arvadının başqa kişi ilə olan fotoşəkillərini aşkar edib.
Bu səbəbdən Səməd Məmmədov qısqanclıq zəminində arvadını öldürmək qərarına gəlib. O, idarə etdiyi “Ford-transit” markalı avtomobildə saxladığı bıçağı götürüb.
Arvadının kişilərlə fotosunu tapdı
Həmin gün saat 15 radələrində arvadı Səmayə Babayevanın bacısı Sevda Verdiyevanın evinə gəlib. O, özü ilə gətirdiyi foto şəkilləri qonaq otağında olan stolun üstünə qoyub, arvadının ona qarşı xəyanətini etiraf etməsini tələb edib.
Arvadı isə xəyanət etmədiyini deyib. Bundan sonra Səməd Məmmədov özündə olan bıçaqla Səmayə Babayevaya bir neçə bıçaq zərbəsi endirib.
Dəhşət saçan qətl
Bundan sonra Səmayə Babayeva başqa kişi ilə görüşüb, cinsi əlaqədə olduğunu etiraf edib, yalvararaq ərindən aman diləyib.
Buna baxmayaraq, Səməd Məmmədov arvadına bacısı qızı Gülərin gözü qarşısında çoxsaylı zərbələr endirib. 16 bıçaq zərbəsi alan Səmayə Babayeva hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Səməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Geyinib-keçinərək harasa gedirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd Məmmədov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Səmayə ilə 2000-ci ildə ailə qurub, bu nikahdan bir oğlu və bir qız övladları olub: “Özüm sürücü işləməklə ailəmi dolandırmışam. Ailədə mehriban olmuşuq, heç bir söz-söhbətlərimiz olmayıb. Lakin 2015-ci ildən Səmayənin davranışında dəyişikliklər baş verdi. Məndən icazə almadan geyinib-keçinərək harasa gedirdi. Buna görə Səmayəni tənbeh etdim. Hətta Səmayənin valideynlərinə də bu barədə dedim”.
“Kimlərinsə bizimlə düşmənçilik etdiyini bildirdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ilin fevralında məhəllədə olan zaman qonşuları ona arvadı Səmayənin adına sosial şəbəkələrin birində “Dəniz sevgisi” adlı profil açıldığını bildiriblər: “Eyni zamanda həmin şəxslər mənə qeyd olunan profildə arvadım Səmayənin adından “ərinin Ford markalı avtomobildə sürücülük etdiyini, maddi çətinliyi olduğunu və bu səbəbdən 50 manat müqabilində bir saatlıq cinsi əlaqədə olduğunun” yazıldığını da bildirdilər. Mən də yaşadığım mənzilə gedərək, arvadımdan baş verənlərinin səbəbini öyrəndim. Arvadım isə mənə qeyd olunanlardan xəbərsiz olduğunu, kimlərinsə bizimlə düşmənçilik etdiyini bildirdi”.
“Başa düşdüm ki, yolunu azıb, məni aldadır”
Səməd Məmmədovun sözlərinə görə, 2018-ci ilin aprelində qardaşı Natiq onunla görüşüb, “Nuranə Nuranə” adlı profildən arvadı Səmayənin gödək ətəkdə və qırmızı rəngli maykada olan şəklinin ona göndərildiyini bildirib: “Mən də baxdıqda şəkildə Səmayənin olmasını gördüm. Səmayədən bu şəklin sosial şəbəkələrə necə düşməsini, bu şəkli nə vaxt, kim üçün çəkdirdiyini soruşdum. Səmayə şəklin ona aid olmadığını, montaj olunduğunu dedi. Başa düşdüm ki, Səmayə yolunu azıb, məni aldadır. Bacılarım Səmayə ilə söhbət etdi. Sonra Səmayə etiraf etdi ki, təxminən 10 ay əvvəl sosial şəbəkələrdə özünü “Akkord” şirkətinin əməkdaşı kimi təqdim edən qadın adı ilə qeydiyyatdan keçmiş bir şəxsi qadın zənn edib, tanış olub, sonuncudan ərini işə düzəltməyi xahiş edib. Guya həmin qadın evlərin ünvanını və digər anket məlumatlarını Səmayədən istəyib”.
“Dedi ki, Səmayədən sənə arvad olmaz”
Səməd Məmmədov qeyd edib ki, Səmayə bir müddət sonra isə qadın adı ilə çıxış edən şəxsin kişi olduğunu, adının Rövşən olduğunu, Səmayə ilə intim əlaqədə olmasını tələb etdiyini, Səmayə etiraz etdiyi halda onu şantaj etməsi ilə hədələdiyini, hər kəsin qarşısında təmiz olduğunu bildirib: “Bu məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət etdik. Bölmənin təhqiqatçısı mayor Mehman Rövşəni bölməyə dəvət etdi, ondan izahat aldı. Rövşən orada mənim yanımda Mehman müəllimə bildirdi ki, o, Səmayəni heç vaxt görməyib, onunla heç bir əlaqəsi olmayıb, lakin Səmayənin başqa şəxslərlə görüşdüyünü, ərinə xəyanət etdiyini, sosial şəbəkələrdə Səmayənin başqa şəxslərlə şəkillərinin olduğunu, hətta Hüseyn adlı başqa bir şəxsin onu hədələyərək artıq Səmayə ilə əlaqəsi olduğu üçün ondan əl çəkməsini tələb etməsini dedi. Bundan sonra Mehman müəllim Rövşəni sərbəst buraxdı. Mən isə dedi ki, Səmayədən sənə arvad olmaz, onu boşa”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Səmayənin qardaşı Əlini və bacılarını evə dəvət edib, arvadının etdiyi əməllər barədə onlara məlumat verib: “Səmayənin qohumları mənə inanmadılar. Bu zaman Rövşən adlı şəxslə telefon əlaqəsi yaratdım. Telefonu hamı eşitsin deyə mikrofona qoydum və Rövşən polis bölməsində dediklərini bir daha təkrarladı. Bundan sonra Səmayəni qardaşı özü ilə apardı”.
“Xəyanətini bağışlaya bilmədim”
Səməd Məmmədov qeyd edib ki, buna baxmayaraq o, Səmayənin yaşadığı bacısı Afaqın evinə uşaqlarını görməyə gedib-gəlib: “Bu arada qardaşım Natiq sosial şəbəkələrdə qadın adı ilə çıxış edən bir şəxsin onun telefonuna Səmayənin başqa bir kişi ilə əyləndiyini sübut edən foto şəkilləri göndərdi. Həmçinin hadisə baş verməzdən iki gün öncə evdə olan zaman kompüterə daxil olaraq orada Səmayənin tanımadığım yad kişi ilə səmimi şəkillərinin olduğunu gördüm. Həmin şəkilləri Sumqayıt şəhərində yerləşən foto studiaların birində çıxardaraq özümdə saxladım. Şəkillərə baxdıqdan sonra çox narahat oldum. Səmayənin mənə xəyanət etməsini özümə bağışlaya bilmədim”.
“Niyə mənə xəyanət etdiyini soruşdum”
Səməd Məmmədov bildirib ki, mayın 17-də, səhər saatlarında Səmayənin yaşadığı evə gəlib, oğlu Rahibə 12 manat pul qoyub, həmçinin arvadı ilə ailələrinin gələcəyi barədə söhbət edib: “Səmayəyə əvvəlcədən özüm ilə gətirdiyim, evdə olan kompüterdən aşkarladığım tək kişi şəkilləri göstərdim. İlk öncə Səmayə həmin şəxsin tək olan şəkillərini təqdim etsəm də, Səmayə həmin şəxsi tanımadığını bildirdi. Bu zaman onların ikisinin bir yerdə olan fotoşəkillərini göstərdim. Səmayə həmin şəxsi tanıdığını etiraf etdi. Arvadımdan niyə mənə xəyanət etdiyini soruşdum. Arvadım mənə “əcəb edib xəyanət edirəm, səndən boşanıram”, – deyə bildirdi”.
“Namusumun ləkələnməsini bağışlaya bilmərəm”
Səməd Məmmədov qeyd edib ki, həmin vaxt çarəsiz qalıb və evinə gedib: “Çox fikirləşdim ki, nə edim. Anladım ki, namusumun ləkələnməsini Səmayəyə bağışlaya bilmərəm, onu öldürməliyəm. Bu qərara gəldikdən sonra elə həmin gün yenidən Səmayənin yaşadığı mənzilə qayıtdım. Orada qapının girəcəyində oğlum Rahiblə rastlaşdım, Rahib işə gedirdi. Həmin ərəfədə oğlumu bərbər salonuna işə düzəltmişdim. Qapını Səmayənin bacısı qızı açdı. Həmin vaxt Səmayə qonaq otağında oturmuşdu. Bilirdim ki, Səmayənin anası Afət işdədir. Evdə başqa adamın olmadığını düşündüm. Səmayənin bacısı qızına 2 manat pul verərək, mənə kontur almasını tapşırdım. İstəmirdim ki, Səmayə ilə olacaq məsələmi kimsə görsün. Qız getdikdən sonra özüm ilə gətirdiyim Səmayənin xəyanətini təsdiq edən foto şəkili ona göstərdim. Onun xəyanətinin səbəbini soruşdum. Səmayə bir daha şəkildə olan şəxslə mənə xəyanət etdiyini təsdiqləyərək, boşanacağını söylədi”.
“Cəzası ölüm olduğunu bildirdim”
Təqsirləndirilən şəxs daha sonra ifadəsində arvadı ilə aralarında olan mübahisəni belə danışıb: “Arvadıma etdiyi hərəkətin cəzasının ölüm olduğunu bildirdim. Otaqda masanın üzərində olan bıçağı götürərək əsəbi halda Səmayəyə 5-6 bıçaq zərbəsi vurdum. Səmayənin yerdə nəfəssiz uzandığını gördüm. Öldüyünü bilərək mənzildən çıxdım. Qapıda Səmayənin bacısı qızı ilə rastlaşaraq ona evə girməməyi dedim. Oradan polis bölməsinə gedərək hadisə haqqında məlumat verdim və təslim oldum”.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Araşdırma zamanı Səməd Məmmədovun əməlinin tam sübuta yetirildiyi məlum olub.
Məhkəmənin hökmü ilə Səməd Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərar verilib.
Hökmdən narazı qalan Səməd Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.
Səməd Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, şikayət qismən təmin edilib.
Səməd Məmmədovun cəzası 14 ilə endirilib.