1993-cü il 3 oktyabr: Azərbaycanın inkişaf tarixində yeni səhifə

701

Tarix sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu var. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, ölkə daxilində anarxiya, hökm sürürdü. Belə vəziyyət 1993-cü ilin ortalarında Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycan xalqı bu təhlükələrdən yeganə xilas yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq ölkə Parlamentinin Sədri seçildi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi və beləlikləmüstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk addımı qoyulmuş oldu.Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən qorudu, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Həyatı boyunca andına sadiq qalan Ulu Öndərin ölkəmizin inkişafı, xalqımızın rifahı, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində göstərdiyi xidmətlər misilsizdir. Tarixi, adət-ənənələri, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi də məhz Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. Bu gün də xalqımız əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi uğurlarını hiss edir, onunla yaşayır və faydalanır.

Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Əgər həmin dövrlərdə ölkəyə məhz Ulu Öndər Heydər Əliyev rəhbərlik etmiş olsaydı xalqımız qan-qada, müharibə, ağır problemlər yaşamazdı.

Prezident seçildikdən sonra Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Dövlət çevrilişlərinin qarşısı alınaraq ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas edildi.   O, öz əməli fəaliyyəti, misilsiz xidmətləri  ilə ömrünü xalqına, müstəqil Azərbaycana həsr etdiyini sübut etdi, özündən sonra Azərbaycan xalqı üçün memarı və xilaskarı olduğu müstəqil, güclü dövlət buraxdı.

Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Müasir Azərbaycan dövlətinin adı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Elə bir sahə yoxdur ki, o sahədə dahi şəxsiyyətin xidmətləri olmasın. Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.

Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.

Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan Respublikasında ardıcıllıqla həyata keçirilən iqtisadi islahatlar ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş və beləliklə, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Bütün bunlarla yanaşı, ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionların inkişafı və əhalinin məşğulluğu sahəsində həlli tələb edilən vəzifələr ön plana çəkilmişdir.

Ulu Öndərin hakimiyyətə gəlməsi ilə iqtisadi inkişaf amillərinin geniş və hərtərəfli təhlili isə respublikanın sosial-iqtisadi inkişafının mühüm xüsusiyyətlərini aşkar etməyə, eyni zamanda, respublika iqtisadiyyatının inkişafında mütərəqqi meyllərin əmələ gəlməsinə, iqtisadiyyatın ərazi və sahə strukturunun təkmilləşdirilməsinə imkan yaranmışdır.

İqtisadiyyatın və respublika rayonlarının bir-biri ilə bağlı sahələrinin planlaşdırılması, iqtisadi və sosial problemlərin həlli, kompleks münasibətin gücləndirilməsi əmək, maddi və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsinə, sahə və rayonun inkişafına şərait yaratmışdır.

Ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etdiyi dövrdə Azərbaycan Ermənistanla müharibə şəraitində idi, siyasi hərc-mərclik hökm sürürdü. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış müqavilə ilə sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi.

Ulu Öndər Heydər Əliyevin bu uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.

Ulu Öndər Heydər Əliyev bununla yanaşı bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

Akif Kərimov, Azərbaycan Respublikasının Əməkdar məşqçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər