1995-ci ilin “mart hadisələri” xalqı Ulu öndər Heydər Əliyevin ətrafında daha sıx birləşdirdi

934

1995-ci ilin “mart hadisələri” xalqı Ulu öndər Heydər Əliyevin ətrafında daha sıx birləşdirdi
Sual oluna bilər dövlət çevrilişi nədir? Dövlət çevrilişi və ya hərbi çevriliş-ölkədə qanuni hakimiyyətin qeyri-qanuni yolla dəyişdirilməsi, əsasən dövlət başçısı iqamətgahının zəbt edilməsi, dövlət başçısının təcrid edilməsi, yaxud öldürülməsi yolu ilə baş verir.
1995-ci il mart hadisələrindən 26 il keçir. Hər il ölkəmizə Novruz bayramı qədəm qoyanda o illərin acı hadisələri bir anlıqda olsa göz önünə gəlir, hakimiyyəti silahlı yolla ələ almaq istəyənlərin xəyanətkar əməlləri yada düşür. Dərhal da düşünürük “Nə yaxşı ki, həmin vaxt ölkəyə dövlət idarəçiliyində zəngin təcrübəsi olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyət rəhbərlik edirdi”. Onun uzaqgörənliyi və qətiyyəti xəyanətin qarşısını aldı, dövlət çevrilişi baş tutmadı, müstəqilliyimiz daha da möhkəmləndirildi, əbədi oldu.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanın tədricən beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməsi, hakimiyyəti ələ keçirmək istəyən bəzi qüvvələrin qısqanclıqlarına səbəb olmuşdur. 1994-cü ilin sentyabr ayında ”Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizin dünya miqyasında nüfuzu daha da artdı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Bu inkişafı gözü götürməyən qüvvələr həmin ilin oktyabrında xarici qüvvələrin təhriki ilə dövlət çevrilişi etməyə cəhd göstərsələr də, son anda ümummilli lider Heydər Əliyevin qətiyyəti qarşısında təslim oldular. Sən demə bu xəyanətkar qüvvələr pusquda dayanıb yeni bir məqam gözləyirmiş. Onlar nəticə çıxarmaq əvəzinə növbəti xəyanətkarlığı düşünürlərmiş.
Onlara, xüsusilə də bu antidövlət kampaniyasında fəallıq göstərən Xüsusi Təyinatlı Polis Dəstəsinə (XTPD və OMON) rəbbərlik edən Mahir və Rövşən Cavadov qardaşları 1995-ci ilin martında yenidən öz çirkin niyyətlərini həyata keçirməyə başladılar. Bu dəfə artıq plan dəyişmişdi. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını, orada Ə.Elçibəy və A.Mütəllibovun iştirak edəcəklərini bəyan edirdilər. ”OMON”a dəfələrlə, təkidlə təklif edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin.
Dövlətin himayəçiliyi ilə yaradılmış silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi.
1995-ci il martın 12-dən 13-nə keçən gecə Qazax rayonunun XTPD-nin bölmələri Müdafiə Nazirliyinin bu ərazidəki hərbi hissələrindən birinə silahlı basqın etdilər. O da qeyd edilməlidir ki, Rövşən Cavadovun himayədarlıq etdiyi bu dəstə uzun müddət ərzində, benzin, narkotik maddələr qaçaqmalçılığı və silah alveri ilə məşğul olurdu. Onlar Mahir və Rövşən Cavadov qardaşlarının tapşırığını yerinə yetirərkən Qazax və Ağstafada, həmçinin ətraf bölgələrdə dövlətçiliyimizə arxadan zərbə vura biləcək qanunsuz addımlar atır, erməni təcavüzü altında yaşayan regionun əhalisini vahimə içərisində saxlayırdılar.
Hüquq mühafizə orqanlarının normal fəaliyyətini pozan XTPD-nin idarəolunmaz bir quruma çevrilməsi ictimaiyyətin hiddətinə səbəb olmuşdur.
Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə hakimiyyətə rəhbərlik edənlərin cəsarətsizliyindən, qeyri-prinsipiallığından yararlanan belə qüvvələr qanuna tabe olmaq istəmir, soyğunçuluq, quldurluq ənənələrini davam etdirir, öz hegemonluqlarını qoruyub saxlamağa çalışırdılar. Azğınlaşmış XTPD əməkdaşlarının rəhbərliyi ilə 1995-ci ilin martın 12-dən 13-nə keçən gecə Qazax və Ağstafa rayon Polis Şöbəsinə, Bakı-Qazax yolunun Tovuz sərhədində yerləşən yol-nəzarət məntəqəsinə hücum edildi və dövlət əleyhinə faktiki qiyam baş verdi.
Martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən qiyam yatırıldı. Martın 16-17-də XTPD-nin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərildi. Martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam tam yatırıla bildi.
Respublikanın DİN-nin general-mayoru Ramil Usubovun 14 mart 1995-ci il tarixli əmri ilə XTPD ləğv edildi.
15 mart 1995-ci il tarixdə Ulu öndər Heydər Əliyev XTPD-nın dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etdi. Azərbaycan xalqının Ulu öndərə-Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasının ən başlıca səbəbdir.
1995-ci il mart hadisələri bir daha təsdiq etdi ki, XTPD üzərinə düşən vəzifəni bir kənara qoyaraq, mafioz qruplarla və cinayətkar birləşmələrlə cinayət əlaqəsinə girmiş, xeyli sayda ağır cinayətlər törətmişdir. Halbuki XTPD yaradılarkən qarşısına qoyulan əsas vəzifə respublikada başlanan erməni separatçı hərəkatının torpaqlarımıza və xalqımıza təcavüzünə məruz qalmasının qarşısını almaq idi. Təəssüf ki, yaxşı silahlanmış və təlim görmüş, xaricdən dəstəklənən düşmənlərlə mübarizə aparmaq məqsədilə yaradılmış bir qurumun xəyanətkar üzvləri silahı öz xalqına, ölkədə ciddi intizam, qayda-qanun yaradan hakimiyyətə tuşladı.
Azərbaycanın dövlət müstəqilliyini, uğurlarını heç cür həzm edə bilməyən xarici havadarlarının dəstəyi ilə çevriliş edənlərin əsas məqsədləri ilə hakimiyyəti qeyri-qanuni yolla, silah gücünə devirmək idi.
1995-ci il mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıqdır. Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələrin rəhbəri R.Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam iştirakçı idi. Onlar ağsaqqalları, ziyalıları hətta yaşlı ataları da dinləmədilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şıddətli nifrət yaranmışdı. Xalq xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda bu proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə heç bir nəticə vermirdi.
1995-ci il mart hadisələri Azərbaycan xalqının müstəqillik yolunda ilk kövrək addımlarını atan bir dövlətin tarixində 2 cəhətdən yadda qaldı:
Birincisi, hər addımda qışqıra-qışqıra, dövlətin, dövlətçiliyin tərəfində durduğunu, guya xalqını, vətənini canından artıq sevdiyini bəyan edənlərin iç üzləri açıldı. Sən demə bütün bunlar hakimiyyətə gəlmək naminə boğazdan yuxarı deyilən quru sözlər imiş. Xalq öz aciz ambisiyaları üçün müstəqilliyi məhvə aparmağa hazır olan, millətin qanına susamış xəyanətkarları tanıdı.
İkincisi, dövlət özünü qorumaq iqtidarında olduğunu bir daha göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci il mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra xalqa bir daha bəyan oldu ki, ümummilli lider Heydər Əliyev kimi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də Azərbaycanı xilas edib. Bundan sonra Azərbaycanın müstəqilliyi daha da möhkəmləndirildi və əbədi oldu.
Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısının alınması, xalqın bütövlüyünün qorunması ulu öndər Heydər Əliyevin tarixi missiyasına çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya, özbaşınalığa son qoydu. Həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. Elə bugün də məhz həmin xalq birmənalı şəkildə erməni işğalına son qoymuş, ərazi bütövlüyümüzü təmin etmiş, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanır, etimad edir, dövlətçiliyimizə xələl gətirməyə çalışan, radikal müxalifətin “beşinci kolon”un çağırışlarına məhəl qoymur, iddialarını rədd edir.

Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Cabbarova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər