20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

577

Tariximizə qara hərflərlə yazılan 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin bir sonrakı addımı oldu. Başlanğıcını 1988-ci il Sumqayıt hadisələrindən götürən 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, azadlığa susamış və bunun üçün canını qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda ümumxalq faciəsi olmaqla həm də müstəqillik və hürriyyət uğrunda apardığımız milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
İmperialist qüvvələrin siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədiyi bu bu ağılalmaz cinayət onların fikirləşdiyi kimi nəticələnmədi. Ayağa qalxan xalq milli maraqlarımıza zidd addımlar atan, Azərbaycanın ozamankı rəhbərlərinin istefasını tələb edirdi. Həmin ərəfələrdə irəli sürülən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını planladı və həyata keçirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc, əliyalın əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qırğın həyata keçirdi. Sovet ordusunun xüsusi təyinatlı Alfa qrupunun və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla və amansızlıqla sonlandı. Əvvəlcədən tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Bu da itkilərin sayını bir neçə dəfə artırdı.
Qanlı faciədən sonra aparılan araşdırmalar belə qənaətə gəlməyə əsas verdi ki, cinayət həqiqətən əvvəlcədən planlı şəkildə hazırlanıb və həyata keçirilib. Həmin il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmişdir. Bu dəstələr Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan (kazarmasında) yerləşdirilmişdir. Sonradan aydınlaşdırılan faktlardan biri də o idi ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinədə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da məqsədli şəkildə cəlb edilib.
Qanlı 20 Yanvar faciəsinin əvvəlcədən, planlı şəkildə həyata keçirildiyinin bir başqa sübutu “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq olunmalı idi. Buna baxmayaraq fövqəladə vəziyyətin elan olunduğu yanvarın 20-də gecə 12:00 radələrində qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Bu qırğın əməliyyatına rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Hərbi cinayətkarlar fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamağı bacarmışdılar. Gülünc olan o idi ki, kütləvi insan qırğını törədildikdən sonra yalnız 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Lakin görünən o idi ki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlar zamanı tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə çox sayda desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra da qətillər sona çatmamış, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
Qanlı yanvar hadisələrin coğrafiyası təkcə Bakı şəhəri ilə yekunlaşmayıb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da qətillər həyata keçirilib. Yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda birlikdə 8 nəfər qətlə yetirilmişdir. Qanlı 20 Yanvar faciəsinin statistikasına nəzər salsaq görərik ki, respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 80 avtomaşın, 200 ev və mənzil, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak sıradan çıxarılmışdır.
1990-cı il yanvarın 20-də Sovet İmperiyasının boyunduruğundan qurtulmaq istəyən xalqa göz dağı yaşatmaq niyyəti ilə Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan növbətisi, bütün bəşəriyyətə qarşı yönəldilmiş ağır cinayət oldu. Sovet hərbçiləri təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tutmaqdan çəkinməmişdilər. Şəhər başdanbaşa güllələnmiş və yaralanmış günahsız insanların- qocaların, qadınların, uşaqların qanına bələnmişdi.
O zaman bütün bu baş verənlərdən sonra Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu bir xalqın yaşadığı bu ağır cinayəti görməməzlikdən gəlmiş, hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmamasını qeyd etmiş və bununla da 20 iyul 1990-cı il tarixində cinayət işinin xitamına qərar verildi. Ən əsası həyata keçirilmiş bu qanlı faciənin 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı.
Lakin xalqın mübarizə əzmini qırmağa yönəldilmiş Qanlı Yanvar hadisələri düşmən tərəfin düşündüyü nəticəni verməyib. Əksinə Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində həlledici rol oynayıb. Yaşanan faciədən sonra milli azadlıq hərəkatı tam siyasi rol alaraq dönməz xarakter daşıyıb. 20 Yanvar hadisələri nəticəsində artıq cana gəlmiş xalq üçü Sovet İmperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Yaşanmış bu qanlı faciə dünya azərbaycanlılarının təşkilatlanmasına və birlik nümayiş etdirməsinə səbəb oldu. Əslində Sovet İttifaqı özü də hiss etmədən öz süqutuna imza çəkmişdi. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
20 Yanvar hadisələrindən sonra daha bir gerçəkliyin şahidi olduq ki, xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların əsl üzü açılmağa başlamışdı. Çox keçmədi ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə ürəkyananlıqla çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu vədini unutdu. AXC hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün geniş imkanlarından istifadə etmədi. 1993-cü ilə qədər Azərbaycanın rəhbər şəxslərindən heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etmək üçün addım atmadı.
Çox keçmədi ki, 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən gəldi. Baş verə biləcək təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin qanlı əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən misilsiz faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu Öndər 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməyi özünə borc bildi. Qorxusuzca bəyanat verərək, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd bir addım kimi qiymətləndirib. Moskvanın və respublika rəhbərlərinin məsuliyyətsizliyi üzündən yol verilmiş kobud siyasi səhv kimi tənqid edib. Ulu Öndərin Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarına kəskin etiraz edərək, rəsmi açıqlamanı tələb edib.O: -“Azərbaycana kənardan böyük ordu qüvvələri yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə aydındır. Azərbaycanın özünə aid bəs qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri mövcuddur. Bunlar ola-ola əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət yaranmışdısa, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Bu cür qərar qəbul edən Azərbaycan rəhbərliyi, hər kəsdən əvvəl isə Azərbaycanı çətin günündə qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır” deyə qeyd edib. Ulu Öndər Heydər Əliyevin başçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verərək 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Daha sonra Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəb siyasi vəziyyətinə baxmayaraq 20 Yanvar faciəsinin baş vermə səbəbləri və günahkarların araşdırılması işini də öz üzərinə aldı və bunun nəticəsində həqiqətlər ortaya çıxdı. Ulu Öndər Heydər Əliyev mən bu faciəyəyə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam demişdir. Əlavə edərək bildirmişdi ki, bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam və birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə bunu edirəm.
Azərbaycan xalqı azadlıq uğrunda göz qırpmadan canlarını fəda edən qəhrəman oğul və qızlarını unutmur, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Buna görədir ki, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Prezident İlham Əliyevin təşəbbüskarlığı ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün sosial müdafiə siyasəti formalaşdırılıb. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinə ehtiramın nəticəsi kimi şəhid ailələrinə xüsusi diqqət ayırır.
Prezident İlham Əliyev tərəfindən 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm işlər görülmüşdür. Prezidentin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət dəstəyinin artırılması məqsədilə təqaüd ayrılıb. Bütün bunlarla yanaşı qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri həyata keçirilir. Eyni zamanda Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın, silahsız çıxmış, Azərbaycanın hürriyəti uğrunda canlarından keçmiş oğul və qızlarını uca xatirəsini hər il ehtiram və minnətdarlıq hissi ilə yad edir. Yanvarın 20-də səhər saatlarından etibarən başda prezident və ailə üzvləri olmaqla bir çox dövlət rəsmisi və Azərbaycan xalqı səhər saatlarından başlayaraq Şəhidlər Xiyabanına axışır, saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Eyni zamanda gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Esmira Şahbazova,
Sumqayıt şəhər Mərkəzi Kitabxananın əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər