2009-cu ilin 9 ayı ərzində Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunları haqqında Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin çıxışı

920

Hörmətli müşavirə iştirakçıları,
Əziz sumqayıtlılar!

Müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkəmiz son illərdə aparılan islahatlar və əldə olunan iqtisadi artımın səviyyəsinə görə dünyanın qabaqcıl ölkələri sırasında qərarlaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cari ildə ölkəmizdə davamlı və tarazlı inkişafın təmin edilməsi, regionların sosial-iqtisadi inkişafı üzrə qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsi, Azərbaycanın regional layihələrdə uğurlu iştirakı əhalinin rifahının yüksəldilməsinə və dövlətimizin qüdrətinin daha da artmasına səbəb olmuşdur. Bütün bunların nəticəsi olaraq, əksər dünya ölkələrində tənəzzülün müşahidə edildiyi bir zamanda Azərbaycan dünyada özünü böhrandan ən az əziyyət çəkən ölkələrdən biri kimi təsdiq etmişdir.

Bütün bunlar barədə oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında konkret faktlarla ətraflı danışılmış, respublikamızın bütün sahələrdə dinamik inkişaf yolu keçdiyi təsdiqlənmişdir. Qeyd olunmuşdur ki, ötən doqquz ayda ölkə iqtisadiyyatının əsas indikatoru hesab olunan ümumi daxili məhsul istehsalının həcmi 6,1 faiz artmışdır. Xüsusilə region ölkələrinin iqtisadiyyatında 10-15 faizlik azalmanın müşahidə olunduğu bir dövrdə Azərbaycanın bu göstəricisi çox yüksək nailiyyət kimi qiymətləndirilməlidir.

Sənaye istehsalında 5 faiz, kənd təsərrüfatında 3 faiz, əhalinin pul gəlirlərində 10 faizlik artımın qeydə alınması, strateji valyuta ehtiyatlarının doqquz ay ərzində 1 milyard dollar artaraq ümumilikdə 19 milyard dollar təşkil etməsi, manatın sabitliyinin, inflyasiyanın aşağı səviyyəsinin qorunması, eləcə də son 6 ildə ümumilikdə 824 min yeni iş yerlərinin açılması milli iqtisadi sistemin rəqabət qabiliyyətinin təmin olunmasında vacib rol oynamışdır.

Əldə olunmuş uğurlar beynəlxalq təşkilatlar tərəfindən də diqqət mərkəzində saxlanılmış, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli şəraiti qiymətləndirdiyi illik hesabatında Azərbaycanı ən islahatçı ölkə elan etmişdir.

Ölkəmizin davamlı iqtisadi inkişafında qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsinin mühüm rolu olmuşdur. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən, ölkə iqtisadiyyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, o cümlədən bölgələrdə infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyinin qeyd olunduğu cari ildə ölkə miqyasında əldə olunmuş sosial-iqtisadi nailiyyətlərdə, sözsüz ki, Sumqayıtın da özünəməxsus rolu olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkəmizdə geniş qeyd olunan yubiley ili yalnız ictimai-mədəni hadisələrlə məhdudlaşmamış, şəhər iqtisadiyyatının gücləndirilməsi, əhalinin sosial təminatının və rifah halının yaxşılaşdırılması tədbirləri də ardıcıl şəkildə həyata keçirilmişdir.

Bunun nəticəsidir ki, 9 ay ərzində Sumqayıt şəhərində ümumi məhsul buraxılışının həcmi 250 milyon manat təşkil etmiş, məhsul istehsalında qeyri-dövlət sektorunun payı 81,2 faizə çatmışdır. Son 6 il ərzində ümumilikdə şəhər üzrə məhsul buraxılışı və sənaye xarakterli xidmətlərin həcmi 2 milyard 300 milyon manatdan çox olmuşdur.

Bütün sahələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 2009-cu ilin doqquz ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 250 manat həddini ötmüş, son 6 il ərzində bu göstərici şəhər üzrə 3,6 dəfə artmışdır. Əhalinin sosial təminatının gücləndirilməsi məqsədilə cari ildə daha 5.000 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir ki, nəticədə Sumqayıt şəhərində ünvanlı sosial yardım alan ailələrin sayı 24.000-i keçmişdir.

2009-cu ilin yanvar-sentyabr ayları ərzində şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 60 milyon manatdan çox investisiya cəlb edilmişdir ki, bununla da, son 6 ildə şəhər iqtisadiyyatına yönəldilmiş kapital qoyuluşunun həcmi 1 milyard 500 milyon manata yaxınlaşmışdır.

Dünyanın əmtəə və maliyyə bazarlarında baş verən böhranın nəticələri Sumqayıt şəhərində yerləşən və ixracyönümlü məhsullar istehsal edən ağır sənaye müəssisələrinin fəaliyyətinə təsirsiz ötüşməmişdir. Bu səbəbdən Sumqayıt Alüminium İstehsalı Sahəsi, “Azərboru”, “Superfosfat”, “Aşqarlar” və “Sumqayıt Kompressorları” ASC-də demək olar ki, məhsul istehsalı təşkil edilməmiş, “Azərikimya” Dövlət Şirkətinin tərkibinə daxil olan müəssisələrdə məhsul buraxılışının həcmi kəskin surətdə aşağı düşmüşdür. Ağır sənaye müəssisələrinin məhsul istehsalı fəaliyyətinin zəifləməsi ilə əlaqədar işçilərin bir hissəsi ödənişsiz məzuniyyətə buraxılmış, bir hissəsi isə iş yerini dəyişmişdir.

Lakin son illər Sumqayıt şəhərində sənaye məhsulunun istehsalında aparılan diversifikasiya tədbirləri, yeni, çevik, özəl istehsalat subyektlərinin, qabaqcıl texnologiyalı müəssisələrin fəaliyyətə başlaması şəhər iqtisadiyyatının normal inkişafını təmin etməyə əsaslı zəmin yaratmış, sənaye işçilərinin əmək bazarında gərginliyin yaranmamasına səbəb olmuşdur.

2009-cu ilin ilk doqquz ayı ərzində şəhərin qeyri-dövlət sektoruna aid sənaye müəssisələrinin məhsul buraxılışında 101 faizlik artıma nail olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə “Azərbaycan Məişət Malları”, “Uretan LTD”, “Seyfulla və Kövsər”, “Ağac Emalı” və “Kiş San Parket LTD” müəssisələrində məhsul istehsalı həcmi ciddi şəkildə artmışdır.

Bununla yanaşı, iri diametrli şüşə lifli boru istehsalı zavodu “Azkompozit” MMC-də, biskvit-makaron, un məmulatları emalı müəssisəsi “Bismak” Qida Sənaye Kompleksində və qənnadı məmulatları istehsal edən “Elitar” MMC-də yeni məhsul çeşidləri mənimsənilmiş, istehsal həcmi artmışdır.

Yalnız şəhərimizin deyil, bütövlükdə respublikamızın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutan 517 mvt gücündə Sumqayıt Elektrik Stansiyasında artıq tikinti-quraşdırma və avadanlıqların tənzimləmə işləri tam başa çatdırılmış, ərazinin abadlaşdırılması davam etdirilir. Cari ilin üçüncü rübündə stansiyada elektrik enerjisinin alınmasına başlanılmış və ümumilikdə 250 milyon kVt. saatdan çox elektrik enerjisi istehsal edilmişdir.

Şəhərdə həyata keçirilən digər iri infrastruktur layihəsi – gücü sutkada 200 min kub metr olan təmizləyici qurğunun tikintisi hazırda həlledici mərhələyə çatmış, inzibati binanın tikintisi başa çatmaq üzrədir.

Hesabat dövründə pambıq iplik istehsalı müəssisəsi “İnter Tekstil” MMC-də, elektrik naqilləri və kabellər istehsal edəcək Texnologiyalar parkında, xam kağız və karton istehsalı sahələri – “Sumqayıt Karton” MMC və Azərsun Holdinqin Sumqayıt fabrikində tikinti-quraşdırma işləri davam etdirilmişdir.

2009-cu ildə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılması istiqamətində görülmüş işlər nəticəsində yeni-yeni ticarət, xidmət və iaşə obyektləri fəaliyyətə başlamışdır. Hazırda şəhər ərazisində 2000-ə yaxın hüquqi və 8400 nəfərdən çox fiziki şəxs fəal sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Cari ildə Sumqayıt şəhərində 2000-dən çox yeni iş yeri açılmışdır. Ümumilikdə, son 6 ildə şəhər üzrə 38480 yeni iş yeri yaradılmışdır ki, bunun da yarıdan çoxu daimi iş yerləridir.

Şəhərin sosial-iqtisadi inkişafının elmi cəhətdən təhlili baxımından son illər ənənəvi olaraq keçirilən elmi-praktiki konfranslar mühüm əhəmiyyət kəsb etmiş, cari ilin may ayında “Sumqayıt 60 il – Sosial-iqtisadi tərəqqi, inkişaf və nailiyyətlər” adlı konfrans təşkil olunmuşdur. Şəhərin 60 illik yubileyinə həsr olunmuş tədbirdə respublikamızın aparıcı iqtisadçı alimləri və müvafiq dövlət qurumlarının, elmi institutların rəhbərləri iştirak etmiş, ümumilikdə Sumqayıtın inkişafının mövcud vəziyyəti və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparmışlar.

Hörmətli tədbir iştirakçıları!

Dövlətimizin artan iqtisadi qüdrəti və düşünülmüş uzunmüddətli investisiya siyasəti Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Sumqayıt şəhərində də iri infrastruktur layihələrinin icrasına, geniş miqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə təkan vermişdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən 1 oktyabr 2009-cu il tarixdə Sumqayıt şəhərində abadlıq işlərinin sürətləndirilməsi haqqında imzalanmış Sərəncam bu sahədə görülən tədbirlərin gücləndirilməsi üçün əlavə imkanlar yaratmışdır. Genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin aparılmasını nəzərdə tutan bu sənəd cari il ərzində Sumqayıt şəhərinin yubileyi ilə bağlı cənab Prezidentin imzaladığı sayca ikinci sərəncamdır. Fürsətdən istifadə edərək, bütün Sumqayıt sakinləri adından şəhərimizə göstərilən bu yüksək diqqətə görə dövlət başçımıza dərin minnətdarlığımı bildirmək istəyirəm.

Abadlıq və quruculuq işləri, o cümlədən infrastrukturun təkmilləşdirilməsi ilə bağlı tədbirlər payız-qış mövsümünə hazırlıq baxımından xüsusilə əhəmiyyət kəsb edir. Qış ayları mənzil-kommunal təsərrüfatı üçün bir növ sınaq müddətidir.

Hesabat dövründə yaşayış binalarının dam örtüklərinin, zirzəmilərin əsaslı təmiri, lift təsərrüfatının, kanalizasiya şəbəkəsinin yenidən qurulması, şəhərin təbii qaz, su, elektrik və istilik enerjisi ilə təmin olunması, o cümlədən küçə və prospektlərin, məhəllədaxili yolların asfaltlanması, rabitə-nəqliyyat sisteminin tənzimlənməsi və şəhərin təmizliyi sahəsində bir sıra işlər həyata keçirilmişdir.

Sumqayıt sakinləri uzun illər boyu xüsusilə payız-qış mövsümündə dam örtüklərinin yarasız vəziyyətdə olmasından böyük əziyyət çəkmişlər. 2003-cü ildən etibarən bu problemin həllində kəskin dönüş yaradılmış, 750-dən çox yaşayış binasının dam örtüyü bütövlükdə təmir edilmişdir. Cari ilin 9 ayı ərzində daha 226 mənzildə dam örtüyünün təmiri işləri başa çatdırılmışdır. Cənab Prezidentin sərəncamı ilə Sumqayıt şəhərinə ayrılmış vəsait hesabına hazırda Heydər Əliyev prospekti və Sülh küçəsi boyu yaşayış binalarının dam örtüklərinin şiferlə yenidən qurulması işləri aparılır.

Hesabat dövründə 12 yaşayış binasında aşağı şəbəkə üzrə içməli su və kanalizasiya xətləri təmir edilmiş, daha 16 binada zirzəmilərin qurudulması işləri aparılmışdır. Bununla da, son 6 ildə zirzəmisi bərk və maye məişət tullantılarından təmizlənmiş yaşayış binalarının sayı 700-ə çatmışdır. Hündürmərtəbəli yaşayış binalarında yeni 3 lift quraşdırılaraq sakinlərin istifadəsinə verilmiş, bununla da, şəhər üzrə mövcud 586 liftdən 565-i işlək vəziyyətə gətirilmişdir.

Ötən müddətdə daha 50 yaşayış binasının fasad divarları əsaslı təmir edilərək rənglənmişdir. Son illər ərzində 260-dan çox binanın xüsusi layihələrə əsasən zövqoxşayan rənglərlə boyanması şəhərin memarlıq görkəminə yaraşıq gətirmişdir.

Qış mövsümünə hazırlıq yalnız mənzil fondunun sağlamlaşdırılması ilə məhdudlaşmır, sakinlərin gündəlik istifadəsində olan küçələrin, məhəllədaxili yolların təmiri, park, xiyaban, səki və meydanların abadlaşdırılması, yaşıllıqların salınması böyük əhəmiyyət kəsb edir.

Ötən 9 ayda şəhərin məhəllə, mikrorayon və küçələrində 100 min kvadrat metrədək yeni asfalt örtüyü qoyulmuşdur. 2003-cü ildən etibarən küçə və prospektlərdə, həmçinin məhəllədaxili ərazilərdə ümumilikdə 3,4 milyon kvadrat metrdən çox sahədə təmir işləri aparılaraq, asfalt örtüyü yenisi ilə əvəzlənmişdir.

Cari il ərzində Bakı və Çerkassı küçələrinin yenidən qurulması, genişləndirilməsi, istirahət parklarının və yaşıllıqların salınması istiqamətində layihə-sənədləşmə və hazırlıq işləri aparılmışdır.

2003-cü ildən etibarən Sumqayıt şəhərində ucaldılan yeni memarlıq abidələrinin, yaradılan yeni mədəniyyət ünvanlarının davamı olaraq sentyabr ayında Azərbaycan milli musiqisinin banisi Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilmişdir. Yeni abidə kompleksi dahi bəstəkarın adını daşıyan küçədə qoyulacaq, ətraf ərazilər abadlaşdırılmaqla şəhərimizdə növbəti istirahət guşəsi yaradılacaqdır.

Son illər əhalinin daha sıx məskunlaşdığı yaşayış massivlərində, xüsusilə şəhərin mikrorayonlar hissəsində salınmış yeni parklar, abadlaşdırılmış xiyabanlar sakinlərin rahat istirahətinə şərait yaratmışdır. 13-cü mikrorayonda Babək küçəsi boyu, 10-cu mikrorayonda Qarabağ kinoteatrının yanında, 47-ci məhəllə ərazisində istirahət guşələri yenidən qurulmuş, 17 və 21-ci mikrorayonlarda yeni parkların salınması üzrə hazırlıq işlərinə başlanılmışdır.

Yaxın müddətdə N.Nərimanov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən sahədə yeni istirahət guşəsinin salınması üzrə əsaslı təmir işləri başa çatdırılacaq, yeni fəvvarə quraşdırılacaq.

Hacı Zeynalabdin qəsəbəsinin girişində geniş ərazidə yeni park salınmış, müasir işıqlandırma sistemi quraşdırılmış, oturacaqlar qoyulmuş, hazırda son tamamlama işləri aparılmaqdadır. Şəhərin girişindəki Tərəqqi parkının bərpası işləri yekunlaşdırılmışdır.

Şəhərin küçə və meydanlarının, park və xiyabanlarının davamlı və stabil işıqlandırılması gecə saatlarının çoxluq təşkil etdiyi qış mövsümündə xüsusilə vacibdir. Bu məqsədlə hesabat dövründə 150 ədəddən çox yeni dekorativ və dəmir dirəklər basdırılmış, 15.000 p/m uzunluğunda yüksək keyfiyyətli kabel xətləri çəkilmişdir.

Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən biri də mənzil sıxlığının aradan qaldırılması məqsədilə yeni, müasir hündürmərtəbəli yaşayış binaların tikintisidir və bu da yaxın illərdə şəhərin mənzil fondunun artırılmasına öz müsbət töhfəsini verəcəkdir.

Müasir memarlıq üslubuna uyğun aparılan bu inşaat işləri ilə yanaşı, təəssüf ki, şəhərimizdə qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi hallarına da rast gəlinir. Hesabat dövrü belə hallarla mübarizə baxımından məhsuldar olmuşdur. 2009-cu ilin 9 ayı ərzində şəhər ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən qeyri-qanuni aparılan tikinti-quraşdırma işlərinin vaxtında aşkar olunması, qarşısının alınması, tikinti norma və qaydalarının kobud şəkildə pozulması ilə əlaqədar ümumilikdə 200-dən çox akt tərtib edilərək hüquq-mühafizə orqanlarına və şəhər İcra hakimiyyəti başçısı yanında inzibati komissiyaya təqdim edilmişdir. Hüquq-mühafizə orqanlarının iştirakı ilə aparılan tədbirlər nəticəsində şəhərin müxtəlif ərazilərində 80-dək qanunsuz tikinti işlərinin dayandırılması, ümumilikdə 210-dək qeyri-qanuni tikilinin söküntüsü təmin edilmişdir.

Cari ilin ötən dövründə bir sıra mühüm sosial obyektlər, o cümlədən şəhərin mərkəzində yeni inşa olunmuş Ağsaqqallar evi istifadəyə verilmişdir. İki mərtəbədən və geniş iclas zalından ibarət olan bu bina şəhərin yaşlı sakinləri üçün həm iş yeri, həm də istirahət guşəsidir. Şəhər Maliyyə İdarəsi və Dövlət Enerji Nəzarət İdarəsinin Sumqayıt sektoru üçün yeni tikilmiş inzibati binalar dövlət qulluqçularının iş şəraitinin yaxşılaşdırılmasında vacib rol oynamışdır.

Qış mövsümünə hazırlıq ilk növbədə kommunal xidmətlər sektorunda problemlərin aradan qaldırılmasını tələb edir. Bu mənada, hesabat dövründə əhalinin su, təbii qaz, elektrik və istilik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Ötən əsrin 40-cı illərində istismara verilən Hacı Zeynalabdin qəsəbəsindən şəhərə çəkilmiş 10 km uzunluğunda şollar su xəttinin Prezident İlham Əliyevin tapşırığı və bilavasitə köməkliyi ilə yenidən qurularaq istifadəyə verilməsi şəhərin 120 mindən çox sakininin su təchizatının yaxşılaşmasına ciddi təsir göstərmişdir. 2003-cü ildən etibarən aparılan ardıcıl tədbirlərin – onlarla kilometr uzunluğunda yeni çəkilmiş su və kanalizasiya xətlərinin, əsaslı təmir olunmuş magistral kəmərlərin, yenidən qurulmuş nasos stansiyalarının nəticəsi olaraq, hazırda Sumqayıt şəhərində əhalinin içməli su ilə təchizatında problemlər aradan qaldırılmışdır.

Lakin içməli su təsərrüfatında işlədilən suyun dəyərinin ödənişində arzuolunmaz vəziyyət hələ də qalmaqdadır. Bu problemin həlli məqsədilə şəhər İcra hakimiyyətində müntəzəm müşavirələrin keçirilməsinə, geniş müzakirələrin aparılmasına baxmayaraq hələ ki, istənilən nəticəni əldə etmək mümkün olmamışdır. 2009-cu ilin 9 ayında su haqqının ümumi ödəniş faizi 65,1 faiz təşkil etməklə, keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artsa da, bu nəticə qənaətbəxş hesab edilə bilməz. Hazırda şəhərin əhali abonentlərinin cəmi 53,6 faizi sayğacla təmin olunub ki, bu da problemin başlıca səbəblərindən biri hesab olunmalıdır.

Buna görə də su təsərrüfatı işçiləri içməli su sərfiyyatının nisbətən azaldığı qış aylarından səmərəli istifadə etməli, sayğacların quraşdırılmasını sürətləndirməli, sərfiyyatın uçotunu təkmilləşdirərək israfçılığın qarşısını almalı, ödəniş faizlərinin artırılmasında ciddi dönüş yaratmalıdırlar.

Cari ilin 9 ayı ərzində şəhərə verilən elektrik enerjisinin etibarlılığını və gərginliyin stabilliyini təmin etmək məqsədilə müxtəlif güclü yeni transformatorlar quraşdırılmış, 30 km-dən çox hava elektrik veriliş xətləri və kabel xətləri əsaslı təmir edilmiş, 50 km-dək yeni SİP kabeli çəkilmişdir. Abonentlərin sayğaclarla təmin olunması işləri davam etdirilmiş, əlavə 2500 ədəd elektrik enerjisi sayğacı quraşdırılmışdır. Bütün bu tədbirlər enerji sərfiyyatına nəzarət etməyə imkan vermiş, israfçılığın qarşısını almış və nəticədə əhali abonentlərinə satılan elektrik enerjisinin dəyərinin ödənişi 100 faiz təşkil etmişdir.

Şəhər əhalisini təbii qazla daha dolğun surətdə təmin etmək məqsədilə ötən 9 ayda qaz təsərrüfatı sahəsində bir sıra işlər görülmüş, qaz təchizatının yaxşılaşdırılması üçün müxtəlif diametrli 500 p/metr uzunluğunda yeni qaz xətləri çəkilmişdir. Sumqayıt şəhəri və ətraf qəsəbələrdəki yaşayış fondunda yeni qaz sayğacları, həmçinin ötən müddətdə 2400 ədəd smart kart tipli sayğaclar quraşdırılmışdır. Son aylarda istifadə edilən təbii qazın dəyərinin ödəniş faizinin qismən də olsa aşağı düşməsi qaz təsərrüfatı rəhbərliyini düşündürməli, sakinlərlə iş gücləndirilməlidir.

Ötən illərin təcrübəsindən çıxış edərək, qış aylarında dəm qazı ilə zəhərlənmə və qaz sızmalarının baş verməsi kimi xoşagəlməz və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə artıq indidən əhali ilə iş aparılmalı, qaz cihazlarının təhlükəsiz istismarı ilə bağlı lazımi maarifləndirmə tədbirləri görülməlidir.

Hesabat dövründə “Sumqayıtistiliktəchizat” idarəsi tərəfindən şəhərin əksər sosial obyektlərinin və bir çox inzibati binalarının istiliklə təmin edilməsi məqsədilə müəyyən işlər görülmüşdür. İstilik təminatını yaxşılaşdırmaq məqsədilə ümumilikdə 11 qazanxanada təmir işləri yerinə yetirilmiş, hazırda 6 ədəd modul tipli daşınan qazanxanalarda profilaktik təmir işləri yekunlaşdırılır.

İstilik təsərrüfatında, sözsüz ki, qarşıda duran əsas vəzifə yaşayış binalarının istiliklə təchizatı üzrə tədbirlərin gücləndirilməsi və bu sahədə müntəzəm artım dinamikasının əldə olunmasıdır.

Kommunal xidmətlərlə bağlı vəziyyəti ümumiləşdirərək qeyd etməliyik ki, hazırda əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təchizatında heç bir problem yoxdur. Kommunal sektorun rəhbərləri qarşıdakı aylarda enerji israfçılığına nəzarəti gücləndirməli, yığım haqlarını hazırkı yüksək səviyyədə saxlamağa çalışmalı, lakin bütün hallarda enerji ilə təchizatın fasiləsizliyini təmin etməli və qəzalar operativ şəkildə aradan qaldırılmalıdır.

Yarandığı gündən sənaye mərkəzi kimi təşəkkül tapmış Sumqayıtda yeni yaşıllıq sahələrinin salınması daim prioritet istiqamətlərdən olmuşdur. Yalnız 2003-cü ildən ötən qısa müddət ərzində şəhərin ayrı-ayrı yerlərində 100 minə yaxın yeni ağac əkilmişdir. Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26 kv. metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Yaşıllıq sahələrinin qorunması, suvarılması, genişləndirilməsi və yeni dekorativ bitkilərin əkilməsi hesabat dövründə də davam etdirilmişdir. Ötən həftə Nazirlər Kabinetinin geniş iclasında cənab Prezident tərəfindən gələn ilin “Ekologiya ili” elan olunması təşəbbüsünü əsas götürərək, şəhər ərazisində yaşıllıq sahələrinin artırılması və onlara qulluq göstərilməsi ilə bağlı tədbirlər planı yenidən nəzərdən keçirilməlidir.

Şəhərin ekoloji təmizliyi və ətraf mühitin mühafizəsi baxımından Sumqayıtda bərk məişət tullantılarının idarə olunması sahəsində həyata keçirilən tədbirlər xüsusi rol oynayır. 2009-cu ilin əvvəlindən fəaliyyətə başlayan Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən əhalinin sıx məskunlaşdığı şəhərin mərkəzi hissəsində 220 stasionar məntəqə, fərdi yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdə isə siqnal sistemi vasitəsilə sakinlərə geniş xidmət şəbəkəsi qurulmuşdur. Bununla yanaşı, 3000-dək hüquqi və fiziki şəxslə müvafiq xidmətin göstərilməsinə dair müqavilələrin bağlanılması, təyinatından asılı olmayaraq bütün qurumların məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərlə təchiz olunması şəhərin təmizliyinə əhəmiyyətli təsir göstərmişdir.

Qısa müddət ərzində Sahil və Çerkassı küçələri, eləcə də şəhərin ekoloji vəziyyətinə mənfi təsir göstərən “Acı dərə” kanalının 1,2 km-lik hissəsi illərlə yığılıb qalmış məişət tullantılarından təmizlənmiş, Xəzər dənizi sahili ərazisi sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə nəzarətə götürülmüşdür.

Ötən müddətdə tullantıların daşınıb zərərsizləşdirilməsi üçün nəzərdə tutulan məişət tullantıları poliqonunun xəritə üzrə sərhədləri müəyyənləşdirilmiş, üçdə bir hissəsi hasara alınmış, tullantıların mütəşəkkil yerləşdirilməsi üçün meydançalar hazırlanmışdır. Yaxın perspektivdə bizim qarşımızda duran əsas vəzifə məişət tullantılarının idarəçiliyi prosesinin tamamlanması, yəni tullantıların çeşidlənməsi və təkrar emalı müəssisəsinin yaradılmasıdır.

Hesabat dövründə şəhərdaxili, şəhərətrafı və şəhərlərarası sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Şəhərin müxtəlif ərazilərindən pərakəndə şəkildə Bakıya sərnişin daşıyan nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş qaydada şəhər avtovağzalından hərəkəti təmin edilmişdir. Şəhərlərarası və bir neçə şəhərdaxili marşrutlarda istismar müddətini başa vurmuş kiçik tutumlu mikroavtobuslar iri tutumlu müasir avtobuslarla əvəz edilmişdir.

Nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində əsas tədbirlərdən biri də şəhərdə yeni avtobus dayanacaqlarının quraşdırılmasıdır. Artıq şəhər üzrə dayanacaqların dislokasiyası müəyyən edilmiş və şəhərin mərkəzi hissələrində yeni, müasir konstruksiyaya malik avtobus dayanacaqlarının quraşdırılması işinə başlanılmışdır. Cari ilin sonuna kimi ümumilikdə 65 belə dayanacağın qoyulması nəzərdə tutulub ki, bu həm nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsinə, həm də ictimai nəqliyyatdan istifadə edən sakinlərin rahatlığına xidmət edəcəkdir.

Şəhər təsərrüfatının bütün sahələri üzrə vəziyyətin təhlili göstərir ki, şəhərdə qış mövsümünə hazırlıqla bağlı əsas tədbirlər yerinə yetirilmişdir. Görülmüş işlərin miqyası və keyfiyyəti cari ildə də qış aylarında Sumqayıtın ciddi problemlərlə qarşılaşmayacağını deməyə əsas verir. Bununla belə, hər bir müəssisə və təşkilat rəhbəri qarşıdakı mövsümə ciddi hazırlaşmalı və şəhər sakinlərinin hər bir probleminə operativ və məsuliyyətli yanaşmalıdırlar.

Hörmətli yığıncaq iştirakçıları!

Hesabat dövrü təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrində, şəhərin ictimai həyatında bir sıra tədbirlərlə zəngin olmuşdur. Tədbirlər əsasən, Sumqayıtın 60 illik yubileyi çərçivəsində təşkil edilmişdir ki, bu da öz növbəsində onları daha da yaddaqalan etmişdir.

Son 6 il ərzində şəhərin təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tədris korpuslarının tikintisi və təhsil şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərin davamı olaraq cari ildə 19 nömrəli məktəb üçün 600 yerlik tədris korpusunun tikintisi başa çatdırılmış, 42 nömrəli məktəb üçün tikilmiş yeni bina istifadəyə verilmişdir.

Şəhərin yubileyinə hazırlıq işləri daxilində Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır və hazırda mərkəzin texniki təchizatı işləri aparılır. 1 nömrəli Uşaq Gənclər İdman Məktəbində və Şahmat məktəbində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Mart ayının əvvəlində respublikanın bütün şəhər və rayonlarının təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin səyyar Kollegiya İclası Sumqayıtda keçirilmiş, Sumqayıt Təhsil şöbəsinin müsbət iş təcrübəsi təhlil edilmiş, fəaliyyəti bəyənilmiş, qazanılmış qabaqcıl təcrübənin respublikada yayılması barədə qərar çıxarılmışdır. Sözsüz ki, bu ilk növbədə Sumqayıta, onun təhsil sisteminə verilən çox böyük qiymətdir.

Ümumtəhsil məktəblərinin yaradıcı şagirdlərinin şeir və rəsm əsərlərindən ibarət “Qanadlandıq uçmağa” almanaxının 10-cu nömrəsi nəşr edilmişdir. Şəhərin yubileyi münasibətilə kitabın Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdimat mərasimi keçirilmişdir.

Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə məktəblilər arasında inşa və rəsm müsabiqələri keçirilmiş, şagirdlərin inşa yazılarından ibarət “Müdriklərin müdriki, dahilərin dahisi” adlı toplu hazırlanmışdır.

Şəhər rəhbərliyinin təşəbbüsü ilə ötən ildən təşkil olunan “Gənc informatiklər” müsabiqəsi bu il Sumqayıtın 60 illiyinə həsr olunmuş, bu nüfuzlu bilik yarışı məktəblilərin istedadının aşkarlanmasında və həvəsləndirilməsində böyük rol oynamışdır.

Ənənəvi olaraq təşkil edilən yay düşərgələri bu il Sumqayıt şəhərinin 60 illiyinə və “Uşaq ili”nə həsr olunmuş, bu düşərgələrə şəhərin 46 məktəbindən 2300 nəfərə yaxın şagird cəlb edilmişdir. Bu il şagirdlər üçün Quba rayonuna ekskursiyalar təşkil edilmiş, oradakı Heydər Əliyev, tarix və diyarşünaslıq muzeyləri, həmçinin 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı əyani şəkildə göstərən kütləvi məzarlıqla tanış olunmuş, bu da şagirdlərin mənəvi tərbiyəsində xüsusi rol oynamışdır.

Bu il ali məktəblərə sənəd verən abituriyentlərimizin 40,8%-i tələbə adını qazanmışdır. Bu həm 2006-cı ildən şəhər üzrə qəbul faizində müşahidə olunan müsbət dinamikanın davam etməsi, həm də 2003-cü ildən etibarən qeydə alınmış ən yüksək göstərici olmuşdur. 101 nəfər məzun qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək 600-dən çox bal toplamışdır. Onlardan 26 nəfəri isə 650-dən çox bal toplamışdır.

Ali məktəblərə qəbul olunmuş hər bir tələbəyə şəhər İcra hakimiyyəti başçısının təbrik açıqcaları çatdırılmış, yüksək bal toplamış məzunlarla şəhər İcra hakimiyyətində görüş keçirilmiş və onlara pul mükafatı verilmişdir. “Kimyaçı” mədəniyyət sarayında “Tələbə adın mübarək” adlı konsert təşkil olunmuşdur.

Şagirdlərin və məzunların yüksək nailiyyətləri pedaqoji kollektivin və inzibati heyətin uğurları ilə müşayiət olunmuş, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən və “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrində şəhərimizin 10 müəllimi və 3 məktəb – 1 nömrəli, 11 nömrəli məktəblər və “Təfəkkür” liseyi qalib adını qazanmışdır.

Hesabat dövrü səhiyyə sistemində də Sumqayıt şəhərinin 60 illik yubileyi ilə əlaqədar olaraq keçirilmiş tədbirlər baxımından əlamətdar olmuşdur. İyunun 17-də – tibb işçilərinin peşə bayramı günündə “Sumqayıt səhiyyəsi 60 ildə” adlı konfrans keçirilmiş, bayram konserti təşkil edilmişdir. Sentyabr ayında “Hepatitə yox deyək” şüarı altında dünyanın tanınmış alimlərinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilmiş elmi-praktik konfrans respublika miqyasında böyük marağa səbəb olmuşdur.

Görülmüş tədbirlər nəticəsində vaxtilə Sumqayıt şəhərində respublika göstəricilərindən yüksək olan uşaq ölümü göstəricisi hazırda orta respublika göstəricisindən xeyli aşağı olmuşdur.

Səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üzrə Uşaq xəstəxanasında başlanan əsaslı təmir işləri davam etdirilir, xəstəxana üçün bir neçə müasir tipli tibbi avadanlıq alınmışdır.

Şəhərin yubiley tədbirləri çərçivəsində Bakıda Muzey Mərkəzində Sumqayıt rəssamlarının və tətbiqi sənət ustalarının əsərlərindən və əl işlərindən ibarət “Xəzərin rəngləri” adlı sərgi keçirilmiş, uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird kollektivlərinin paytaxtın müxtəlif musiqi və incəsənət məktəblərində konsertləri təşkil edilmişdir.

Dövlət Rəsm Qalereyasında şəhərin baş rəssamı Vaqif Nəzirovun fərdi sərgisi ilə yanaşı, Almaniya Səfirliyi tərəfindən beynəlxalq uşaq və gənclər kitab sərgisi, həmçinin sentyabr ayında I Ümumrespublika Dekorativ-Tətbiqi sənət Festivalı çərçivəsində sərgi keçirilmişdir.

H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı Ulu öndərimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş Aqşin Babayevin “Xilaskar” tamaşası ilə Bakı və Gəncə şəhərlərində, Abşeron və Ucar rayonlarında uğurlu qastrol tamaşaları göstərmişdir.

“Sumqayıtı vəsf edən ən yaxşı şeir”, “Sumqayıta həsr olunmuş ən yaxşı mahnı” müsabiqələrinə yekun vurulmuş, qaliblər mükafatlandırılmış, “Həzin nəğmələrdə yaşayan şəhər” adlı poeziya almanaxının təqdimatı keçirilmişdir.

Cari ildə Səməd Vurğun adına Mərkəzi kitabxana əsaslı təmirdən sonra yeni müasir inventarlarla tam təchiz edilərək oxucuların istifadəsinə verilmişdir. Kitabxanada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibətilə oxucu konfransı, “Prezident İlham Əliyev və mədəniyyət. 2003-2008” kitabının elektron versiyasının təqdimat mərasimi keçirilmişdir.

Şəhərin Tarixi Muzeyinin əsaslı təmiri başa çatdırılmışdır. Hazırda muzeydə bədii tərtibat işlərinin aparılması, yeni ekspozisiyanın qurulması, inventar və avadanlıqların alınması işləri gedir. Bülbül adına Uşaq İncəsənət Məktəbinin bir hissəsində əsaslı təmir işləri yekunlaşdırılmış, N.Nərimanov adına mədəniyyət evinin təmiri isə davam etdirilir.

2009-cu ilin 9 ayında gənclərin fiziki və mənəvi cəhətdən sağlam tərbiyəsi, onların intellektual səviyyəsinin artırılması və Sumqayıtın güclü gənclər potensialının səmərəli reallaşdırılması yönündə mühüm tədbirlər həyata keçirilmişdir.

Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununda, eləcə də respublika üzrə təşkil olunan “Xəmsə” milli intellektual oyununda gənclərimiz yüksək nəticələr göstərmişdir.

Cari ildə şəhərdə yeni müasir “Term” İdman Kompleksi tikilərək istifadəyə verilmiş, 17-ci mikrorayon ərazisində Olimpiya İdman Kompleksində tikinti işləri davam etdirilmişdir.

Şəhər İcra hakimiyyəti aparatında ötən ildən istifadəsinə başlanılan avtomatlaşdırılmış idarəetmə və elektron sənəd dövriyyəsi sistemi sakinlərlə şəhər rəhbərliyi arasında ünsiyyətin sadələşdirilməsi və birbaşa əlaqə imkanı yaradılması baxımından əhalinin böyük marağına səbəb olmuşdur. Hesabat dövründə daha bir yenilik tətbiq olunmuş, respublikamızda ilk dəfə olaraq Sumqayıt şəhər İcra hakimiyyətində sakinlərlə internet forum təşkil edilmişdir. Şəhər rəhbərliyi ilə sakinlər arasında birbaşa canlı ünsiyyətin yaradılmasına xidmət edən bu internet-forum qısa müddətdə nəinki sumqayıtlılar, ümumilikdə respublikamızın internet istifadəçiləri tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Cari ilin iyun ayında istifadəyə verilmiş Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası Azərbaycanda açılan ilk belə təlim mərkəzi olmaqla, gələcəkdə şəhərdə İKT-nin inkişafına öz mühüm töhfəsini verəcəkdir. Gənclər və İdman baş İdarəsinin, şəhər Təhsil Şöbəsinin zəngin internet resursları, həmçinin Mərkəzi Kitabxanada informasiya proseslərinin avtomatlaşdırılması, elektron kitabxana və elektron kataloqların yaradılması üzrə işlər də öz növbəsində gənclərdə bu sahəyə marağı artırmışdır.

2009-cu ilin 9 ayı Sumqayıt şəhərinin xarici əlaqələrinin inkişafı baxımından xüsusilə zəngin olmuşdur. Belarus Respublikasının Mogilyov şəhəri ilə tərəfdaşlığın ən yüksək səviyyəsi – qardaşlaşmış şəhərlər əlaqəsinin qurulması haqqında Müqavilə imzalanmışdır. Nümayəndə heyətlərimiz həmçinin Gürcüstanın Rustavi və Almaniyanın Lüdviqshafen şəhərlərinə işgüzar səfərlər etmiş, əlaqələrin inkişafına dair müzakirələr aparılmışdır.

Cari ilin sentyabr ayında Avstriya Respublikasının Lints şəhərinin merinin dəvəti ilə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdə olmuşdur. Səfər zamanı şəhərlər arasında kommunal təsərrüfat, gənclərlə iş, biznesin inkişafı, təhsil və mədəniyyət sahələrində təcrübə mübadiləsi üzrə böyük əməkdaşlıq potensialının olduğu və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

2 oktyabr 2009-cu il tarixdə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimində “Sumqayıt şəhəri və Aktau şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə” imzalanmışdır.

Cari ilin doqquz ayı Sumqayıtda sosial-iqtisadi sahələrdə əldə edilmiş uğurlar, reallaşdırılmış çoxsaylı layihələr və maraqlı tədbirlərlə zəngin olmuşdur. Artıq yubiley ili ərzində nəzərdə tutulan tədbirlər planının mütləq əksəriyyəti icra olunmuşdur. Qarşıda bizi yubileyin yekunu ilə bağlı silsilə tədbirlər, həmçinin mühüm siyasi kampaniya olan bələdiyyə seçkiləri gözləyir. Hesab edirəm ki, yubileylə, həmçinin seçkilərin keçirilməsi ilə bağlı qarşıdakı bütün tədbirlərdə sumqayıtlılar həmişə olduğu kimi böyük mütəşəkkillik və fəallıq nümayiş etdirəcək, yubiley tədbirlərinin maraqlı, məzmunlu, seçkilərin isə tam demokratik, şəffaf keçirilməsi üçün bütün səylərini birləşdirərək yerli özünüidarəetmə orqanlarına ən layiqli namizədləri seçəcəklər.

Hörmətli tədbir iştirakçıları!

Əldə olunan bütün uğurların əsasında, sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı naminə həyata keçirdiyi yorulmaz səyləri və dövlət başçımızın şəhərimizə göstərdiyi xüsusi diqqəti, qayğısı dayanır. Məhz bu diqqət və qayğı bizi yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırır. Biz bundan sonra da Sumqayıtın çiçəklənməsi, abadlaşması, yeni istehsal sahələrinin yaradılması və son nəticədə sakinlərin rifah halının daha da yaxşılaşdırılması istiqamətində bütün qüvvələri səfərbər edərək əlimizdən gələni əsirgəməyəcəyik.

Mən Sizlərin hər birinə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsində tükənməz enerji və böyük müvəffəqiyyətlər arzulayıram!

Diqqətinizə görə sağ olun!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər