2012-ci il başa çatır. Bir az da konkretləşdirsək, bizi 2013-cü ildən cəmi üç gün ayırır. Arxada qoyduğumuz il ərzində bir idman təsərüfatımızda bir sıra maraqlı hadisələr yaşandı. Bəs görəsən, 2012-cu il Azərbaycan idmansevərlərinin yaddaşında daha çox hansı hadisələrlə qaldı? Hər halda, 2012-ci ilin əsas idman hadisələrinə nəzər salmaq maraqlı olardı.
2012-ci il “idman ili” elan olundu
İlin əvvəlində ölkə prezidentinin 2012-ci ili “idman ili” elan etməsi sona çatmaqda olan ilin ən önəmli idman hadisələrindən idi. Azərbaycan idmançılarının dünya və Avropa miqyasında əldə etdiyi uğurlar, ölkəmizdə yaradılan nəhəng idman infrastrukturu artıq idman ilinin elan olunması vaxtının yetişdiyini göstərirdi. Həm də nəzərə alsaq ki, bu il Olimpiyada ili idi, onda dövlət başçısı tərəfindən 2012-ci ilin “İdman ili” elan olunmasının nə qədər mühüm və vacib qərar olduğunu daha yaxşı dərk etmiş olarıq. Əslində, son 15 ili nailiyyətlər baxımından, demək olar ki, idman ili adlandırmaq olar. Həm də biri digərini uğurla əvəzləyən bu illər artan uğurlara görə idman salnaməmizə həkk olunub. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Bu gün ölkəmiz böyük quruculuq işlərinin həyata keçirildiyi məkana çevrilib. Paytaxtla yanaşı, hər bir bölgədə bu quruculuq işlərini müşahidə etmək mümkündür. Həmin tikinti-quruculuq işlərinin tərkib hissəsi kimi, Azərbaycanda güclü və müasir idman infrastrukturu formalaşdırılıb. 30-dan çox Olimpiya İdman Kompleksinin bölgələrdə inşa edilərək idmançıların ixtiyarına verilməsi dünya miqyasında görünməmiş hadisədir. Məlum olduğu kimi, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idmanı inkişaf etdirmək üçün ilk növbədə idman infrastrukturunun yaradılmasının vacib olduğunu vurğulayaraq bu sahəyə xüsusi diqqət ayırdı. Bu siyasətdə xüsusi məqam isə ondan ibarət oldu ki, dövlət başçısı bu inkişafın paytaxtla məhdudlaşmasını istəməyərək onun bütün ölkəyə yayılmasını, idmanın kütləviləşdirilməsini təmin etdi. Nəticədə isə güclü idman bazası həm paytaxtda, həm də bölgələrdə yaradıldı və bu proses davam etməkdədir. Azərbaycan gəncləri müasir Olimpiya İdman komplekslərində idmanla məşğul olaraq sağlam nəsil kimi formalaşırlar. Əldə edilən nəticələr, yaradılan infrastruktur, idmançılarımızın qazandıqları medallar, Bakının dünyanın idman mərkəzlərindən birinə çevrilməsi dövlət siyasətinin nə qədər doğru olduğunu göstərir..
30-cu Olimpiadada 30-cu yer
2012-ci ilin ən mühüm idman hadisəsi Londonda keçirilən Yay Olimpiadası oldu. Artıq tarixin yaddaşına köçmüş XXX London Yay Olimpiadası Azərbaycan idmançıları üçün uğurlu alındı. Hesabında 2 qızıl, 2 gümüş və 6 bürünc olan Azərbaycan olimpiyaçıları ümumi siyahıda 30-cu yeri tutdu. Qazanılan 10 medal nəticəsində Azərbaycan Olimpiadada yeni rekord müəyyənləşdirdi. Belə ki, bunadək olimpiyaçılarımızın ən yaxşı nəticəsi Pekində qeydə alınmışdı. Həmin vaxt ölkəmiz yarışı 7 medalla başa vurmuşdu. Londonda isə medalların sayı artıq 10-a çatmaqla, yeni rekord müəyyənləşdirdi. Komandamızın heyətində bu dəfə sərbəst güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifov qızıl, Rövşən Bayramovla (yunan-Roma güləşi, 55 kq) Mariya Stadnik (qadın güləşi, 48 kq) gümüş, Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (hər ikisi boks, +91 kq), Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq), Yuliya Ratkeviç (qadın güləşi, 55 kq), Xetaq Qazyumov (sərbəst güləş, 96 kq) və Valentin Xristov (ağırlıqqaldırma, 56 kq) bürünc medal qazanıb. London Olimpiadasında qazanılan iki qızıl medalla Azərbaycanın Olimpiya Oyunlarında qazandığı qızıl medalların sayı 6-ya çatıb. Londonda 2 qızıl medalla yanaşı, qazandığımız 2 gümüş və 6 bürünc medalla isə ümumi medallarımızın sayını 26-ya çatdırıb. Bunlardan 6-sı qızıl olduğu halda, 5-i gümüş və 15-i bürüncdür. Qeyd edək ki, Azərbaycan müstəqil ölkə kimi buna qədər Atlanta-1996-da 1, Sidney-2000-də 3, Afina-2004-də 5 və Pekin-2008-də 7 medal qazanmışdı. Azərbaycan təmsilçiləri ilə bağlı daha bir maraqlı məqam isə Sərbəst güləş üzrə yığma komandamızın London Yay Olimpiya Oyunlarının ən yaxşısı seçilməsi oldu. Qeyd edək ki, hesabına 2 qızıl və 1 bürünc medal yazan yığmamız bu idman növündə dünyanın bütün ölkələrini qabaqlayaraq, ABŞ-la birlikdə zirvədə qərarlaşdı.
Paralimpiyaçılarımızdan 12 medal
Londondakı möhtəşəm qalibiyyətdən sonra paralimpiyaçılarımız da Böyük Britaniyanın paytaxtına məhz bu tarixi uğura imza atmaq üçün yollandılar. London Paralimpiya Oyunlarında 21 idmançı ilə təmsil olunan komandamız 12 medal qazandı. Paralimpiyaçılarımız 4 qızıl, 5 gümüş, 3 bürünc medalla 27-ci yeri öz adlarına yazdırmağı bacardılar
Azərbaycanda futbol üzrə dünya çempionatı keçirildi
“İdman ili”nin ən önəmli hadisələrindən biri isə 17 yaşadək qızlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi oldu. Fransa millisinin qalib olduğu dünya çempionatı milli komandamız üçün uğurlu alınmasa da, beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi olan ölkəmizin daha bir dünya səviyyəli idman yarışına ev sahibliyi etməsi Azərbaycanın idman tarixi üçün əlamətdar hadisə idi.
“Neftçi” Avroliqanın qrup mərhələsində
“Neftçi”nin ölkə futbolu tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması da, məhz bu il qazanılan uğurlardan idi. Avrokuboklar mövsümünə Çempionlar Liqasında başlayan, ardınca isə mübarizəni Avropa Liqasında davam etdirən “Neftçi”nin qrup mərhələsinə vəsiqə qazanması, eləcə də sözügedən turnirdə debüt etməsinə rəğmən aktivinə üç xal yazması, xüsusən də İtaliyaada “İnter”dən xal alması ölkə futbolunun bu ilə təsadüf edən uğurlardandır.
2016-ci ildəki Şahmat Olimpiadası Bakıda!
Başa çatmaqda olan ilin mühüm idman hadisələri sırasına Türkiyənin İstanbul şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasını da aid etmək olar. . Məlumat üçün bildirək ki, sayca 40-cı olan nüfuzlu yarışda milli komandalarımız da daxil olmaqla, planetin 158 kişi, 131 qadın yığması mübarizə apardı. Xatırladaq ki, yarışın yekunlarına əsasən, 11 turluq mübarizənin ardından Azərbaycanın kişilərdən ibarət yığması Olimpiadanı 10-cu, qızlardan ibarət millisi isə 28-ci yerdə başa vurub.
Elə həmin vaxt İstanbulda qəbul edilmiş qərar da ölkəmiz üçün ilin əsas hadisələrindən oldu. Belə ki, Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində 2016-cı il Şahmat Olimpiadasının Bakıda keçirilməsi barədə qərar qəbul olundu.
Birinci Avropa Yay Olimpiya Oyunları Bakıda keçiriləcək
Azərbaycan üçün 2012-ci ilin ən yaddaqalan idman hadisələrindən biri də 2015-ci ildə təşkil olunacaq Avropa Yay Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi barədə qərar verilməsi oldu. Qeyd edək ki, Bakının birinci Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi barədə qərar Romada keçirilən Avropa Olimpiya Komitəsi 41-ci Baş Assambleyasında qəbul olunmuşdu.
Avropa çempionatının final mərhələsi ölkəmizdə olacaq
Bu il ölkəmizin ev sahibliyi edəcəyinin dəqiqləşdiyi yeganə turnir Avropa Yay Olimpiya Oyunları olmadı. Belə ki, UEFA-nın İcraiyyə Komitəsinin martın 20-də İstanbulda keçirdiyi iclasında 17 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-17) arasında 2016-cı il Avropa çempionatının final mərhələsinin oyunlarının Azərbaycanda keçirilməyi ilə bağlı tarixi qərar çıxarıldı. Bununla da ölkəmiz daha bir mötəbər turnirə ev sahibliyi edəcəyi rəsmiləşdi.
95 qızıl, 72 gümüş və 120 bürünc
2012-ci Azərbaycan güləşçiləri üçün də yaddaqalan oldu. Son bir neçə ilə nəzər saldıqda güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artmasının müşahidə olunduğunu görürük. Sübhəsiz ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2012-ci ilin “İdman ili” elan edilməsi güləşçilərimizin də məsuliyyətini ikiqat artırıb və qazanılan nailiyyətlərin kəmiyyət və keyfiyyətinə də öz müsbət təsirini göstərib. Belə ki, il ərzində keçirilən rəsmi beynəlxalq yarışlarda (Avropa və Dünya çempionatları, Olimpiya Oyunları) yığma komandalarımızın üzvləri 71 medal qazanıblar ki, onların 23-ü qızıl, 21-i gümüş və 27-si bürünc əyarlıdır. Xatırladaq ki, 2011-ci ildə komandalarımız iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 22 qızıl, 12 gümüş, 33 bürünc – toplam 67 medal qazanmışdılar. Məlumat üçün bildirək ki, bütün yaş qrupları üzrə Azərbaycan güləşçilərinin qatıldığı bütün çempionatları və beynəlxalq turnirləri nəzərə alsaq, sona çatmaqda olan il ərzində Azərbaycan güləşçiləri ümumilikdə 287 medal qazanmışdılar ki, bunlardan da 95-i qızıl, 72-i gümüş və 120-i bürünc medaldır.
Azərbaaycanda üçüncü Avropa çempionatı
Sona yaxınlaşan il 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması ilə də yadda qaldı. Xatırladaq ki, bundan əvvəl 2005-ci ildə Bakıda bədii gimnastika üzrə dünya çempionatı, 2007-ci və 2009-cu illərdə isə bədii gimnastika üzrə Avropa çempionatları keçirilib. Görünür sözügedən turnirlərin yüksək səviyyədə təşkil olunması yenidən Azərbaycana etimad göstərilməsinə zəmin yaradıb.
Paytaxtda avtomobil yarışı həyacanı yaşandı
Bu il Gənclər və İdman Nazirliyinin və Azərbaycan Motoidman Federasiyasının dəstəyi ilə “Baku-2012 City Challenge” GT3 və Klassik Formula 1 yarışlarının ölkəmizdə təşkil olunmasını da Azərbaycan üçün önəmli idman hadisələrindən saymaq olar. Xatırladaq ki, yüksək səviyyədə təşkil olunan və üç gün davam edən yarışlar 65 televiziya kanalı vasitəsi ilə dünyanın 120 ölkəsinə yayımlandı.
83 qızıl, 125 gümüş və 182 bürünc medal
“İdman ili”ndə ölkəmizdə təşkil olunan beynəlxlaq yarışlar sırasına yeniyetmələr arasında sərbəst yunan-Roma qadın və çimərlik güləşi üzrə keçirilən dünya çempionatını, eləcə də boks üzrə tələbələr arasında dünya çempionatını da əlavə etmək olar. Sözsüz ki, 2012-ci ildə ölkəmizdə təşkil olunan yarışların və qazanılan uğurların siyahısını genişləndirmək də olar. Amma təkcə cari ilin ilk 9 ayının statistikasına nəzər salmaq kifayət edir ki, bu ilin nə qədər uğurlu keçdiyini anlamaq mümkün olsun. Belə ki, ilin ilk 9 ayında 33 ölkəmizdə olmaqla 248 beynəlxalq yarışda və 83 təlim-məşq toplanışında iştirak edən idmançılarımız dünya, qitə çempionat və birinciliklərində 83 qızıl, 125 gümüş və 182 bürünc medal əldə ediblər ki, bu da ölkə idmanının sürətli inkişafının bariz nümunəsidir.
Təntənəli yubiley tədbirləri
Bu il həm də Azərbaycan idman tarixi üçün əlamətdar olan bir sıra hadisələrin yubileylərinin keçirilməsi ilə yadda qaldı. Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyi, Prezident İlham Əliyevin Azərbaycanda Olimpiya hərəkatına rəhbərliyinin 15-ci ildönümü, Azərbaycan idmançılarının ilk olimpiya medalı qazanmasının 60-cı ildönümü, Azərbaycan idman tarixinin ən böyük şahidi, idman salnaməmizin yazılmasında mühüm rol oynamış “İdman” qəzetinin 80 illik yubileyi və digər əlamətdar hadisələrlə zəngin oldu.
Tural Məmmədov