Peşə seçimi insanın həyatında ən önəmli amillərdən biridir.
Bununla insanlar həyatlarında həm sonrakı iqtisadi vəziyyətlərini, həm ətraflarındakı mühiti seçmiş olur, həm də seçdikləri peşənin onlar üçün hansı imkanlar yaradacağını düşünürlər.
Beləliklə, peşə seçimi insanın bütün həyatına təsir edən, gələcəyini müəyyənləşdirən, təsadüflərə buraxılmayacaq qədər önəmli bir qərardır. Ona görə də bu seçimi edərkən çox düşünmək lazımdır.
Hansı peşələrə ehtiyac var?
Ancaq o da bir faktdır ki, bu gün məşhur olan peşələr zaman keçdikcə dəyərini itirir. Texnologiya, bazar mühiti davamlı dəyişir, xidmət sektorunun önəm qazanması, kompüterin bütün sektorlarda hakim olması yeni peşə sahələrinin ortaya çıxmasına səbəb olur. Amerikada aparılan bir araşdırma bəzi peşələrə hər zaman ehtiyac olduğunu, bəzilərinin isə zamanla öz yerini başqa peşəyə verdiyini ortaya çıxarıb.
Dünyada ən bezdirici və dözülməz peşələr də açıqlanıb. Belə ki, fast-food hazırlamaq, barmenlik, çağırış mərkəzlərində çalışmaq, nəşriyyat işi kimi sahələr ilk 4 sıradadır.
“Career Builder və Economic Modelinq Specialists İntl.” tərəfindən reallaşdırılan araşdırmaya görə, 2013-cü ildə əsas peşə texnologiya və mühəndislik sahələri olacaq. Mühasibat, nəzarətçi və marketinq kimi peşələri olan şəxslərin 2013-cü ildə şanslı olacaqları bildirilir. Ümumilikdə 18 peşəyə ehtiyac daha çox olacaq. Siyahıda 2013-cü ilin ən məşhur peşəsi kimi proqram tərtibatçısı yer alıb. 2010-cu ildən bu peşəyə ehtiyac 7 faiz artıb ki, 2013-cü ildə ən çox ehtiyac tələb olunan peşələr sırasındadır. İkinci sırada olan mühasibat və nəzarətçilik şirkətlərin maliyyə vəziyyətlərinin yoxlanması və vergilərin düzgün ödənməsi ilə bağlıdır ki, onlara ehtiyac 3 faiz artıb. Üçüncü yerdə olan marketinqə isə ehtiyac 10 faiz artıb. Digər yerləri isə kompüter sistemləri analitiki, insan resursları, təhsil, avtomobil, sənaye mühəndisi, ictimaiyyətlə əlaqələr, logistika mütəxəssisləri və s. tutur.
Texnologiyanın inkişafı bəzi peşələri öldürür
Bütün dünyada olduğu kimi, ölkəmizdə də peşələrin populyarlığında mövcud dəyişikliklər özünü göstərir. Bir sıra peşələr var ki, son illər daha da geniş yayılıb, digərləri isə – əksinə. Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Milli.Az-a bildirdi ki, hazırda dəbdə olan peşələr sırasına İKT liderlik edir:
“Bu, nisbətən geniş və çox işçi sayı tələb edən iş yeridir. Bank, maliyyə və sığorta sektorunda peşəkar işçilərə tələb artmaqdadır, belə iş yerlərində əmək haqqı nisbətən yüksəkdir və bəzən minimal sosial paket təqdim olunur. Mühəndisliyin ayrı-ayrı istiqamətləri də populyarlaşmaqda davam edir. Bunlar əsasən neft mühəndisliyi, cihaz, elektroenergetika ilə bağlı olan sahələrdir”.
S.Məmmədovun sözlərinə görə, dəbdən düşmüş və ya lazımsız peşələr ən çox nəşriyyat, mətbəə işlərinə aiddir. O da vurğulandı ki, 20 il əvvəl lazım olan peşələrin bir çoxuna artıq ehtiyac qalmayıb və texnologiyanın inkişafı bu sferada peşələri öldürməkdə davam edir. Ölkəmizdə bir vaxtlar daha çox dəbdə olan həkim və müəllim peşəsinə gəldikdə isə hüquqşünas deyir ki, həkim peşəsi hörmətini itirməyib, əksinə, gəlirli iş yeri sayılır. Müəllimlik isə əvvəlki kimi hörmətli olmasa da, nüfuzunu itirmiş peşə də deyil.
İnsanlar hansı peşəyə üstünlük verirlər?
Sosioloq Əhməd Abbasbəyli isə deyir ki, müxtəlif təşkilatlar tərəfindən bu sahədə qeyri-dəqiq fikirlər, monitorinqlər açıqlanır. Lazımi araşdırmalar aparılmadığından dəqiq nəticələr ortaya qoymaq mümkün olmur və ölkədə peşəkar sosioloqlar olsa da, konkret olaraq bu mövzu ilə bağlı onlara sifariş olunmur. Bəzi adamlar bu məsələyə peşəkar yanaşaraq digər araşdırmalarla müqayisəli şəkildə hər hansı mövqe ortaya qoya bilirlər.
Sosioloqun fikrincə, populyar peşələr dünyada iki istiqamətdə – çox qazanan və tələb olunan peşələrə ayrılır:
“Təbii ki, insanlar daha az stres olan, rahat, təhlükəsizlik şəraiti təmin edilən və daha çox pul qazanmaq imkanı olan peşələrə üstünlük verirlər. Son dövrlər texnologiyanın inkişafı da bu sahədə öz təsirini göstərir. Populyar peşələr içərisində proqramçılıq əsas yeri tutur. Ölkədə qanun da qəbul olunub ki, hər bir struktur öz saytını yaratmalıdır, əhaliyə elektron xidmət üçün də kifayət qədər proqramçıya ehtiyac olacaq. Bu gün bir sıra dövlət strukturlarının, o cümlədən, bələdiyyələrin əksəriyyətinin saytı yoxdur”.
Ə.Abbasbəyli bildirdi ki, dünyanın hər yerində populyar olan və qazanc gətirən peşələrdən biri hüquqşünas peşəsidir. Onun sözlərinə görə, Azərbaycanda bu peşə populyar olmaqla yanaşı, onların işlə təminatında problemlər var: “Ümumiyyətlə, dünya praktikasında dövlət məmurları o qədər də populyar peşə sayılmır. Qərbdə insanlar daha sərbəst, gəlir gətirən işlərlə məşğul olmağa üstünlük verirlər. Amma bizdə əksinə, insanlar daha çox dövlət qulluğunda çalışmağa üstünlük verirlər və gələcəkdə də bu davam edəcək”.
Sosioloq digər bir populyar peşənin xarici dil mütəxəssisi olduğunu və buna ehtiyacın getdikcə artacağını deyir: “Məsələn, bu gün ofisiant işi üçün elan verərkən belə, xarici dil bilməsi şərt kimi qoyulur. Nəzərə alsaq ki, gələcəkdə Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcək, buna tələb arta bilər”.
Bizdə birmənalı olaraq populyar sahə şou-biznesdir
Sosioloq deyir ki, tədricən həkimlərə tələb arta bilər. Bu gün özəl, tanınmış klinikaların, səhiyyə texnologiyasının inkişafını, müasir tipli klinikalarda çalışanların maaşının yüksək olmasını nəzərə alaraq bu sahəyə marağın kifayət qədər olması şübhəsizdir. Eləcə də ailə həkimlərinin tətbiqini nəzərə alsaq, daha da inkişaf edə bilər. Ə.Abbasbəylinin sözlərinə görə, dünyada elə peşələr var ki, məşhur olsa da, Azərbaycanda belə deyil: “Məsələn, ABŞ-da ən çox yayılmış peşələrdən biri sığorta agentidir ki, ölkəmizdə bu populyar deyil, amma gələcəkdə ola bilər ki, populyarlaşsın. Bundan başqa, piar-menecer adlanan peşə var ki, çox tələb olunandır. Bizdə hələ o qədər də populyar deyil, amma gələcəkdə perspektivi olmalıdır”.
Sosioloqun fikrincə, Azərbaycandakı tikinti bumu burada çalışanların peşə yönünün artmasına gətirib çıxarmalıydı: “Amma bizim araşdırmalarımız göstərir ki, tikinti şirkətlərində çalışanların heç də hamısı mütəxəssislər deyil. Ancaq bu istiqamətdə işlər gənclərin tikintiyə, memarlığa marağının artmasına gətirib çıxarır. Təbii ki, neft ölkəsi kimi bu sahədə çalışanların əmək haqlarının yüksək olması ilə bağlı 2013-cü ildə də bu sahəyə maraq göstərən insanların sayı kifayət qədər olacaq. Bundan başqa, kulinariya ilə bağlı peşələrlə bağlı maraq ola bilər. Ölkədə şadlıq evlərinin sayının çoxluğu, telekanallarda kulinariya verilişlərinin olması bu sənətə müəyyən insanların marağını artırıb”.
Sosioloq onu da bildirdi ki, bu gün birmənalı olaraq populyar sahə şou-biznesdir və yəqin ki, gələn il də bu davam edəcək, gənclər arasında 5 nəfərdən biri bu sahəyə gələ bilər: “Amma inanıram ki, yaxın gələcəkdə bu sahəyə maraq azalacaq, çünki artıq əhali doymağa başlayıb”. Jurnalist peşəsinə gəldikdə isə vurğulandı ki, 90-cı illərdə jurnalistika həddən artıq populyar idi. Bu gün internet resurslarının inkişafı, bu sahədə stabillik onu göstərir ki, bu peşəyə ən azı bugünkündən artıq maraq ola bilər. Qeyd edildi ki, ölkədə idmana diqqət və marağın artması ilə bağlı bu sahə populyarlıq yaşayacaq. /milli.az/